571
17:11
07 Noyabr 2019

Hər bir müəllim müasir tələblərə cavab verməlidir – Nazir müavini

"Hər bir müəllim yüksək mədəniyyətə malik olmalıdır. Müəllim peşəkar ola bilə bilər, amma mədəniyyəti istənilən səviyyədə olmaya bilər".

Lent.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini Firudin Qurbanov Ağdam Musiqi Kollecində müəllimlərlə görüşündə deyib.

Nazir müavini bildirib ki, müəllimlərdə öyrənməyi öyrətmək bacarığı olmalıdır. Onun sözlərinə görə, şagird və tələbələrə elə keyfiyyətlər aşılanmalıdır ki, onlar əmək bazarında özlərinə iş tapa bilsinlər.

F.Qurbanov qeyd edib ki, bu günün müəllimi müasir tələblərə cavab verməli, xarici dil bilməlidir ki, elmdə olan yeniliklərdən xəbərdar olsun:

"Hər bir müəllim öz üzərində işləməlidir. Baş verən yeniliklərdən xəbərdar olmalıdır. Bunun üçün müasir texnologiyalardan istifadə etməyi bacarmalı, xarici dil bilməlidir".

Nazir müavininin sözlərinə görə, elmi proqnozlar göstərir ki, 10 ildən sonra bu gün mövcud olan peşə və ixtisasların yalnız 20 faizinə ehtiyac olacaq. Bu gün dünyada nə qədər ixtisas varsa, 10 ildən sonra onların 80 faizinə ehtiyac qalmayacaq".

Nazir müavini qeyd edib ki, dünyada artıq bütün sahələrdə süni intelekt qəbul olunur və insanları robotlar əvəz edir:

"Ona görə də biz gəncləri elə formalaşdırmalıyıq ki, onların gələcəkdə öz ixtisasını dəyişmək bacarığı olsun".