Saxtakarlara aldanmayın: heyvan içalatı belə təmizlənməlidir - AÇIQLAMA
08 noyabr 2019 13:07 (UTC +04:00)

Saxtakarlara aldanmayın: heyvan içalatı belə təmizlənməlidir - AÇIQLAMA

 Azərbaycan mətbəxində heyvan bağırsağından istifadə olunur. Bağırsaqdan hazırlanan qidaları sevən insanlar da az deyil. Bəs bu məhsuldan istifadə edərkən mikroblardan kənar olmaq üçün bağırsaqlar necə təmizlənməlidir?

Milli Kulinariya Mərkəzinin direktor müavini Ceyran Əsgərova Lent.az-a bildirib ki,  bioməhsul sayılan heyvan bağırsağından heç bir kimyəvi qatqıdan, süni əlavələrdən istifadə olunmadan məhsullar hazırlanır: “Qaxda bağırsağın içində dolma hazırlanır. Naxçıvan bölgəsində də bağırsağın içinə doldurulan dolmalar hazırlanır. Kolbasalar (qolbasma) türk mətbəxindən gələn bir məhsuldur. Tərəkəmə həyat tərzi sürən insanlara məxsus olan bu məhsulun hazırlanmasında vaxtilə süni məhsulun istifadə olunmasına imkan da yox idi. Bağırsaqlar bütün gigiyena qaydalarına əməl olunaraq (çevrilib yuyulur və qurudulur) təmizlənir, içərisinə ət məhsulu doldurularaq hazırlanırdı”.

C.Əsgərova bildirib ki, bağırsaqlarda mikroblar çox olduğu üçün istifadəsi orqanizm üçün çox ziyanlı ola bilər. Bu baxımdan, bağırsağın düzgün emalına mütləq əməl olunmalıdır: “Söhbət bağırsağın adi yuyulmasından getmir. Texnoloji proseslərə düzgün əməl olunmalıdır. Proses steril şəkildə həyata keçirilməlidir. Təmizlənmiş bağırsaq xüsusi qələvi məhsullar-sirkə kimi üzvi turşulardan ibarət məhlullarda saxlanmalıdır. Bundan sonra müəyyən miqdar isti emal aparılmalıdır. Texnoloji cəhətdən bütün proselər düzgün yerinə yetirilməlidir ki, sonra məhsulda mikrobioloji çirklənmə olmasın”.

Qeyd edək ki,  Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu günlərdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, ev 2 m ünvanında fiziki şəxs Ramazanov Qadir Sabir oğluna məxsus bağırsaq emalı müəssisəsində yoxlama keçirib.

Xırdabuynuzlu heyvanların bağırsağının ilkin emalı zamanı baytarlıq-sanitariya qaydalarının kobud şəkildə pozulduğu aşkarlanıb. Texnoloji proseslərdə temperatur rejiminə əməl edilmədiyi, məhsulların saxlanılması üçün soyuducu kameranın olmadığı müəyyən olunub.

Yoxlama zamanı məlum olub ki, məhsulların və xammalın normativ-texniki sənədlərə, eləcə də baytarlıq normativlərinin tələblərinə uyğun olmadan emalı aparılır. Müəyyən edilib ki, baytarlıq şəhadətnaməsi olmadan müəssisəyə bağırsaq qəbul edilir və daşınır.

Heyvan mənşəli məhsulların və xammalın tədarükü, saxlanması və satışı baytarlıq ekspertizasından keçirilmədən aparılır. Məlum olub ki, heyvan mənşəli məhsullar və xammalın yoluxucu xəstəliklərə görə sağlam təsərrüfatlardan qəbul ilə bağlı sənədləri yoxdur.

 

 

 

 

# 1051
avatar

Aygün İbrahimli

Oxşar yazılar