334
15:58
05 Noyabr 2019

Mingəçevirdə antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlandı

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 - Çağrı Mərkəzinə vətəndaşlardan daxil olan məlumat əsasında agentliyin əməkdaşları Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsi 91/A ünvanında fiziki şəxs Əliyev Elşan Şirin oğluna məxsus çörək istehsalı müəssisəsinə baxış keçirib.

Bu barədə Lent.az -a qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ilkin baxış zamanı antisanitar şəraitdə, qanunsuz fəaliyyət göstərən çörək sexində istehsal olunan çörək nümunələrinin normativ texniki sənədlərin tələblərinə cavab vermədiyi, sanitariya norma və qaydaların, gigiyena normativlərinin pozulduğu, emal sahəsində istifadə edilən xammalların mənşəyinin məlum olmadığı, eləcə də temperatur rejimi gözlənilmədən saxlanıldığı, hazır məhsulların laborator müayinələrdən keçirilmədiyi və dezinfeksiya işlərinin aparılmadığı aşkarlanıb.

Müəssisədə unun ələnmədən birbaşa xəmir qarışdırıcıya töküldüyü, çörəklərin açıq havada rəflərə yığılaraq soyudulduğu müəyyən edilib.

Aşkarlanan nöqsanlarla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.