427
15:27
04 Noyabr 2019

Prokuror polkovnikə cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda ittiham edilən Dövlət Gömrük Komitəsinin keçmiş əməkdaşı Namiq Əsədovun cinayət işi üzrə məhkəmə davam edib.

APA-nın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək N.Əsədovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses gələn həftə davam etdiriləcək.

Rəsmi məlumata görə, DGK-nın Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşlarının apardığı araşdırmalar nəticəsində Bakı Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru, gömrük xidməti polkovnik-leytenantı Namiq Firudin oğlu Əsədovun "Liebherr-Azeri LLC" MMC-nin ünvanına Almaniyadan daxil olan malların gömrük rəsmiləşdirilməsini prosesini qısa müddət ərzində yekunlaşdırmaq müqabilində şirkət nümayəndəsindən qeyri-qanuni olaraq 350 manat tələb etdiyi müəyyən edilib. O da məlum olub ki, N.Əsədov şirkət nümayəndəsinə tələb etdiyi qeyri-qanuni vəsaiti birbaşa deyil, broker şirkətlərində kompüter operatoru vəzifəsində çalışan şəxslər vasitəsilə çatdırmağı tapşırıb. Lakin Daxili Təhlükəsizlik İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində N.Əsədovun əməli ifşa edilib. Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə N.Əsədov tutduğu vəzifədən azad edilib. Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğuna göndərilib və daha sonra barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.