
Şəkər xəstələri mədəkiçiltmə əməliyyatı oluna bilərmi? - VİDEO
18 yaş və 137 kiloqram çəki. Aşırı piylənmədən əziyyət çəkən gənc xanım və mütəxəssislərin rəyi ilə mədənin boylama rezeksiyası...
Məlumat üçün deyək ki, 2025-ci ilə qədər piylənməyə görə əziyyət çəkən xəstələrin sayının 2 dəfə artacağı gözlənilir. Piylənmədən əziyyət çəkənlər arasında II tip şəkərli diabeti olanların sayı isə kifayət qədərdir. Bu rəqəmin 2015-ci ildə 415 milyon insanı əhatə edəcəyi bildirilir. 2040-cı ilə isə 642 milyon insanın piylənmə nəticəsində əmələ gələn II tip şəkərli diabetdən əziyyət çəkəcəyi proqnozlaşdırılır.
Maraqlıdır, aşırı piylənməsi olan ikinci tip şəkərli diabet xəstələrində mədənin boylama rezeksiyası əməliyyatının əhəmiyyəti varmı? Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, Laparoskopik Bariatrik və Metabolik cərrah Taryel Ömərov suallarımızı əməliyyat masasından canlı olaraq cavablandırır: “Pasientdə şəkərli diabet yoxdur. Amma insulin rezistentliyi var. Mədənin boylama rezeksiyası bu insanlarda daha sağlam orqan saxlamaq imkanları verir bizə. Söz yox ki, burada bir az qorxular var. Əgər sağlamamsa, mədəmi niyə kiçildim? Bədən kütlə indeksi 110, 120, 150 kq olan insanlarda piylənmənin zədələmədiyi heç bir orqan qalmır”.
Mütəxəssis deyir ki, aparılan epidemioloji araşdırmalar əhali arasında piylənmənin yayılmasının epidemiya halına çevrildiyini göstərir: “Son iki ildə pasient dieta və idmanla arıqlamağa cəhd edibsə və bu cəhd uğursuz alınıbsa, o zaman mütləq şəkildə bariatrik-metabolik cərrahiyə əməliyyatlardan biri seçilməlidir. Nəyə görə biri? Eyni bədən kütlə indeksinə malik birində şəkərli diabet var, digərində yoxdursa, onda fərqli əməliyyat növü seçilməlidir. Birində mədənin boylama rezeksiyası fantastik effekt verə bilir arıqlama baxımından. İkincisində isə şəkərli diabetin enməsi ilə bağlı effekt verməyə bilər deyə, mütləq mədə şuntlama əməliyyatları həyata keçirməliyik”.
Bəs bu halda əməliyyat riski nə qədərdir?
“İstər mədə şuntlama deyilən by-pass əməliyyatları ki, ikinci tip şəkərli diabetin müalicəsində, istər digər əməliyyatların hər birində mədə hər hansı bir cərrahi müdaxiləyə məruz qalır. Şəkərli diabetli xəstələrdə ilkin olaraq ciddi dəqiqləşdirməyə ehtiyac var. Məsələn, şəkər xəstəliyi dediyimiz diabetin hansı növüdür? Tip-1, yoxsa tip 2-dirmi? Pasient hansı dərmanları içir, kontrolu olubmu? Dinamik endokrinoloji kontrolda qalırmı? Bu çox önəmlidir. Eyni zamanda əməliyyata alınan pasientin şəkərli diabetlə yanaşı, digər xəstəlikləri də, yaşı və cinsi də risk qrupuna daxildir. Çünki şəkərli diabet orqanların fəaliyyətinə çox ciddi şəkildə təsir edir”.
Mütəxəssis birinci tip şəkərli diabet xəstəliyinin dünyada cərrahi müdaxilə ilə aradan qaldırılması əlamətinin olmadığını deyir. Əgər bir insanda insulin rezervləri tükənibsə, hər hansı bir stimullaşdırıcı faktor orda önəm verməyəcək: “Normal bədən kütlə indeksi olan insanlarda arıqlamaq üçün əməliyyat aparılmamalıdır. Bu əməliyyatlar dünyanın qəbul etdiyi protokollar əsasında aparılmalıdır. Burda da yenə bədən kütlə indeksinin 35-in üzərində olması çox önəm daşıyır”.
Taryel Ömərov estetik plastik cərrahiyyə zamanı baş verən neqativ hallara da diqqət çəkir: “Burda da göstərişlər var. Bir insan bədəninin estetik quruluşundan narazıdır və əməliyyata gedir, yoxsa burda həqiqətən göstəriş varmı? Bu mütəxəssislər tərəfindən dəyərləndirilməli və yönləndirilməlidir. Bu, dünya statistikasında da var. Hər bir əməliyyatın ağırlaşma halı və sonunda ölüm halları olan faktlar var. Bu, bütün əməliyyat növlərinə aiddir”.
Beləliklə, iştirakçısı olduğumuz əməliyyat fəsadsız başa çatdı. Bu il ali məktəbə daxil olan gənc qızın sağlamlığına tezliklə qovuşacağı diləyi ilə əməliyyat masasından ayrıldıq. Bir sözlə, sağlamlığınızı qorumaq üçün fədakarlıq edin, əks təqdirdə…
Oxşar yazılar

Rövşən Rzayevin qardaşı Konstitusiya Məhkəməsinin hakimi təyin edildi
4 iyul 2025 , 11:21
Çiyələkdən kökələ bilərsiizmi? Sizi təəccübləndirə biləcək fakt
4 iyul 2025 , 11:14
Azərbaycanın informasiya təhlükəsizliyinə təhdidlərlə bağlı RƏSMİ AÇIQLAMA
4 iyul 2025 , 10:08
Yağış, GÜCLÜ külək - GÜNÜN HAVASI
4 iyul 2025 , 09:54
Üç BÜRC maqnit kimi pulu cəlb edir: iyul ayında kim qazanacaq?
4 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
4 iyul 2025 , 08:34