“Uşağa “Qulhuvallahu-Əhəd”, “Zülqərneyn-İsgəndər”, “Əliyən-Vəliyullah” adı qoymaq istəyirlər...” - <span style="color:red;">MÜSAHİBƏ
14 oktyabr 2019 12:20 (UTC +04:00)

“Uşağa “Qulhuvallahu-Əhəd”, “Zülqərneyn-İsgəndər”, “Əliyən-Vəliyullah” adı qoymaq istəyirlər...” - MÜSAHİBƏ

Lent.az-ın müsahibi filologiya elmləri doktoru, professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya" şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqovadır. Sayalı xanımla dilimizin istifadəsi zamanı yol verilən qüsurlardan və bu sahədəki qanunların tətbiqi zamanı üzləşdiyimiz problemlərdən danışdıq.

 

- Sayalı xanım, dilimizin istifadəsi ilə bağlı problemləri hələ Üzeyir bəy, Mirzə Cəlil yazırdı...

 

- Problem hər zaman var. Dil həm də inkişafdadır həmişə. Onun arxasında da həmişə dövlət durur.

 

- Hansından başlayaq?

 

- Terminologiyadan... Amma deyəsən, əlinizdəki dəftərçədə birinci adları qeyd etmisiniz.

 

- Elədi, adlardan başlayaq. Oxucuya daha yaxın mövzudur. Çox müzakirələrə də səbəb oldu.

 

- O qədər səs-küydən, müzakirədən sonra hələ də anormal adlar qoymaq istəyənlər var. Fateh-Sultan qoymaq istəyir. Deyirik ki, ədəbi dil normalarına, adlar sisteminə uyğun deyil. Prezident Administrasiyasına qədər şikayət yazıb, qoymaq istədiyi ada baxın - Fatimeyi-Zəhra, Qulhuvallahu-Əhəd. Məhkəmə qərar çıxarır ki, olmaz, yenə əl çəkmir. Zülqərneyn-İsgəndər qoymaq istəyən vardı, deyir “Quran”da bu ad keçir. İmkan versək, elə adlar qoyarlar ki... Əliyən-Vəliyullah, Kapitalina... Saymaqla bitmir. İmkan versək, bunlar hamısı ad olar. Nazirlər Kabineti tərəfindən 2010-cu ildə adların qoyulması ilə bağlı xüsusi qərar qəbul edilib. Qərarda yazılır ki, birinci növbədə cinsi uyğunluq, sonra məna cəhəti və səslənməsi əsas götürülməlidir. Əliyən-Vəliyullah bunların hansına uyğun gəlir? Heç birinə! Deyir, Sofu yazdırmaq istəyirəm, qoymurlar. Sofi yox ha, Sofu. Soruşuram ki, Sofu nə deməkdir? Deyir Sofiyanın qısaldılmış formasıdır. Aytac adlı qız özü adını dəyişib Rina qoymaq istəyir. Deyir, evdə mənə Rina deyirlər. Ad kimi heç bir məna kəsb etmir Rina. Bizim məqsədimiz Azərbaycan dilinin qorunmasını müxtəlif istiqamətlərdə təmin etməkdir. Ədəbi dilin, yazı dilinin qorunması, adların qorunması, terminologiya lüğətlərinin nəşri. Adların yazılışından başqa, səslənməsi, mənası da önəmlidir. Həsən, Hüseyn, Məhəmməd də ərəb dilindən gəlib, amma onlar artıq dilimizə oturuşmuş adlardır. Biri deyir ki, mən Muhammed yazdırmaq istəyirəm, məhkəməyə qədər gedib çıxıb məsələ. Gülüstan, Əli də ərəbdən gəlmədir, biz onu dilimizə, ədəbi dil normalarına uyğunlaşdırmışıq. Mehdini Məhdi yazdırmaq istəyən var, Əmrahı, Emrah. Bizim ədəbi dilə uyğun deyil. Bizdə adlar sistemində qoşa adlar yoxdur, mürəkkəb adlar var. Əkbər-İmran-Həsən yazdırmaq istəyir uşağının adını. Soruşuruq niyə? Deyir Aşıq Əkbərin, Aşıq İmranın və öz adımı qoymaq istəyirəm uşağa.

 

- Türk sözlərindən misal gətirdiniz. Türkiyədə Atatürk zamanında ərəb-fars sözlərindən uzaqlaşmaq, türk köklü sözlərə keçmək istədilər. Nəticədə ondan uzaqlaşdılar, buna da tam yansıya bilmədilər. Dildə pərakəndəlik yarandı.

 

- Əlbəttə, dağınıqlıq yaranar.  

 

- Mənə elə gəlir ki, indi o proses bizdə gedir. Sovet vaxtı Cavidin, Cabbarlının, Əhməd Cavadın dili, Hadinin dili bir qədər xalq dili ilə uyğunlaşdırıldı və bir sxem yaradıldı. İndi dili saflaşdırmaq məqsədi ilə bir qədər pərakəndəliyə yol açmışıq. Səhv eləmirəm ki?

 

- Yox, dağınıqlıq yaranmır bizdə. İndi bizdə dil sabit formada inkişaf edir. Bizdə də Terminologiya komissiyası yaradılanda dilin inkişafının özülünü yaratmaq üçün müxtəlif meyllər oldu. Onlardan biri də dilin tam saflaşdırılması idi. Ərəb-fars sözlərini çıxardıb, yeni sözlər yaratmaq. Alınma sözləri tamamilə çıxartmaq. O dövrlərdə, məsələn, “bucaq” əvəzinə “künc” işlədirdik. “Aksiom” sözünü “özübəlli” elədik.   

 

- “Künc” sözü dilimizdə zatən var.

 

- Amma onu riyaziyyatda işlətmək olmur. “Düzbucaq” yerinə, “düzkünc” demək olmur. Danışıq dili var, terminologiya var. Riyaziyyatda terminoloji aspektlər var. Onlar qorunub saxlanır. Ona görə də o sözlər öz-özünə əriyib, yox oldu. Nöqtə əvəzinə bənək vardı, plyus əvəzinə topal. Astronomiyanı “göybilim”, riyaziyyatı “saybilim” eləmişdilər.

 

- Bunlar bu cür nə vaxtsa işlənib?

 

- Terminologiya komissiyası yeni yaradılanda. Lüğətlərə də salınıb. Gəlin görək, bu sözlər dildə özlərinə yer tapa bildimi? Bilmədi. Ancaq lüğətlərdə qaldı. Çünki dil süniliyi sevmir. Dildə təbiilik olmalıdır. Heç bir dil daxili imkanlarla inkişaf etmir. Bütün dünya dilləri bir-biri ilə mübadilədən inkişafa doğru gedir. Ən çox işlədilən dil ingilis dilidir. Elə bilirsiniz yalnız ingilis sözlərindən ibarətdir? Qətiyyən. Dil o vaxt inkişaf edir ki, elmi nailiyyətləri özündə əks etdirir. Digər dillərlə zənginləşir, genişlənir.

 

- Bu ərəb-fars dilləri niyə bu qədər digər dillərə sirayət edib, amma  dominant olan ingilis dilidir.

 

- Vaxtilə şərq ölkələrində inkişaf edən, çox işlənən dil olub ərəb dili. Elm dili ərəb dili olub. Dini terminologiyanın hamısı ərəb dilindəndir. Müasir dil Avropada ingilis dilidir. Qloballaşma hansı ölkədə sürətlə gedirsə, o dildə sözlər yaranır.

 

- Onları öz dilimizə uyğunlaşdırsaq?

 

- Əlbəttə, uyğunlaşdırırıq. Ərəb dilində olan səs sistemi bizim dilimizdə yoxdur, uyğunlaşdırmağa məcburuq. İngilis dilində bir sözün neçə yazılışı var, hansısa şəkilçilər daha çox işlənir. Azərbaycan dilində dilin daxili imkanları hesabına yaranır. Kompüter sözünü “bilgisayar” etmək istədik, işlənmədi.

 

- O da bizim deyil axı, Türkiyə türklərindən gəlmədir.

 

- Türk mənşəlidir. İnternetə türklər akyalın deyir, amma interneti əvəz etmir o söz. Alınma sözlər hökmən olmalıdır. Dünyaya çıxışımız var. Müxtəlif tədbirlərdə kompüter sözünü işlədəndə hamı bilir söhbət nədən gedir. Beynəlxalq sözləri dəyişmək lazım deyil. Terminləri bütün dillər alır, biz də alırıq və öz dilimizə uyğunlaşdırırıq. Dildə mənimsəmə terminlərlə daha yaxşı gedir, nəinki süni yaradılan sözlərlə.

 

- Yenə üstünlük ərəb-fars sözlərindədir...

 

- Hal-hazırda yox. Birbaşa alınmalar ancaq dini terminologiya ilə bağlıdır. Özüm dilin daxili imkanları hesabına yeni terminlərin yaranmasının tərəfdarıyam. Kompüter texnologiyaları ilə bağlı terminoloji lüğət çap etdirdik. 5000 termin vardı, haradasa 3500-nü dilin daxili imkanları hesabına yaratdıq. Bu gün sayt, fayl, klaviatura sözlərini dəyişə bilmərik axı. Söz ən azı beş dildə işlənirsə, artıq beynəlxalq termindir. Dilin inkişafının prinsipləri var. O prinsiplər artıq müəyyənləşib, onlar əsasında dil inkişaf edir. Eləcə də adlar. Daxili imkanlar hesabına yeni adlar yaranır. Dünənə qədər bizdə Nuray, Dəniz, Damla, Banıçiçək, Selcan adları qoyulmazdı. Beyrək, Alparslan, Atilla yenidən qayıdır. Türk mənşəli adlarla dilimiz inkişaf edir. Dini adlar qoyanlar da var. Son vaxtlar İşılay qoyanlar olur. Cabbarlı dilimizin daxili imkanları ilə Daşqın, Solmaz, Almaz, Sevil kimi adlar yaratdı. Səməd Vurğun qızının adını Aybəniz qoyanda o ad yox idi. Onun ardınca Gülbəniz yarandı.

 

- Adlarda olan inkişaf sözlərdə də var? “Rozetka” hələ də tapılmayıb.

 

- Onu texnika sahəsinin mütəxəssisləri elektrik mənbəyi kimi işlətdilər, elə də gedir.

 

- Elə deyən yoxdur, “rozetka” deyilir, çünki daha rahatdır.

 

- “Vilka”nı çəngəl kimi işlətdik.

 

- Çəngəl vardı, indi kimsə rus dilində işlədir, o başqa.

 

- Sürücü də deyən yoxdur, soyuducu da. Hamı “şofer”, “xolodilnik” deyir. Bununla belə, dilimizdə var.

 

- Gəldiniz mən deyənə. Elə olur ki, dilimizdə sözlər sıradan çıxır. İşlədilmədikcə unudulur.

 

- Lüğətlərdə var, ədəbi dildə işlədilir. Kimsə “tormoz” yazmır, əyləc yazılır ədəbi dildə.

 

- Yeni sözləri, terminləri televiziyaya, mətbuata məxsusi göndərirsinizmi ki, tez-tez işlədilsin, dilə yatsın?

 

- Göndərmirik, lüğət tərtib edirik. 2015-ci ildə, bir də 2017-ci ildə dilimizə daxil olan yeni terminlərin lüğəti hazırlandı. Yenə birini hazırlayırıq.

 

- Bir ildə nə qədər termin daxil olur dilə?

 

- Çox. 2015-ci il nəşrimizdə 2750 termin var. 2017-ci il lüğətimizdə 3500, indi yenə yığırıq. Müxtəlif elm sahələri ilə bağlı terminlər çoxdur. Təhsildə kurikulum yarandı. İngilis dilində kurrikulum idi, bizim dildə bir “r” hərfi ilə daxil etdik. Kreativ sözünü bizim dilə çevirmək istədik, ifadə etmədi. Yaradıcılıq deyil bu söz geniş anlayışlı sözdür. “Sillabus” yalnız proqram deyil, geniş anlayışdadır. “Dayanıqlı inkişaf”, “davamlı inkişaf” sözləri çox müzakirə olundu. Ortaya çıxdı ki, tam fərqli anlayışlardır. Dilin daxili inkişafı əsasında yaranmış ifadələrdir.

 

- Bir ara siyahı çıxdı ki, bu sözlər dilimizə daxil olub. Onlardan bir “ipəzor” sözü yadımda qalıb.

 

- Biz hazırlamamışdıq onu. Kimsə fərdi şəxs öz təkliflərini vermişdi. Bizə də çox hücumlar oldu onunla bağlı. Müəyyən şəxslər var - internetdə dilə zor tətbiq edirlər. O siyahıda geyinçim sözü də vardı – “kupalnik”i əvəz etmişdi. Biz açıqlama yaydıq ki, biz yaratmamışıq bu siyahını. Adam təklif verib də, orda pis heç nə yoxdur.

 

- Bəzən dialektlər çox yaxşı ifadə edir fikri. Bəlkə dialektlərdən istifadə edək, ədəbi dilə keçsin? Məsələn, şər qarışır, axşam düşür sözlərini şəvinik kimi ifadə edilər, yaxud qapı ağzına atılan balaca xalçaya pəyəndaz deyilir, bostanın son məhsulu uralamadır. Bunlar dialektdir, amma gözəldir. Məsələn, doqqaz.

 

- Dialektlər də dilin inkişafına işləyir. Onlar çox işləndikcə, əhatə dairəsi genişləndikcə, ədəbi dilə keçir. Səməd Vurğun qərb dialektində işlənən sayrışan sözünü şeirə gətirməklə ədəbi dilə yolunu açdı. Gənəşmək sözü var, dialektdir. 90-lardan bu yana mətbuatda işlənir. Zərdabi dilə yeni söz gətirirdi və mötərizədə əvvəlki mənasını verirdi. Yeni sözlərin işlənməsində mətbuatın üzərinə çox iş düşür. Lüğətlərimiz göndəririk televiziyaya, mətbuata.

 

- Dili ədəbiyyatdan öyrənirdik. Bu gün necə, bədii əsərlər dilimizin inkişafına yardım göstərə bilirmi?

 

- Bu, artıq Yazıçılar İttifaqının işidir. Biz lüğətləri çap edirik, oxusunlar, yeni sözləri öyrənsinlər və əsərlərində istifadə etsinlər. Yazıçıya dil öyrədilməz ki, o özü dil öyrədəndir. Bu yaxınlarda Tahir Kazımlının bir romanını oxudum. Çox sadə və ədəbi dildə yazır. Elxan Elatlını oxuyuram, yaxşı yazır. Yazıçının baqajı artıq yığılıb.

 

- Dərsliklərin dili necə, qane edir sizi?

 

- Əvvəlkinə baxanda xeyli inkişaf ver. Bizim elm dilimiz inkişafdadır. Dilimiz inkişafdadır, heç vaxt batmaz. Küçədə yazılan reklamların dili ilə deyil, ədəbi dillə ölçülür onun inkişafı. Dil dövlət atributudur. Onu qorumaq hər kəsin borcudur.  Hər kəs öz dilinə hörmət etməli, sevməlidir.

 

- Orfoqrafiya lüğətinin vəziyyəti necədir? Deyəsən, 9-cu çap hazırlanır, əvvəlkilər qüsurlu olub?

 

- Yox, 8-cidir. 60-70 min sözlə çap olunmuşdu əvvəlkilər, sonra 100 min oldu. Hal-hazırda 110 mindən artıqdır.  İzahlı lüğətlər də çap olunmalıdır. Hər bir sözün izahı orda öz əksini tapmalıdır.

 

- Dərsliklər əvvəl dili musiqisi ilə öyrədirdi. Məsələn, Müşfiqin şeiri yadınızdadırmı:

 

Yağış yağır, rəqs eləyir gur damlalar

Sıra-sıra, incə-incə nur damlalar...

 

Görürsünüz şeirdəki sözlərin musiqisini, qulağa necə süzülür. Əzbərləmirsən, özü yadda qalır. İndi dərslikdəki şeirləri əzbərləmək olmur, dilə yatmır, nəinki ruha. Uşaq zülm çəkir.

 

- Şeirlər dərslik üçün seçiləndə onların ahəngdarlığı əsas götürülməlidir. Onların yazılmasının prinsipləri var ki, müəyyən qruplar nəzarət edir. Təhsil Nazirliyi, ümumiyyətlə dövlət qurumları nə iş görürlərsə, dilin inkişafı üçün etməlidirlər. Fövqəladə Hallar Nazirliyi fövqəladə hallarla bağlı terminoloji lüğət çap etdirdi. Səhiyyədə nə qədər terminologiya var, hamısı ilə bağlı lüğət çap edildi. Məktəblərdə rus bölmələrinin sayının artması bizi çox narahat edir. Artsın, amma öz dilimizin hesabına yox. Azərbaycan dilində məktəblər də inkişaf etməlidir, artmalıdır. Mənim nəvələrim də rus bölmələrində oxuyurlar, amma ana dillərini ondan gözəl bilirlər. Bir dilin hesabına uje o biri dil sıradan çıxmasın.

 

- Bu “uje”ni bəlkə artıq qəbul edək dil tərkibimizə?

 

- Yox, artıq sözü var dilimizdə. Olur, bəzən mexaniki işlədirik. Ona qalsa, çox söz işlədirik, amma analoqu dilimizdə var.

 

- Dilimizdən nəzakətli sözlər də yoxa çıxıb.

 

- Ədəbi dildə var, oxuyan adam işlədir. Mən evdə öz ləhcəmizdə danışıram, amma onu heç vaxt iş prosesinə gətirmirəm.

 

- Dilimizin elə bir problemi varmı ki, onu ancaq siz mütəxəssislər bilirsiniz, əhali yox?

 

- Dilin o qədər problemləri var ki. Birini həll edirsən, yenisi çıxır. Dilə başqa dillərdən axın olur, amma həm də inkişaf edir. Əsas məsələ, dilimizi dünya dilləri içərisinə daxil etməkdir. Onun üçün əhalinin sayı önəmlidir, dili dünyaya çıxartmaq önəmlidir. Türk dilləri arasında ortaq dil Türkiyə türkcəsidir. Geniş miqyaslı iş görülməlidir.

 

- Terminologiya komissiyası lüğət çap etdirməkdən başqa hansı işləri görür?

 

- Funksiyanın inkişafı üçün daha böyük maliyyə lazım olur. Hər halda, biz boynumuza düşəni yerinə yetirməyə çalışırıq. 

 

# 4259
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar