Olimpiada medalları ona bu universitetdə pulsuz təhsil imkanı yaratdı
07 oktyabr 2019 19:31 (UTC +04:00)

Olimpiada medalları ona bu universitetdə pulsuz təhsil imkanı yaratdı

“Hər bir olimpiadaçı kimi, mən də öz biliklərimə və bacarıqlarıma uyğun nüfuzlu bir xarici universitetdə təhsil almağı arzulayırdım.  Bir çox xarici ölkədə tanınmış universitetlər fənn olimpiadalarının qaliblərinə böyük məbləğdə təqaüd imkanları verirlər. Mən də bu imkandan yararlandım”.

Bu fikirləri Lent.az-a müsahibəsində Koreyada təhsil alan gənc azərbaycanlı tələbə Anar Rzayev deyib.

O, Cənubi Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun (KAİST) tələbəsidir. Anar 2001-ci il noyabrın 24-də Bakıda anadan olub.  VII sinifdə “I Məktəblilərarası Fənn Müsabiqəsində” gümüş medal aldıqdan sonra Respublika riyaziyyat olimpiada komandasına qəbul olunub. Son 4 il ərzində respublika və beynəlxalq riyaziyyat olimpiadalarında 1 qızıl, 3 gümüş və 5 bürünc medala layiq görülüb.

- Anar, bir az özün haqda danış. Orta təhsilini harda almısan?

- 6-cı sinfə kimi 132-134 nömrəli Təhsil Kompleksində təhsil almışam. 7-ci sinifdən sonra təhsilimi “İstək” liseyində davam etdirmişəm. Liseyə qəbul imtahanında yaxşı nəticə göstərdiyimə görə pulsuz təhsil imkanı qazandım. 11-ci sinfi isə “Dünya” liseyində oxudum. 

- Olimpiadalara marağın necə yarandı ?

- 6-7-ci siniflərdə təhsil alanda riyaziyyata həvəsim böyük idi. Hətta həmin illərdə 9-10-cu siniflərin materiallarını belə mənimsəyə bilirdim. Müxtəlif olimpiadalara qatılıb yer tuturdum. Lakin mənim üçün olimpiadada dönüş nöqtəsi 2014-2015-ci tədris ilində keçirilən məktəblərarası l fənn müsabiqəsi oldu. Bu fənn müsabiqəsi istedadlı uşaqların aşkar edilməsi, gələcəkdə həmin uşaqların dünyada keçirililən olimpiadalarda iştirakını təmin etmək məqsədilə keçirilmişdi. Riyaziyyata həvəsi olan şagird kimi mən də həmin olimpiadaya qatıldım və gümüş medala layiq görülüdüm. Bu uğur sayəsində Təhsil Nazirliyinin təşkil etdiyi xüsusi siniflərdə dərslərə cəlb edildim. Bu dərsləri xüsusi müəllimlər keçirdi və məktəb proqramından kənar materiallardan istifadə olunurdu. Bu da 7-ci sinif şagirdi üçün böyük bir avantaj idi.  7-ci sinifdə “İstək” liseyində olimpiada çempionu oldum. 8-ci sinfin əvvəlində isə “İstək” liseyində olimpiada sinfinə daxil oldum. Bu da məndə böyük situmul yaratdı. Çünki bu liseyin şagirdləri olimpiadalarda yerlər tuturdu. Günümün çox hissəsini olimpiadalara həsr edirdim. Hər gün bu sahədə təcrübəsi olan şagirdlərlə ünsiyyətdə olmaq imkanı qazandım və bu mənə çox böyük üstünlük gətirdi.

- Olimpiada komandasına daxil olduqdan sonra yəqin ki, daha çox çalışmaq lazım oldu?

- Olimpiada komandasına daxil olmaq o demək deyildi ki, öz üzərində çalışmadan da medal qazanacaqsan. Olimpiadalardan Azərbaycana medal gətirmək arzusu olan şagird gün ərzində 10-12 saat işləməlidir. Bu bir aksioma kimi qəbul olunmalıdır. Məsələn, “İstək” liseyindəki üç ildə müxtəlif müəllimlərdən dərs aldım. Hər cür şərait yaradılmışdı. Amma bu şəraitdən istifadə etməsəydim, uğur qazana bilməzdim. Güclü müəllim olması böyük amildir. “İstək” liseyinin nəzdindəki xüsusi sinifdə bizə professorlar dərs deyirdi. Öz üzərimdə də çalışaraq uğur qazana bildim. Dünya olimpiadalarında iştirak etdim gümüş, bürünc medallara layiq görüldüm. Son 4 ildə 11 olimpiadaya qatılmışam. Onlardan 4-ü yerli, qalanları beynəlxalq olub. Həmin olimpiadalardan 7-sindən medal qazanmışam.

11-ci sinifdə təhsil alanda Amerikanın Stənford Universiteteinin doktorant məzunu Cəfər Cəfərov hər həftə sonu bizə skayp vasitəsilə 4 saat online dərs keçməyə başladı. C.Cəfərov özü 2006-cı illərdə olimpiadalardan qızıl, gümüş medallar qazanıb. Dekabr ayından iyun ayına kimi olimpiya dərsləri keçdik. Bu, 4 il ərzində ən yüksək səviyyədə keçirilən dərslər idi. Müəllimin nəticələrinə baxanda özümdə güvən hissi yarandı. Təhsil nazirliyinin təşkil etdiyi bu dərslərdə 8-10 nəfər iştirak edirdi. 4 il ərzində olimpiada ilə bağlı dərs oxumadığım günü xatırlamıram. Çox az yatdığım günlər olurdu. Həvəs varsa nəticə də olacaq. Bu işə çox məsuliyyətli yanaşırdım. C.Cəfərovun bizi hazırlamasının Azərbaycanın olimpiadalarda yer tutmasında çox böyük rolu oldu.

- Nəyə görə təhsil almaq üçün Koreyanı seçtin?   

- Hələ 11-ci sinifdə təhsil alanda Koreyada olan universitetlərlə maraqlanmağa başladım. Gördüm ki, Cənubi Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutu olimpiaçı şagirdlərin qəbuluna üstünlük verir. Ümumiyyətlə, bu ali məktəb xaricdən qəbul olan şagirdlərə pulsuz təqaüd imkanı yaradır. Burada təhsil tamamilə pulsuz təşkil olunur. Bura daxil olan şagirdlərin bir çoxu olimpiadalarda iştirak edən şagirdlər olur. Universitetin əsas məqsədi innovasiyalar üzrə yüksək təhsil verməkdir. Şagirdlər müxtəlif robotlar yaradır, kəşflər edirlər. Mən də uşaqlıq illərimdən bu sahələr üzrə inkişaf edə biləcəyim bir universitet arzu edirdim.

Asiya, xüsusilə Koreya və Sinqapur universitetləri tələbələrə bu şansı verir. Təhsil aldığım universitetin prioriteti belədir ki,  əgər sənin olimpiada medalın varsa qəbul edirlər. 9 medalım olduğu üçün məni də qəbul etdilər və  pulsuz təhsil almaq imkanı yaratdılar. Oxuduğum ali məktəb dünyada reytinqinə görə 41-ci yerdədir. Burada təhsil almağın gələcək karyeram üçün çox yaxşı töhfə verəcəyinə inanıram.   

- Koreya dilini öyrənə bilirsənmi?

- Dərslərə yeni başladığım üçün hələ ki Koreya dilini bilmirəm. Amma burda belədir ki, bütün xarici tələblər Koreya dili dərslərinə qatılmalıdırlar. Hələ ki dil dərsləri başlamayıb, amma başladıqdan sonra bu dili öyrənmək istəyirəm. Koreya dili çox çətin deyil. Düşünürəm ki,  1,5 ilə öyrənmək mümkün olacaq.

- Hansı sahə üzrə mütəxəssis olmaq istəyirsən?

- Birinci il olduğu üçün hansı sahəni seçəcəyimə hələ qərar verməmişəm. Hələ ki fizika, kimya, biologiya fənləri üzrə dərslər alıram. Bütün tələblər bu fənlərədn imtahan verdikdən sonra məzun ola bilərlər. Birinci ildə sahəmi seçə bilmərəm. Amma ikinci ildə kompüter elmləri və riyaziyyat sahəsi üzrə təhsilimi davam etdirmək istəyirəm. Riyazi biliklər bu sahənin inkişafında mühüm rol oynayır.

- Təhsil sahəsində də fərqlər varmı?

- Burda təhsil Azərbaycandan çox fərqlidir. 12 illik təhsil sistemidir. Amma burada dərslər daha ağır və sistemlidir. Koreyada məktəblərin tətili yazda olur. Məktəbdə keçdikləri dərslər ağırdır. Burada şagirdlər hər fənn üzrə biliyə sahibdirlər. Koreyalılarla birgə oxumaq çox çətindir. Onlar bütün fənlər üzrə çox güclü olduqlarına görə, əsasən də elm fənnləri üzrə onlarla rəqabət aparmaq çox çətindir. Koreyanın ali məktəblərində təhsil Amerikanın ilk onluqda olan universitetlərində keçirilən dərslərlə eyni səviyyədə ola bilir.

- Koreya necə ölkədir? Azərbaycanlı kimi  sənə hansı fərqlər daha qabarıq görünür?

- Koreya Azərbaycandan tamamilə fərqli bir ölkədir. Mədəniyyəti, abidələri tamam fərqlidir. Yeməkləri də bizdən çox fərqlənir. Onlar daha çox dəniz məhsullarına üstünlük verirlər. Burada nənki Azərbayacan milli yeməklərini tapmaq olar, hətta türk restoranı tapmaq çox çətindir.  Azərbaycanlı üçün burda yaşamaq elə də asan deyil. Buranın vətəndaşları ingilis dilini yaxşı bilmirlər. Məktəbimin yerləşdiyi şəhərdə ingilis dilini bilənlərin sayı azdır. Ona görə dil baryeri olur. Yeməkləri, havası da fərqlidir. Yayı isti, qışı isə çox soyuq olur.

Koreyalılar xaricilərə qarşı çox mülayim davranırlar. Dil baryeri olduğu üçün onlarla ünsiyyət çətin olsa da, ünsiyyətdə olduqlarımız çox mülayim davranırlar. Xaricilərin ölkələrinə gəlməsini çox istəyirlər. Xariciləri universitetə  qəbul etməkdə  də çox maraqlıdırlar.

Koreyalıların Azərbaycanla bağlı çox da məlumatları yoxdur. Yaşadığım şəhərdə 20-yə yaxın azərbaycanlı var. İnsanları Azərbaycanla bağlı məlumatlandırmağa çalışırıq.

- Bayaq qeyd etdin ki, yeməklərimiz fərqlidr. Necə qidalanırsan?

- Yemək məsələsində çətinlik çəkirəm. Hər gün dəniz məhsulları yemək olmur. Məcburən fast-food yeməklərə üz tutmalı oluram.

- Təhsilini bitirdikdən sonra harda işləmək istərdin?

- İlk hədəfim burada yüksək qiymətlərlə təhsilimi bitirməkdir. Təbii ki, Azərbaycanda mənim sahəm üzrə iş imkanları yaransa, özümü inkişaf etdirmək üçün şərait olsa ölkəmə qayıdacağam. Kompüter elmləri sahəsini Azərbaycanda inkişaf etdirməkdən qürur duyardım.

 

 

# 2413
avatar

Aygün İbrahimli

Oxşar yazılar