Koreyada azərbaycanlı alimin tarixi İpək Yolunun bərpası haqqında məqaləsi dərc olunub
04 oktyabr 2019 12:28 (UTC +04:00)

Koreyada azərbaycanlı alimin tarixi İpək Yolunun bərpası haqqında məqaləsi dərc olunub

Son illər mürəkkəb və gərgin olan dünya iqtisadiyyatının inkişafında tarixi İpək Yolunun bərpasının əhəmiyyəti dünyanın bir sıra akademik dairələrində geniş müzakirə mövzusu olaraq qalmaqdadır. Bu xüsusda Koreyanın tanınmış Avrasiya Türkoloji Araşdırmalar İnstitutu və Orta Asiya və Qafqaz Araşdırmalar Mərkəzinin yay nəşrlərində Koreya Milli Tədqiqatlar Akademiyasının məzunu, beynəlxalq münasibətlər üzrə elmlər doktoru Vaqif Cəfərovun böyük İpək Yolunun bərpası ilə bağlı qlobal güclərin və region ölkələrinin təşəbbüsləri ilə həyata keçirilən irimiqyaslı layihələrə, o cümlədən geosiyasi əhəmiyyətə malik olan bu beynəlxalq nəqliyyat qovşağının formalaşmasına təsir edən geosiyasi və iqtisadi amillərə dair  ingilis və koreya dillərində məqalələri dərc olunub.
 
APA-nın xəbərinə görə, bütövlükdə üç hissədən ibarət olan bu məqalənin birinci hissəsində Sovet İttifaqının süqutundan sonra tarix boyu Avropa və Asiya qitələri arasında iqtisadi, mədəni əməkdaşlıq şəbəkəsi rolunu oynayan böyük İpək Yolunun dünyanın qlobal güclərinin strateji konsepsiyalarına (Avropa Birliyinin TRASEKA, Rusiyanın Avrasiya İqtisadi Əməkdaşlıq İttifaqı, Çinin Bir Kəmər Bir Yol və ABŞ-ın Yeni İpək Yolu) uyğun olaraq yenidən bərpasını zəruri edən amillərdən bəhs edilir. Belə ki, son yarım əsrdə Asiyanın dünya iqtisadiyyatında artan çəkisi, xüsusi ilə Çin, Yaponiya, Koreya, Sinqapur, Vyetnam, Malayziya kimi bır sıra Şərqi Asiya ölkələrinin sürətli iqtisadi inkişafının nəticəsi olaraq karbohidrogen ehtiyatlarına yüksələn tələbatı, eləcə də, alıcılıq və yüksək ödəmə qabiliyyəti olan Avropa İttifaqı ölkələri ilə ilbəil artmaqda olan ticarət dövriyyəsi beynəlxalq enerji, logistika və ticarət şəbəkəsini özündə birləşdirən İpək Yolunun bərpasını zəruri edən vacib faktorlardan hesab edilir. Digər tərəfdən Avropa və Asiyanın inkişaf etmiş ölkələrinin əsas enerji təchizatçısı olan Yaxın Şərqdə səngiməyən gərginliyin eləcə də, qitələr arası yükdaşımalarda Şərqi Çin dənizi, Fars körfəzi və Süveyş kanalı kimi əsas nəqliyyat qovşaqlarında qeyri-sabitliyin davam etməsi zəngin karbohidrogen ehtiyatlarına və beynəlxalq tranzit potensialına malik olan Qafqaz və Orta Asiya regionuna geosiyasi və iqtisadi maraqların artmasına səbəb olduğu bildirilir.
 
Bu xüsusda Britaniya coğrafiyaşünası Halford Makinderin “Qitənin ürəyi”  (Heartland) adlı geosiyasi konsepsiyasına istinad edilərək, üzərindən 100 il keçməsinə baxmayaraq, Avrasiya qitəsinin mərkəzində və tarixi İpək Yolunun üzərində yerləşən Qafqaz və Orta Asiya coğrafiyasının bu gün də qlobal diplomatiyanın əsas diqqət mərkəzində olduğu qeyd edilir. Belə ki, soyuq müharibə bitdikdən sonra İpək Yolunun yenidən bərpası istiqamətində Avropa Birliyi, Rusiya, Çin və ABŞ kimi qlobal güclər tərəfindən irəli sürülən təşəbbüslərin regionda ciddi iqtisadi rəqabətə təkan verməklə bərabər, geosiyasi maraqların kəsişməsinə səbəb olduğu şərh edilir. Məqalədə qlobal güclər arasında mövcud olan məhz bu rəqabətin region ölkələrinin iqtisadi inteqrasiya prosesinə və sosial iqtisadi həyatına müsbət təsir göstərdiyi qeyd edilsə də, digər tərəfdən qlobal dövlətlərin bir çox hallarda üstə-üstə düşməyən maraqlarının region ölkələrini mürəkkəb geosiyasi qarşıdurmanın hədəfinə çevirdiyi, eyni zamanda Avrasiya coğrafiyasında gedən iqtisadi inteqrasiya prosesinin zəifləməsinə təsir etdiyi bildirilir.
 
Daha sonra məqalənin ikinci hissəsində beynəlxalq İpək Yolunun üzərində yerləşən Türkdilli dövlətlərin təşəbbüsü ilə reallaşmaqda olan enerji, nəqliyyat və infrastruktur layihələr barəsində məlumatlara geniş yer verilmişdir. Məqalədə Sovet İttifaqının süqutundan sonra milli iqtisadiyyatlarını şaxələndirərək, nəqliyyat potensialını və tranzit imkanlarını artıran, eləcə də rəqabət qabiliyyətliyini yüksəldərək qlobal güclərin maraqları arasında tarazlığa və strateji müstəqilliyə nail olmağa çalışan region ölkələrinin bir sıra irimiqyaslı infrastruktur layihələr həyata keçirilməkdə olduğu qeyd edilir. Bununla bərabər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində İpək Yolunun bərpası ilə bağlı enerji, logistik və nəqliyyat sahələrində müəyyən uğurların əldə olunmasına baxmayaraq regionda hələ də həllini tapmamış təhlükəsizlik təhdidləri, münaqişələr və İpək Yolu təşəbbüsləri arasında vahid koordinasiya siyasətinin formalaşmaması, eləcə də kövrək iqtisadi sistemlərin mövcud olması bütövlükdə regionda gedən inteqrasiya prosesini ləngidən və nisbətən investisiya fəallığını zəiflədən vacib amillərdən hesab edilir.
 
Məqalənin sonuncu hissəsində tarixi ipək yolunun bərpası istiqamətində ortaya çıxan çətinliklərin aradan qaldırılması yollarından bəhs edilərkən beynəlxalq münasibətlər sisteminin yeni arxitekturasında fəal iştirak edən orta güc (middle power) dövlətlərinin roluna xüsusi diqqət yetirilir. Son yarım əsrdə sürətli iqtisadi inkişaf nəticəsində siyasi, iqtisadi, hərbi, texnoloji sahələrdə qabaqcıl ölkələrlə bir sırada yer alan orta güc dövlətləri müasir dünyamızın qarşılaşdığı bir sıra qlobal və ya regional xarakterli problemlərin həllində daha çox fəallıq və təşəbbüskarlıq nümayiş etdirdiyi şərh edilir. Belə ki, iyerarxiya nizamına malik olan beynəlxalq münasibətlər sisteminin horizontal nizamlanmaya doğru dəyişdiyi bir dövrdə bu kimi problemlərin nizamlanmasında qlobal güc dövlətlərlə müqayisədə daha  çevik və iddialı görünən orta güc dövlətlərinin geniş diplomatik imkanlara malik olduğu qeyd edilir. Bu xüsusda regionda geosiyasi maraqları ilə seçilməyən Cənubi Koreya, Yaponiya, Avstraliya, Kanada və sairə kimi orta güc dövlətlərinin mövcud rəqabət mühitində İpək Yolu layihələrində iştirakı qlobal güclər arasında strateji balansın əldə olunması, ümumilikdə regionda gedən inteqrasiya prosesinin, həmçinin investisiya fəallığının artırılması baxımından əhəmiyyətli olduğu bildirilir.
 
Bu kimi faktorlara istinad olunaraq qlobal dövlətlərin və region ölkələrinin təşəbbüsü ilə həyata keçirilən investisiya layihələrinə orta güc dövlətlərinin cəlb olunmasının yalnız tərəflər arasında səmərəli iqtisadi rəqabətin təşviq edilməsi nöqteyi-nəzərindən deyil, eyni zamanda İpək Yolu uğrunda gedən geosiyasi çəkişmədə siyasi, iqtisadi tarazlığın təmin edilməsi baxımından da faydalı olduğu bildirilir. Buna misal olaraq, 50 illik qısa tarixi dövrdə bilik tutumlu iqtisadi inkişafa və qabaqcıl texnologiyalara malik olan Cənubi Koreyanın son illər üzvü olduğu G-20, Nüvə Təhlükəsizliyi, MİKTA, ASEAN+3, ASEAN+KR kimi bir sıra beynəlxalq və regional təşkilatların zirvə toplantılarına ev sahiblik etməsi və eyni zamanda beynəlxalq xarakterli siyasi, iqtisadi və təhlükəsizlik çağırışların həlli ilə bağlı nümayiş etdirdiyi təşəbbüskarlıq sayəsində beynəlxalq münasibətlər sistemin fəal üzvlərindən birinə çevrildiyi qeyd edilir. Digər tərəfdən, yumşaq gücün (soft power)  vacib elementlərindən olan tarixi, mədəni əlaqələr baxımından  türkdilli dövlətlərlə ortaq köklərə və eyni zamanda qlobal güclərlə aktiv təmaslara malik olan Cənubi Koreyanın İpək Yolu təşəbbüslərinə cəlb olunması rəqabət aparan tərəflər arasında geosiyasi balansın əldə edilməsində, eləcə də meydana çıxan iqtisadi, texnoloji, logistik problemlərin aradan qaldırılmasında digər dövlətlərlə müqayisədə daha innovativ təcrübəyə və Nişe diplomatiyasının (Niche diplomacy) geniş imkanlarına sahib olduğu ətraflı şərh edilir.
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 888

Oxşar yazılar