“Hər şeyini soyunub üzümə ehtirasla baxdığı zaman...” – <span style="color:red;">Bulud Qaranın gündəliyi – XXIV BÖLÜM
22 avqust 2019 20:15 (UTC +04:00)

“Hər şeyini soyunub üzümə ehtirasla baxdığı zaman...” – Bulud Qaranın gündəliyi – XXIV BÖLÜM

 

Əvvəli: https://lent.az/news/323246

 

24-cü hissə

Sirr içində sirr

 

Birdən mənə elə gəldi ki, Leyla mənim barəmdə və mənim ətrafımdakı hər kəs barəsində hər şeyi bilir. Birdən mənə elə gəldi ki, əslində, Leyla bizim hamımızın başını özünün qurduğu qarmaqarışıq bir oyuna qatıb və hər şeyi də özü idarə edir. Hətta Sehrbazı da...

 

Özümü möhkəm dondurulmuş və qəfil də donu açılsın deyə isti suya atılmış ət parçası kimi hiss edirdim. Düzdür, hələ heç kəs ət parçasının özünü necə hiss etdiyini bilməyib və deməyib, amma elə bir hiss vardısa, o zaman o hiss mütləq mənim bu anlarda yaşadığım hiss kimi olmalıydı, başqa variant ola bilməzdi.

 

Dərindən nəfəs alıb toparlanmağa çalışdım və sonra mətbəxdən çıxıb ümumi otağa keçdim.

 

Televizorda köhnə bir klip gedirdi. Uzun buruq saçları və balaca, şirin pişiyi olan qız oxuyurdu:

 

Niyə kövrəldin belə,

Gözlərini sildin,

Üzünü gizləməklə

Nəyi gizlədə bildin?

Könlündəki bəllidir,

Onu dilə gətirmə...

 

Leyla, bir gözü ekranda, mənə sarı çönüb gülümsədi:

 

  • Ən çox sevdiyim mahnıdır.

 

Anam bayaqdan Leyla ilə baxdıqları köhnə albomu qucaqlayıb, bizi mehribanlıqla süzdü və albomu dolabın alt siyirtməsinə qoyub, mətbəxə keçdi.

 

Mən özümü saxlaya bilməyib, Leylaya yaxınlaşdım, onun qolunu sıxıb, özümə sarı çevirdim. Üz-üzə qaldığımız zaman isə gözlərinin içindəki məsumluq məni darmadağın etdi, əlim-qolum boşalıb yanıma düşdü, az qaldı ki, barəsində bayaqdan bəri ağlıma hakim kəsilmiş qarışıq fikirlərimə görə ondan üzr istəyim, hətta bağışlanmağım üçün yalvarım...

 

  • Sev ürəyin tutunca... Sev, qorxma, sev doyunca... Özünü unudunca sev ömrün boyunca... – deyə Leyla televizordakı uzun, buruq saçları olan qıza qoşularaq, oxudu.
  • Leyla...
  • Səma, qızım, mürəbbə üçün sizin həyətdəki güllərdən də yığmışdım ha, gərək halal eləyəsiz, - anam klipin və bizim hisslərimizin təzahürünün ən pik məqamında yanımıza gəldi.
  • O nə sözdür, Sürəyya ana? Qurbandı bütün yer üzünün gülləri sənə! – Leyla məndən aralanıb, anamı qucaqladı, - Amma mürəbbədən mənə də pay verərsən.
  • Can, sənə qurban, ayıb deyil? Hökmən verəcəm! – anam da ona sarıldı.

 

Bu vaxt Leylaya zəng gəldi və o, üzr istəyib telefonu açaraq kimisə dinlədi, sonra heç nə deməyib telefonu qapadı və şalvarının arxa cibinə qoyaraq, üzündə qəfil peyda olmuş narahatlığı gizlətməyə çalışdı. Anamı və məni öpüb, qapıya sarı tələsdi.

  • Nə oldu, kim idi zəng vuran? – qeyri-ixtiyari soruşdum.
  • Heeç, işdəndir, çağırırlar.
  • Nəsə olub? Gəlim səninlə?
  • Yox, qətiyyən yox! – qətiyyətlə üzümə baxdı, - elə bir şey deyil, yoxlama gəlib, uşaqlar qorxublar, boş şeydir.

 

Leyla qapıdan çıxıb gedəndən sonra anam təəccüblə onun arxasınca baxdı:

 

  • Bu harda işləyir ki, bala? Gərək soruşaydım e.
  • Sonra soruşarsan, - anamı birtəhər yola verib, balkona keçdim.

 

Aşağıda o qədər adam vardı ki, Leylanı görə bilmədim. Maşınlar siqnal verə-verə bir-birinin ardınca binamızın qarşısında düzülmüşdülər. Bir dəstə qadın bəzəkli-düzəkli halda, əllərində xonça, qonşu bloka sarı tələsirdilər. Deyəsən, kiməsə nişan gətirmişdilər. Kişilər də maşınlardan düşüb ora-bura vurnuxurdular. Bizim binanın balaca uşaqları isə bütün bu adamların və maşınların arasında qaçışıb ortalığı daha da qarışdırırdılar deyə, Leylanı görə bilmədim. Onun həmişə maşınını saxladığı tərəfə baxanda isə maşının yanında əsəbi halda telefonla danışa-danışa var-gəl etdiyini gördüm. Görünür, maşınların sıxlığına görə həyətdən çıxa bilməmişdi və bunu telefonla danışdığı adama izah edirdi.

  • Allah xeyir versin, xoşbəxt olsunlar, min budaq olsunlar! – anam böyrümdən aşağıya sarı dartınaraq nişan gətirənlərə xeyir-dua verirdi.
  • Onlar səni eşitmirlər, ay ana, - dedim.
  • Nə olsun? Allah eşidir, əsas odur, - anam məni nokaut edib gülümsədi, - sənin üçün olsun!
  • Çox sağ ol, - mən də gülümsədim.

 

***

 

Şübhələr içimi yenə də yeməyə başlamışdı. Özümə yer tapa bilmirdim. Bir bəhanə tapıb küçəyə çıxmaq istəsəm də, anamı yenə də evdə tək qoyub gedə bilmirdim. Yazıq arvad kənddən durub mənim yanımda olmaq üçün gəlmişdi, mənsə...

 

Gülnarın zəngi qanımın arasına girdi. Əslində, o, Surxayın bayaqkı zənginə və mənim onu küçədə saxlayıb getdiyimə görə zəng vurmuşdu. Narazılıq edirdi ki, kobudam, mədəniyyətsizəm, o boyda psixoloq olmağıma baxmayaraq, o qədər pasientimin mənə güvənməsinə də baxmayaraq, bir qəpiklik adam deyiləm.

 

  • Sən dəqiqləşdir, qəpiklik, yoxsa köpüklük? – deyə mən onu cırnatdım.
  • Dolayırsan, hə? Ələ salırsan? – Gülnar xəttin o başında bağırmağa başladı və anam məni onun əlindən xilas etdi.
  • A bala, ver görüm hələ bunu, - deyə anam telefonu məndən alıb, Gülnarla danışmağa başladı, - sizə gəlmək istəyirəm, anaya de, çay dəmləməsin, kəkotu gətirmişəm, ondan dəmləyərik.

 

Mən dərindən rahat bir nəfəs alıb bu göydəndüşmə vəziyyətin yaranmasından məmnun halda anamı qucaqladım.

 

***

 

Anamı xalamgilə ötürdükdən sonra maşını birbaşa Leylanın restoranına sürdüm. İçəri keçib, ətrafa göz gəzdirdim. Ortalıqda dolaşan ofisiant və administratoru, küncdəki masanın arxasında da yeməksiz oturub başı möhkəm söhbətə qarışan iki cavan kişini nəzərə almasaq, restoran boş idi. Surxayla həmişə gəlib oturduğumuz masaya yaxınlaşıb, stulu çəkdim. Ofisiantlardan biri tələsik gəlib qarşımda dayandı və əlindəki  menyunu həyəcanını gizlətməyə çalışdığı üçün özündən asılı olmayaraq əzə-əzə, astadan xəbərdarlıq etdi:

 

  • Məllim, bu dəqiqə mətbəxdə yoxlama var, xidmət göstərmirik, üzrlü sayın.
  • Nəsə olub?
  • Zəhərlənmə iddiası. Əslində şər atırlar, bizdə bu mümkün deyil, bilirsiniz.
  • Yaxşı.

 

Qapıdan çıxmağa tələsməyərək, Leylanı görmək ümidi ilə yenə də hər tərəfə boylanırdım. Lakin əgər onun mənə dediyi ilə indi ofisiantın söylədikləri üst-üstə düşmüşdüsə, demək, içəridə başı doğrudan da yoxlamaya gələnlərə qarışmışdı. Yenə də rahat nəfəs alıb şübhələrimi qovan vəziyyətdən məmnun halda restorandan çıxdım. Maşınıma oturub oradan uzaqlaşmaq istəyəndə isə Leylanın maşınını gördüm. Ona görə də maşını bir qədər aralıdakı rahat yerə çəkərək saxladım və oturub Leylanı gözləməyə başladım.

 

Bu vaxt telefonuma mesaj gəldi: “Məni güdürsən?”

 

Leyla idi. Heç bir təbəssüm işarəsi qoymasa da, əmin idim ki, bu mesajı mənim burada ona görə dayanmağıma görə sevinərək, təbəssümlə yazıb.

 

“Hə” yazıb mən də təbəssüm işarəsi qoymadan göndərdim və dodağım qaçmış halda başımı oturacağa söykədim.

 

Düz qırx səkkiz dəqiqədən sonra Leyla həyətdə göründü, mənə gözucu baxıb gülümsəyərək, maşınına mindi və yanımdan keçib başıyla “arxamca gəl” işarəsini verdi. Maşını Leylanın arxasınca sürməyə başladım. Beləcə, bir-birimizi ötə-ötə şəhərin küçələri boyunca dolaşdıq. Sonra Leylanın mənim emalatxanam olan səmtə getdiyini gördüm və on dəqiqədən sonra biz artıq qapını içəridən bağlayıb bir-birimizə sarılmışdıq.

 

  • Canım, şirinim, balım, hər şeyim... – pıçıldayırdı Leyla, nəfəsi boynumu, üzümü, sinəmi yandırırdı.

 

Bu dəqiqə dünyanın ən xoşbəxt kişisi kimi hiss edirdim özümü. Sevdiyim qadınla, sevdiyim evdə, sevdiyim rəsmlərin, boyaların arasında nəfəs-nəfəsə, qucaq-qucağa idim. Mən onu sevirdim, bu hissim ta bizim ilk uşaqlıq illərimizdən bəri hər zaman ürəyimdə olmuşdu. Mən onun da məni sevdiyini bilirdim, bunu o vaxt da hiss edirdim, indi də...

 

  • Dayan, dayan...bir dəqiqə... – Leyla qollarımın arasından sivişib çıxaraq soyunmağa başladı.

 

Ehtirasdan yanırdım, amma bu anlarda o yenə də mənim üstünə rəngbərəng boyalardan izlər düşmüş qırmızı divanımın qarşısında dayanmışdı və hər şeyini soyunub üzümə ehtirasla baxdığı zaman mənim bütün hisslərim öldü. Soyuq tər basdı məni, bir anlıq elə bildim ki, otaqdakı hər şey üstümə gəlir, divarlar da, rəsmlər də, boyalar, fırçalar, sınıq-salxaq stullar, köhnə masa və hətta bu divan da... Hamısı da bir-birinə qoşulub xorla və nə üçünsə Leylanın səsi ilə fısıldayırdı: “Üç manat ver...”

Başım hərləndi.

 

  • Nə oldu sənə? – Leyla halımın dəyişdiyini görüb, təşvişlə soruşdu.
  • Heeç... heç nə olmadı.

 

Sonra mən sürətlə ondan uzaqlaşıb, emalatxananı tərk etdim.

 

Maşını nə vaxt və necə sürdüyümü, Surxaya nə vaxt zəng etdiyimi, onu necə görüşə çağırdığımı indi də xatırlaya bilmirəm. Yadımda bircə o qalıb ki, biz gecədən keçənə qədər yedik, içdik, dərdləşdik, bizə dərd verənləri söydük, kafeyə gələn yüngül əxlaqlı qızlara söz atdıq, hətta onların biri Surxayı çəkib harasa apardı da. Digəri isə qarşımda oturub saqqız çeynəyə-çeynəyə Surxayın yarımçıq qalmış arağını başına çəkdi:

 

  • Gedək? – gülərək mənə göz vurdu.
  • Hara?
  • Mənlikdi, narahat olma.
  • Neçəyəsən?
  • Nə?
  • Qiymətin nə qədərdir? – soruşdum.
  • Həə, - qız qəhqəhə çəkib yersiz-yersiz güldü və mənə sarı əyildi, - 50 verərsən.
  • Nrç... – başımı sağa-sola yırğaladım.
  • Çoxdu?  Vallah, sənə azını dedim hələ, endirimlə. – yenə hırıldadı, - və?
  • Üç manat.
  • Nə? – qızın üzü də, ağzı da əyildi.
  • Üç manat!
  • Rədd ol e! – ayağa durub yenə güldü, - psixin biri psix!
  • Qəhbə! – bağırdım. – hamınız qəhbəsiz! Bütün qadınlar, balacadan böyüyə, hamınız!
  • Anondu, eşşək! – qız masanı üstümə aşırıb, yana çəkildi.

 

Mən ayağa durmaq və onun üstünə yerimək istəyəndə isə iki-üç oğlan qollarımdan tutub, məni kafedən qırağa çıxartdılar.

 

Yadıma gəlir ki, mən ağzıma gələn ən pis sözlərlə hamını söyürdüm, onlar da məni haramdan gəldi, necə gəldi vururdular.

 

Bir də o yadıma gəlir ki, Surxay sükan arxasındadır, mən də öz maşınımın dal oturacağında üstüm-başım pis gündə, sərələnib qalmışam.

 

  • Oyandın? – Surxay azacıq mənə sarı başını döndərib soruşdu.
  • Nə olub? – key-key durub oturdum, ətrafa baxıb hara getdiyimizi anlamağa çalışdım – nəsə olub?
  • Kül sənin kişi başına! – Surxay qəhqəhə çəkib aynadan mənə baxdı, - yox bir, azad qadın heykəli!
  • Nə deyirsən e?
  • Heç zad!

 

Mənə zəng gəlirdi.

 

Əllərimi üstümdə gəzdirib şalvarımın cibindən telefonumu tapıb baxdım.

 

Leyla idi.

 

Amma cavab vermədim.

 

O da mesaj yazdı: “Özünsən...”

 

Bax, o anda ayıldım...

 

(Davam edir)

# 4449
avatar

Oxşar yazılar