“Sevgilim”in uşağının atası o imiş...” – <span style="color:red;">Bulud Qaranın gündəliyi  – <span style="color:red;">XXIII BÖLÜM
15 avqust 2019 21:25 (UTC +04:00)

“Sevgilim”in uşağının atası o imiş...” – Bulud Qaranın gündəliyi XXIII BÖLÜM

Əvvəli: https://lent.az/news/322750
 
23-cü hissə
 
Tofiq, Sevda, yalanlar.
 
Çox əcaib bir vəziyyət alınmışdı. Bu anlarda anam da qapını açıb aşağıya boylansaydı və bizi görüb Leylanı tanıyaraq çağırsaydı, işlər tamam relsindən çıxardı. Rels deyəndə ki, onsuz da hər şey çoxdan bir-birinə qarışmış və idarəolunmaz bir xaos ilə davam edirdi. Ən çətini bu dəqiqə bu pilləkəndə Gülnar ilə Leylanın arasında özünü itirməmək və vəziyyətdən çıxış yolu tapmaq idi. Və Leyla yenə də məndən cəld düşünə bilib, qərar verdi. Birdən-birə əvvəl kədərlənmiş, sonra kədəri qəfil qəzəbə keçən əsl qadın artistizmini işə salıb, tərs-tərs Gülnarın gözlərinin içinə, sonra da mənə eyni baxışlarla baxıb, sərt hərəkətlə geriyə dönüb, aşağı
düşdü. 
 
Mən ilk anda onun bu hərəkətini anlamadım, sonra isə rahatlıqla oyunu qəbul və davam etdim. Yəni başımı bulayıb, məzəmmətlə Gülnarı süzdüm və Leylanın ardınca bir-iki pilləkən aşağı düşdüm.
 
- Dayan! Gözlə deyirəm!
- Hmm, - nazına bax hələ bir! – Gülnar onun dalınca dedi.
- Gördün neylədin? – mən aşağıdan yuxarı Gülnara eyni məzəmmətlə baxdım.
- Mən? Mən neylədim ki? Sənsən aranı qarışdıran əsas adam, get bu sualı özünə ver, gör sən neynirsən, niyə eləyirsən?
- Gülnar, sənin ümumiyyətlə, burada nə işin var? – Mən Leylanın mümkün qədər binadan uzaqlaşa bilməsi üçün vaxt qazanmağa çalışırdım. - Biz səninlə danışdıq axı,
rahat vaxtda gedib hər şey barəsində arxayın söhbət eləyərik. Sənsə durub cummusan mənim qonşularıma.
- Bağışla da, qonşuların mənə min il də lazım deyil, - o, Leylanın qapısına tərəf hirslə boylanıb mızıldandı, - mənə Sənubərin başını aldadıb sirlərini alan o ifritə lazımdır. 
- Sənubərin sirlərini alan?
- Hə də, demirəm bəs, qızı tovlayıb danışdırırmış, axmaq da... – Gülnar birdən ölmüş
rəfiqəsi haqda danışdığını sanki indi xatırladı, ağlamsındı, - Sənubər də yəni, külbaş...
o sənə vurulmuşdu da, nə bilsin sən bu qonşun ilə də...
- Yaaxşı, yaxşı, ağlama, - mən onun əlindən tutdum, - gəl gedək, oturaq çay içək, soyuq beyinlə söhbət eləyək.
- Yaxşı, - o, köksünü ötürüb arxamca aşağı düşməyə başladı.
 
Blokdan çıxanda ətrafı sürətlə nəzərdən keçirtdim. Leyla heç yerdə gözümə dəymədi. Amma maşınını bir az aralıda gördüm, görünür arxa oturacağa keçib, bizim
getməyimizi gözləyirdi. Gülnarın sol tərəfinə keçərək, onu söhbətə tutub, fikrini maşınlara tərəf baxmaqdan və Leylanı görmək ehtimalından yayındırmağa çalışdım.
Bir azdan biz mənim maşınımla məhəllədən uzaqlaşdıq.
 
Gülnar məni ifrat arvadbazlıqda təqsirləndirə-təqsirləndirə beynimin ən tərpənib işləməyən hüceyrələrini də qazıya-qazıya oyatdı, bütün sinirlərimi darmadağın edib
qarışdırdı, axırda da anamın canına and verib evlənməyə dəvət etdi.
 
- Sən Sürəyya xalanın canı, evlən qurtarsın da.
- Nə qurtarsın? – güldüm.
- Nə bilim e! Sənin canın bu qadınlardan, qadınların canı səndən, xalamın canı nigarançılıqdan...
- Bəs sənin? – indi də mən onun beynini qazımağa başladım, - Sənin canın?
- Mənim canıma nə dəxli?
- Məsələn də.
- Mənə dəxli yoxdur, mən sənə görə deyirəm, xalama görə...
- Qəribə adamsan, vallah, sənə dəxli yoxdursa, başqalarının əvəzinə niyə narahatsan ki? Düz demirəm?
- Yox e, mən niyə narahat olum? – o öz hücumunun xəttini itirdi, fikirləri dolaşdı.
- Mən də onu soruşuram. Sən niyə narahatsan? Əgər fikirləşirsənsə ki, mən evlənsəm, mənim yaxın çevrəmdə olan adamlar da bunu nümunə götürüb, nəhayət,
evlənəcəklər...
- Yəni? – o, həyəcanını gizlətməyə çalışsa da, qəfil mənə baxıb, sonra gözlərini qaçırması hər şeyi ələ verirdi.
- Yəni heç nə, xalaqızı, heç nə, - maşını saxlayıb aşağı düşdüm, digər tərəfdən düşən Gülnara baxıb güldüm, - sən arada mənim qəbuluma da gəl, faydası olar.
- Donuz! – Gülnar hirslə maşının qapısını çırpdı.
 
Sonra biz çayla pirojna sifariş edib, Sənubər mövzusunda söhbətə başladıq. Gülnar deyirdi ki, Sənubəri bir neçə dəfə hamıdan gizli şəkildə evdən çıxıb şəhərin başqa
yerlərində onu gözləyən maşına minməyə də məcbur ediblərmiş. Sənubər ərinin onu öldürəcəyindən və ümumiyyətlə, mənim evimdə çəkilən videosu üzə çıxarsa, camaatın yanında biabır olacağından qorxurmuş. Deyirmiş ki, başını götürüb buralardan qaçmaq istəyir, təki əri ilə üz-üzə gəlməsin, təki evdən çölə çıxanda onu hamı barmaqla göstərib fahişə kimi baxmasın. Bircə mənim təzə qonşum olan o naməlum gəlin onu başa düşürmüş. Sənubər Gülnara deyirmiş ki, o qadın hətta Buluddan da yaxşı psixoloqdur, nə desəm anlayır, nə deməsəm də anlayır.
 
- Yox, daha ağ eləmə, o psixoloq-zad deyil, - peşə eqom söhbətə müdaxilə etməyə bilmədi.
- Hə, bu dünyada bircə dənə psixoloq var, o da sənsən, - Gülnar mızıldandı.
- Deyirəm nə yaxşı tapmısınız e bir-birinizi, ikiniz də eyni cür deyingən, dəli.
- Kimi deyirsən?
- Sənlə Surxayı.
 
Elə bu anda masanın üstündəki telefonuma zəng gəldi və ekranda Surxayın adı göründü.
 
- Bude, adını da çəkən kimi tapılır, - deyib telefonu açdım, - buyur, eşidirəm!
- Sən hardasan? Tez dur gəl bizə!
- Niyə? Nəsə olub?
- Hə! Tofiqi vurublar.
- Nə?
- Tez gəl!
 
Surxay telefonu qapatdı və mən cəld ayağa durub qapıya sarı götürüldüm. Çıxanda geriyə dönüb az qala bağırdım:
 
- Tez ol!
 
Gülnar çantasının ağzını bağlaya-bağlaya ofisiant qızdan aralandı və mən hesabı ödəmədən çıxdığımı hələ indi xatırladım.
 
- Nə olub? – soruşdu.
- Bilmirəm, gedək! Sən metroda düşərsən. Mən tələsirəm.
 
***
 
Tofiq Surxayın divanında yarıçılpaq vəziyyətdə uzanıb zarıyırdı. Qolunda, sinəsində kəsiklər vardı. Surxay yaraları spirtli tənziflə silirdi.
- Nə olub? Kim vurub? Təcili yardım... – telefonumu açdım.
- Dayan görüm! – Surxay telefonumu qapıb kənara atdı, - təcili ardımlıq deyil, elə-belə cızıqlardı, gəl kömək elə, bağlayaq.
- Kim eləyib bunu? – hər ikisinə heyrətlə baxıdm.
- Sevgiliniz! – Surxay hirslə ikimizi də süzdü.
- Öldürəcəm onu, it qızı it! – Tofiq halsız-hasız mırıldandı.
- Sevda?
- Yox, mənim nənəm! Ondan başqa sevgiliniz var? – Surxay hirsləndi.
 
İndi Surxayla mübahisə etməyin yeri və vaxtı deyildi. Üstəlik, Tofiq də Sevda barəsində
Surxayın bu qədər sərt danışmasına sakit yanaşıb ancaq öz canının hayında idisə, deməli,
vəziyyət düşündüyümdən də çox qəlizləşmişdi.
 
- Necə oldu? Niyə vurub səni? – soruşdum.
- Bu onu vurub, o da bunu.
- Necə yəni? Sən də onu bıçaqla...
- Yox e, bu onu şilləylə vurub. O da gözünə döndüyüm, götür bıçağı, cum Tofiqin üstünə!
- Sən danışa bilmirsən? – Tofiqə üzümü tutdum.
- Bilirəm.
- Sevda hanı? Hardadı indi? – Surxay növbəti kəsiyi spirtlədi.
- Cəhənnəmin dibində! – Tofiq ağrıdan gözlərini sıxıb inildədi.
- Mən gedirəm evə!
 
Birdən ağlıma gələn fikirlərdən elə qorxdum ki, Tofiqin inildəməsinə, Surxayın dalımca bağırıb çağırmasına məhəl qoymadan özümü evdən çölə atdım, pillələri iki-iki adlaya-adlaya bnadan çıxdım.
Anam evdə tək idi, üstəlik, Gülnarı küçənin ortasında tək buraxmışdım, Leylanın da qapısını açıq qoyub getmişdim. Birdən mənə elə gəldi ki, eyni anda özümü bir neçə nəfərə bölməliyəm və eyni anda da bu qadınların hər birinin yanında olub onları qorumalıyam. Anam həmişə deyir ki, qadınlar dünyanın bu başında dayanıb, dünyanın o başında olan övladları üçün dua edirlər və dua etdikləri zaman da onların yanında olurlar, nə olsun ki, gözlə görmək olmur onları?! Deyir ki, bir ananın neçə övladı varsa, o özünü onların sayı qədər bölüb eyni anda hər birinin yanında olmağı bacarır...
Axx, qadınlar, qadınlar!
Siz nələrə qadirsiniz, nələri bacarırsınız...
 
Bizim bacarmadığımız hər şeyi, bizim qadir ola bilmədiyimiz hər şeyə!
Nə olsun ki, biz kişilər sizlərdən güclüyük, böyükük, çoxuq?!
Sizin hər biriniz istədiyiniz anda istədiyiniz doğmanızın yanında olmağı bacarırsınızsa, biz isə bunu sadəcə xəyal edib təəssüflənməklə keçiniriksə, görün fərqimiz nə qədər imiş və sizin xeyrinizə...
Maşına oturar-oturmaz Gülnara zəng vurdum. Harda olmasını soruşdum. Evdə, anası ilə çörək yediyini dedi. Rahat nəfəs alıb, sağollaşdım.
Evə necə qalxdım, bilmədim.
 
Və gözəl bir mənzərə gördüm qarşımda.
Anamla Leyla divanda oturub şirin-şirin söhbət edirdilər. Masanın üstündə meyvələr, çərəzlər, çay vardı. Anamın dizləri üstündə isə köhnə, böyük bir ailə albomu. O, Leyla ilə mənim uşaqlıq fotolarımızdan birini qaldırıb gülümsədi:
 
- Baax, bu şəkil çəkilən gün Səma səni mənə satmışdı. Demişdi ki, çayın qırağında uşaqlarla papiros çəkmisən. Mən də sənin qıçlarını namnazik çubuqla o ki var
vurmuşdum.
- Gəl, sən də bax, mən də sənə çay süzüm.
Anam üçün hələ də sadəcə Səma olan Leyla min ildir bizdə yaşayırmış kimi ərklə mətbəxə keçdi. Anam mənə qaş-göz elədi ki, keçib ona kömək təklif edim. Mən də fürsəti əldən verməyib özümü mətbəxə atdım. Leyla cəld üzümdən öpdü və güldü. Sonra niyə həyəcanlı olduğumu soruşdu.
- Sevda Tofiqi vurub, - dedim, - elə qorxdum ki, elə bildim gəlib anama da nəsə eləyəcək.
- Canını alaram onun! – Leyla pıçıldadı, - sən bildin səbəbi?
- Yox, Surxay bilmir, Tofiq də demədi.
- Mən bilirəm. Uşaq söhbətidir.
- Nəyi bilirsən? Nə uşaq?
- Uşaq Tofiqdən deyil. Tofiqin ümumiyyətlə uşağı ola bilməz.
- Nə? Bəs uşaq...
- Uşaq Sehrbazındır, - Leyla soyuq səslə astadan dedi və çay süzərək içəri keçdi.
 
Mənsə mətbəxin pəncərəsində əks olunan özümə baxa-baxa damarlarımda qanımın necə donmağa başladığını hiss edirdim.
Mənə dəqiq, dürüst, güclü bir psixoloq lazım idi...
 
(Davam edir)
# 2467
avatar

Oxşar yazılar