"Yaxınlaşıb onu öpdüm..."<span style="color:red;"> Bulud Qaranın gündəliyi – XXII BÖLÜM
09 avqust 2019 20:15 (UTC +04:00)

"Yaxınlaşıb onu öpdüm..." Bulud Qaranın gündəliyi – XXII BÖLÜM

Əvvəli: https://www.lent.az/news/321977
 
Səma, Leyla, mən
 
Leyla!
 
Mənim dəlisov, ağıllı, gözəl sevgilim...
 
Mənim Səmam, mənim uşaqlıq illərimin ən yaxın dostu, sirdaşı, sevgisi.
Qollarımın arasındaydı, üzünü köksümə sıxıb uşaq kimi büzüşmüşdü, çiyinləri titrəyir, kəsik-kəsik, asta-asta ağlayırdı. Bu anlarda mən yer üzündə mənə hamıdan doğma bir varlığı qucaqladığımın fərqindəydim və hətta anam belə bu qədər doğma olmamışdı ruhuma, əminliklə və çəkinmədən deyə bilərdim.
 
- Hardaydın sən? Hardaydın bu qədər vaxtı, ay dəli, ay mənim ürəyim, hər şeyim, hardaydın? – pıçıldayırdım təkrar-təkrar, onun saçlarını, alnını, üzünü öpə-öpə.
 
Heç nə demirdi, eləcə gözlərini yummuşdu, özünü mənim qollarıma və dodaqlarıma  buraxmışdı.
 
Bu qədər vaxt ərzində mənimlə qapıbir qonşu kimi yaşayan, hər gün az qala hər addımımdan xəbər tutan, məni özü istədiyi zaman görə bilən, mənimsə illər boyunca həsrət qaldığım qadın idi bu.
 
Leyla idi.
Səma idi.
Buludun canı, ürəyi, ruhu, həyatı...
 
- Heç kimə demə, yaxşı? Heç kim bilməsin, nə anan, nə xalan qızı, nə dostların...
 
- Dəlisən? Nəyi deməyim? Anam səni tanıyıb onsuz da.
 
- Yox, Səma kimi tanıyıb o məni, o biri kimi...
 
- O biri kimdir? Leyla? – mən gülüb ondan aralandım, otağa, pəncərəyə, küncdəki divana, divanın qarşısındakı jurnal masası üzərindəki noutbuka baxdım, - necə oldu bura köçdün axı? O qocalar sənin qohumlarındı?
 
- Yoox, - o, üzündəki göz yaşlarını əllərinin arxası ilə silib burnunu çəkdi, - heç nəyim deyillər, eləcə evlərini almışam.
 
- Bircə demə ki, təsadüfən belə alınıb. Mənimlə qonşuluq, onların qəfildən ev satmaq istəyi... axı elə bir fikirləri olsaydı, mənə də deyərdilər.
 
 
- Onların heç bir fikri yox idi. Mən bu evi az qala ikiqat qiymətinə almışam.
 
- Səbəb?
 
 
- Sən.
 
- Ciddi deyirsən? - əslində ona inansam da, bu axmaq klişe sualı verməyə bilmədim.
 
 
- Hə, - deyib mətbəxə keçdi, oradan səsi qab-qacaq səsinə qarışdı, - sən əyləş noutbuka bax, maraqlı şeylər var, mən çay gətirim.
 
- Yaxşı, - deyib divanda oturdum.
 
Noutbuk açıq idi, monitorda isə anam və Sevda görünürdülər. Aman! Leyla buradan izləyirmiş mənim mənzilimi, buradan görürmüş hər şeyi, elə Sehrbazın öz adamları ilə qurduğu oyunu da buradan izləyib çəkibmiş.
 
Anam çox acılı görünürdü. Sevda da hirslə ona nəsə deyir, əlləri belində otağın ortasında var-gəl edirdi. Heyrətlə monitorun üzərinə əyilib gördüklərimi analiz etməyə çalışdım, lakin heç nə eşitmədiyimə görə bir şey başa düşmədim. 
 
- Maraqlı kinodur, hə? – Leyla balaca sinidə iki fincan çay və xırda peçenyelər gətirərək jurnal masasına qoydu, özü yanımda oturub mənə qısıldı, üzümdən öpüb noutbukun böyründəki naqili çıxartdı, - görmürsən qulaqcıq taxılıb?
 
- Həə, - mən onu qucaqlayıb bütün diqqətimi monitora verdim, - bunlar dalaşırlar?
 
 
- Hər gün.
 
- Necə yəni? Axı...
 
 
- Sənə bildirmirlər, - Leyla ağzına peçenye atdı, - amma hər gün bir-birlərinin ətini didirlər.
 
- Niyə axı?
 
 
- Sənə görə.
 
- Axı anam elə bil ki Sevdanı istəyir...
 
 
- Yoox, qətiyyən. Əksinə, ondan zəhləsi gedir. Hətta axşam məni pilləkəndə görəndə iki kəlmə hal-əhvaldan sonra dərhal şikayətə başlamışdı.
 
- Nə danışırsan? Anam pilləkəndə idi? Harasa gedibmiş? Adətən burda olanda evdən çıxmır.
 
 
- Sevdanın dalınca çıxmışdı. Deyirdi sən evdən gedən kimi Sevda kiməsə zəng edir, maşın gəlir dalınca, çıxır gedir.
 
- Tofiq?
 
 
- Kimliyini demədi. Eləcə dedi ki, gündə bir maşın gəlir.
 
Dəhşətlə gözlərimi monitora zilləmişdim. Orada isə anamla Sevda dalaşırdılar.
 
- Sən yaxşı qız olsaydın, Bulud səni atmazdı, eşidirsən nə deyirəm? – anam üzünü mətbəxə sarı tutub bağırırdı, - Hələ Allah bilir o uşaq da... off səni yanasan, nətəhər məni günaha batırırsan e!
 
- Birincisi, Bulud məni atmayıb, mən onu atmışam, ikincisi də, yekə arvadsan, amma yaşından-başından utanmırsan, mənə şər-böhtan atırsan, qoy Bulud gəlsin, baxarsan nə deyərəm ona!
 
 
- Gəlsin də, gəlsin bir mənə də izah eləsin də, görüm bu uşaq məsələsi nədir də, noldu elə birdən-birə sən çıxdın ortalığa, noldu bu uşaq yarandı, o gədələr kimdir hər gün qoşulub gedirsən...
 
- Qulaq as, kəndçi xanım! – Sevda anamın üstünə gedə-gedə bağırdı, - sənin hünərin var, Buluda bir kəlmə nəsə de! Səni bir qaşıq suda boğaram, bildin? Buludun da sağ tikəsini elə o gədələr qulağı boyda eləyər!
 
 
- Bu nə danışır? – mən hirslə ayağa durub qapıya doğru addımladım, - bu nə deməkdir?
 
- Getmə, - Leyla dalımca gəlib qolumdan çəkdi, - onsuz da sənə heç nə bildirməyəcəklər. Dedim axı, hər gün belədirlər.
 
 
- Necə yəni belədirlər? Belə deyillər axı?!
 
- Səni görəndə belə olmurlar, ona görə də hiss eləmirsən. Həm də sən evdə çox az olursan axı, - məni az qala zorla divana oturtdu, - əmin ol ki, bu dəqiqə evə girsən, yenə də həmişə gördüyün vəziyyəti görəcəksən.
 
 
- İnana bilmirəm... – key-key monitora baxırdım, - Sevdanı başa düşdüm, onun nəfəsi yalanla gedir-gəlir, amma anam axı niyə heç nə deməsin mənə?
 
- Görmürsən qorxudur onu? Deyir sağ tikəni qulağın boyda elətdirəcək, - Leyla güldü.
 
 
- Dəhşət... – mən hələ də gözlərimə və qulaqlarıma inana bilməyərək, yuxudaymış kimi monitorda Sevdanın evdən çıxmasını, anamın onun dalınca deyinə-deyinə qapı çırpmasını izləyirdim. 
 
- Sevda Sehrbazın adamıdır, - dedi Leyla.
 
- Nə?
 
 
- Eşitdiyin. 
 
Bu vaxt Leylaya zəng gəldi və o qısaca üzr istəyərək, yanımdan durub yan otağa keçdi, mənsə bir gözüm onun dalınca, bir gözüm anamın divanda oturub ağlamasında qalaraq, nə edəcəyimi bilməyərək, pəncərəyə cumdum, Sevdanın kiminlə, hansı maşınla getməsini görmək istədim. Lakin bu mənzil binanın arxa hissəsinə tərəf idi deyə, heç bir şey görmədim.
 
- Canım, birdənəm, - Leyla gəlib məni qucaqladı, - mən getməliyəm, iki, ya uzaqbaşı üç saata evdə olacam. Sən məncə bir az dincəlsən, yaxşı olar. 
 
- Sən hara gedirsən ki? Kim idi zəng edən?
 
 
- Yaxşı. Qısqanc kişi kimi aparma özünü, - o, üzümdən öpüb güldü, - restorana gedirəm. 
 
- Hansı restorana? Niyə?
 
 
- Öz restoranıma, - o, mənim yanımdaca köynəyini dəyişib, dəhlizə, ayaqqabı geyinməyə tələsdi, - yeri gəlmişkən, sən mənim daimi müştərimsən. Yadında, bir dəfə məni görüb dalımca da gəlmişdin?
 
- Həə, - mən Surxayla qovrulmuş düşbərə və pivə üçün getdiyimiz sevimli məkanımızı xatırladım, Leylanı gördüyümü, onun bir kabinəyə girib oradan yoxa çıxmasını... – ora sənindir? 
 
 
- Aha, - Leyla qapının ağzından mənə bir öpüş də göndərib gülümsədi, - bax ha, soyuducuda qreçka, salat var, çayın da hazırdır. Mən gəlməmiş çıxma, gəlim zəngi basım, üzümə qapı aç... olum dünyanın xoşbəxti.
 
- Yaxşı, - mən yaxınlaşıb onu öpdüm, - tez gəl.
 
Leyla gedən kimi monitorun qarşısına keçdim. Anama bir də baxıb cəld onun yanına qaçmaq istəyirdim. Yazıq arvad kənddən durub mənim yanıma gəlmişdi, amma Sevdanın məkri ilə üz-üzə dayanmağa məcbur olmuşdu, üstəlik, dərdini heç kəsə də deyə bilmirdi...
 
Lakin monitorda elə bir mənzərə gördüm ki, nəinki durub öz evimə getməyə, hətta bu dəqiqə oturduğum divanın üstündən tərpənməyə belə ürəyim gəlmədi.
Anam balaca uşaq kimi mənim divanımda böyrü üstə uzanmış, qıçlarını qarnına doğru yığmış, qolunu büküb, üzünü ona söykəyərək yuxuya getməkdə idi.
Gülümsədim və eyni zamanda gözlərim doldu.
Mən bu qadının bütün narahatlıqlarına, ağrısına son qoymalıydım,  elə bu axşam anamla, Leyla ilə birlikdə gözəl bir şam yeməyi süfrəsində oturmalıydıq, lap istəsələr, Surxayla Gülnarı da dəvət edərdik. Leyla qayıdandan sonra gedib restorandan qəşəng ev yeməkləri sifariş edəcəkdim və anama da nəsə bir hədiyyə alacaqdım mütləq. Amma nə? Paltar? Yaylıq? Ətir? Yox, bunu Leyla ilə məsləhətləşərdim artıq.
Bunları düşünə-düşünə özüm də şirin-şirin mürgüləməyə başladım...
 
Qapının zəngi çalındı. Ürəyim əsdi. Dik atılıb bir anlıq harada olduğumu xatırlamağa çalışdım. .Yuxunun ilk anları keçdikdən sonra yaddaşım qarışıqlıqdan təmizləndi və saata baxdım. Leylanın getməsindən təxminən bir saat vaxt keçmişdi. Deməli, tez qayıtmışdı. Gözüm monitora sataşdı. Anam üzü divara, o biri böyrü üstə çönüb yatmağında idi. Deməli, Sevda da hələ qayıtmamışdı. Dəhlizə sarı gedib qapını açdım.
Və...
Və Gülnarla üz-üzə dayanmalı oldum.
O, məni görüb özünü bir anlıq itirsə də, məndən tez toparlanıb dilləndi:
- Sən burda neynirsən, hə?
 
Mən heç nə deyə bilmədim. Elə bil dilimi udmuşdum.
 
- Sənlə deyiləm? Burda neynirsən? Utanmırsan sən? Öz evində hər gün bir dəsgah açmağın bəs deyil, indi də qonşulara keçmisən? – Gülnar otaqlara cumub axtarmağa başladı, - hanı o? Hanı o abırsız? Yoxdur evdə? Hə? 
 
- Gülnar, gəl belə eləyək, sən sakitləş, oturaq, danışaq adam kimi. Ya da çıxaq burdan, gedək evdən kənarda söhbət eləyək. Onsuz da sənlə danışmalıydıq.
 
 
- Sənlə danışmalıydıq yox e! Sənlə haqq-hesab eləməliydik!
 
- Nəyi?
 
 
- Sənubərin məsələsini, ay psix! 
 
- Axı...
 
 
- Axısı-maxısı yoxdur e! Xalanın yanında açıq danışa bilmədim, amma bax, sənə deyirəm, bil! Mən məhkəmədə sənin tərəfini yalandan filan saxlayan deyiləm! Sənubər mənim ən yaxın rəfiqəm idi! Bunu hamı bilir! Sənin isə pasientin idi!
 
- Nə məhkəmə? Nə tərəf?
 
 
- Mən o videonu görmüşdüm, başa düşürsən?  Video sənin evində çəkilmişdi! Sən çəkmişdin!
 
- Off, Gülnar! – mən səbirsiz halda və bu söhbətdən bezərək, onun çiyinlərindən tutub qapıya sarı apardım, - gəl, gəl çıxaq burdan, xalxın evində hay-küy salma, həm də bilmədiyin şeylər barədə.
- Mən bilmirəm? Mən hər şeyi bilirəm! Hər şeyi! 
 
- Heç nə bilmirsən! 
 
Mən zorla Gülnarı evdən çıxardıb qapını sıxdım və açarım olmadığı üçün nigaran halda dəstəyi buraraq, Gülnarı pilləkənlə aşağı aparmağa çalışdım. 
 
- Hara itələyirsən e məni? Ay donuz!
 
- Səsini kəs! – acıqlandım və qaşqabağımı tökdüm.
 
Və əlində tort qutusu, pilləkənlə yuxarı tələsə-tələsə qalxan Leyla ilə üzbəüz gəlməli olduq. Mən özümü itirib gözlərimi aşağı dikdim. Gülnar isə heyrətlə Leylanı süzdü:
 
- Sən o deyilsən? – mənim qolumu çəkdi, - bu sənin pijamanda sənin evində gördüyümüz qız deyil? Biz Sənubərlə gəlmişdik e...
 
Leyla ilə bir-birimizə baxmamağa çalışsaq da, olmadı...
 
 
(Davam edir)
 
 
# 2435
avatar

Bulud Qara

Oxşar yazılar