Azərbaycanda 80 yaşlı yeganə məşqçi: "Yarışa gedəndə deyirdilər ki, işimiz bitdi, koreyalılar gəldi..."
31 iyul 2019 16:30 (UTC +04:00)

Azərbaycanda 80 yaşlı yeganə məşqçi: "Yarışa gedəndə deyirdilər ki, işimiz bitdi, koreyalılar gəldi..."

- Ağsuda kimdən soruşsan, sənə məşq zalımın yerini göstərəcək.

Əslində elə soruşmağa da ehtiyac qalmadı. Sürücü “o kişini kim tanımır ki, Ağsunun yarısına güləşməyi o öyrədib” deyə bizi düz həmin küçəyə gətirdi.

…Bizi küçənin başında qarşılayır. Əynində də idman forması. Sonradan öyrəncəydik ki, rəsmi tədbir, toy-yas olmasa, ilin bütün günü bu forma onun əynindən çıxmır. Düz, 70 ildir ki, belədir. Yox, 70 yaşı yoxdur. Gələn il 80-ci on illiyə əlvida deyəcək, bu nurani kişi. Azərbaycana yüzlərlə güləşçi bəxş etmiş, ahıl yaşlarında taekvondonun, karatenin belə sirlərini öyrənib uşaqları idman zalına yığan Mübariz Məmmədov.

Desəm, böyük bir güləş zalıdır yanılaram. Amma biləndə ki, bu güləş zalına gələn uşaqlardan heç bir təmənna güdülmür, Mübariz müəllim onlarla heç bir təmənnasız məşğul olur, hətta elə uşaqlar var ki, onların idman formalarını, güləş trikolarını, karate dəstlərini belə öz cibinin puluyla alır, dünyanın olimpiya mərkəzlərinin ən möhtəşəm güləş zallarından böyük göründü bura.

*** 

1940-cı ildə Şamaxının Çalxan kəndində anadan olub. 7 il orda oxuyandan sonra Şamaxı şəhər 1 saylı orta məktəbdə davam etdirib təhsilini. El həmin orta məktəbdə də ilk dəfə güləş döşəyinə ayaq basıb. İlk müəllimi isə – yeri gəlmişkən, indi də sağdır -Xankişi müəllim olub.

Əslində pəhləvanlıq onların nəslində olub. Əmisi Ələkbərin inanılmaz gücü var imiş. Yük dolu arabanı çəkib apararmış. Özü də ətrafındakılara deyərmiş ki, məni zoğal çubuğuyla vurun, ağrıtsın, onda mənə daha çox güc gəlir.

-  Uşaq vaxtı da toyda-bayramda güləşəndə mənim gücümü hiss etmişdi, əmim. Kim kimə sonda qalib gələrdisə, ortaya düşüb deyərdi, hə, bildim yaxşı güləşirsən. İndi de görüm Mübarizlə güləşə bilərsən?

Bir neçə ildən sonra tale onu Bakıya aparıb çıxaracaqdı. Özü də hara? Hə,  Bakı Dənizçilik Məktəbinin kursantı olacaqdı. Burda da güləşə ara verməyəcəkdi

- Çox ciddi nizam-intizam vardı həmin məktəbdə. Bir dəqiqə dərsdən yayınmaq, sərt cəzayla nəticələnərdi. Amma müəllimlərim də görürdülər ki, təsadüfən gəlib düşmüşəm bu məktəbə. Onlar da mənim üçün əsas işin güləş olduğunu çox gözəl anlayırdılar. Ona görə də rahat şəkildə məşqlərə getməyimə mane olmurdular.

Məşqləri isə gənc Mübariz “Dinamo” cəmiyyətində keçirmiş. Bir gün Bakı çempionatı keçirilir. Öz çəki dərəcəsində rəqiblərini bir-bir sıradan çıxaran Mübariz finala vəsiqə qazanır. Amma… Amma burda ona qarşı haqsızlıq edilir. Güləşi yarımçıq saxlayıb döşəyi tərk etmək istəyəndə…

- Döşəkdən çıxırdım ki, bir də gördüm dəmir kimi bir əl yapışdı məndən. Sərt şəkildə üzümə baxıb dedi ki, bundan sonra həmişəlik burda güləşəcəksən, “Dinamo”da. Susdum, heç nə demədim. Sonradan bildim ki, mənim güləşməyim onun çox xoşuna gəlibmiş.

Bəs həmin adam kim olsa yaxşıdır? Hə, Azərbaycan güləşinin əfsanəsi İbrahimpaşa Muxtarov.

Dosye:

İbrahimpaşa Muxtarov Azərbaycan sərbəst güləş ustası, dəfələrlə SSRİ çempionu olub. Sovet idmançıları üçün debüt olan 1952-ci il yay Olimpiya oyunlarında sərbəst güləş yarışlarında iştirak edib və 7-ci yeri tutub. 1949, 1951, 1952 və 1956-cı illərdə SSRİ çempionatlarında qalib, 1954 və 1955-ci illərdə gümüş medala sahib olan İbrahimpaşa, 1950-ci ildə bürünc medala layiq görülüb. SSRİ-nin əməkdar idman ustası və SSRİ əməkdar məşqçisi idi. “Dinamo” cəmiyyətində məşqçi kimi bir çox güləş ustalarını SSRİ miqyasında yarışlara hazırlayıb. Dünya və Avropa çempionu və 1964-cü il yay Olimpiya oyunlarının bürünc mükafatçısı Aydın İbrahimovun məşqçisi olub.

Beləliklə, elə həmin yarışdaca Bakı çempionu olur. Və bu uğuru bir neçə dəfə təkrarlayır. Məhz mərhum İbrahimpaşa Muxtarovun  xeyir-duasıyla. Mübariz müəllim deyir ki, sonradan ustadın qardaşı, tanınmış güləşçi Muxtar Dadaşovla da dostlaşır.

Amma güləşməyə tez ara verir gənc Mübariz. Deyir ailə vəziyyətinə görə, bir müddət güləşdən uzaq düşür.

Çox keçmir ki, bu dəfə məşqçiliyə başlayır.

Amma Şamaxıda yox. Tale onu Ağsuya gətirib çıxarmışdı.

30 il Ağsudakı peşə məktəbində idman rəhbəri olur. Bu illər ərzində yüzlərlə güləşçi yetişdirir. Və günlərin bir günü SSRİ dağılır. Peşə məktəbləri də elə yarı-dağılmış vəziyyətə düşür. Amma Mübariz müəllim boş durmur. Bir gün formal da olsa fəaliyyət göstərən peşə məktəbinin direktorunun yanına girir.

- Yadımdan çıxmamış bir şeyi də deyim. Bir dəfə peşə məktəbi yanmışdı. Sənədlərim də kül olmuşdu. Təsəvvür edin, tələbələrimin bütün uğurları, onların diplomları, tərifnamələri, bir sözlə, mənə və güləşə aid nə vardısa, hamısını bir-bir tapıb üzünü çıxardıb yenidən topladım. Bax, hamısı burdadır. (Əliylə qalın-qalın qovluqları göstərir. S.S.) Hə, onu deyirdim axı, direktorla danışdım, peşə məktəbinin uçulub tökülməkdə olan yeməkxanasını təmir etdirib, idman zalı açıb güləş məşqləri keçməyə başladım.  Təxminən 1993-cü il idi. İndi sənə maraqlı bir tarixçə danışım. Günlərin bir günü məşq keçirdim. Bir də gördüm qapının ağzında iki uşaq dayanıb, məşqə baxırlar. Dedilər, olar biz də məşqə baxaq? Buyurun, dedim. Məlum oldu ki, bu uşaqlar əslən ağsuludurlar, bir-iki aylıq tətilə gəliblər rayona. Özləri də Bakıda taekondoyla məşğuldurlar. İnanmazsınız, güləş məşqi dönüb oldu taekvondo. Uşaqlar həm güləşlə məşğul olurdular, həm taekvondo, həm də karateylə. Məni özüm o uşaqlara güləşin sirlərini öyrənirdim. Onlardan isə taekvondonun. Sonradan xeyli ədəbiyyat tapdım. Artıq bu idman növüylə ciddi məşğul olmağa başladım. Mənim oğlum var, Asif. Uşaq idi onda. 6-cı sinifdə oxuyurdu, taekvondonu elə mənimsəmişdi ki, 1 ildən sonra özü dərs keçirdi.

Taekvondo elə bir populyarlıq qazandı ki, Ağsuda, təsəvvür edin, 1994-cü ildə 4 idmançımız yeniyetmələr arasında respublika çempionu oldular. Mənim iki oğlum Dünya Taekvondo Federasiyasının məşqçi sertifikatını, “Qara kəmər”ini alıblar. Neçə-neçə idmançımız Azərbaycan çempionatının qızıl medalın qazandı. Çox güclü komandamız vardı. Bizi yarışa gedəndə, deyirdilər ki, işimiz bitdi, koreyalılar gəldi, bizə medal yoxdur.

Uşaqlar böyüdü, hərə bir yerə dağıldı, artıq həm taekvondo, həm də güləşlə məşğul olmağa başladım.

Amma indi taekvondo məşqlərinə ara verib. Deyir, 80-ə çatıb yaşım. Artıq taekvondo təmrinlərini yerinə yetirmək fiziki cəhətdən çətinləşib. “Güləş də bir az fərqlidir, ona görə məşqləri davam etdirirəm”.

***

Mübariz müəllim yetirmələri ilə məşqə başlayır. Anar adlı yeniyetmə döşək üzərinə çıxıb müəlliminin müxtəlif tapşırıqlarını yerinə yetirir.

Mübariz müəllimdən soruşuram, bax, bu Anarın respublika çempionu olması üçün nələr gərəkdir?

Bir qədər susur ustad.

- İlk növbədə ürəyində Allah sevgisi olmalıdır. Allahı sevməsə, nə məni sevə bilər, nə güləşi. İkinci tərbiyə, ədəb-ərkan. Tərbiyəsi varsa, ucalacaq. Üçüncüsü, psixi rahatlıq. Onu da məşqçi hazırlamalıdır. Məşqçiyə qulaq asmalıdır. Rəqibinə ilk olaraq psixoloji tərəfdən qalib gəlməlidir. Yerdə qalanları isə texniki məsələlərdir. Müəyyən fəndlər və sairə.

Həmin idman zalının ömrü qısa olur. Nə qədər təmir etsələr də, divarları dözmür, uçub-dağılır.

Amma güləşə olan fanatik sevgisi onu rahat buraxmır. Düz evinin böyründə torpaq sahəsi alır. Deyir, uşaqlarım artıq böyümüşdü. İşləyirdilər.

- Qəpik-qəpik başladılar pul göndərməyə. Bir dəfə 1000 dənə daş aldım, bir dəfə 500 dənə. Yavaş-yavaş başladım tikməyə. Həmişə istəmişəm ki, mənim özümün idman zalım olsun. Şəxsi idman zalım. Allah bu arzumu gözümdə qoymadı. Balalarımın canı sağ olsun, atlarının arzusunu yerinə yetirdilər.

Bu zal artıq iki ildir fəaliyyətdədir. Adicə təqaüdlə dolanır Mübariz müəllim. Hərdən övladları yardım edir atalarına. O maddi vəsaitin bir hissəsi də elə bu zala xərclənir. Bir də məşqə gələn uşaqların ehtiyaclarına.

- Mən o uşaqlardan onca manat belə ala bilərəm, mənim balam. Çoxu kasıb uşaqdır. İraq olsun, o fikrə düşsəm, o uşaq çıxıb gedər və bəlkə gələcəyin olimpiya çempionunu itirə bilər bu ölkə.

***

Ağsuda, Bakıdan çox yox, 150 kilometr aralıda 80 yaşlı bir müəllim var. Onun idman zalı, güləşi var. Və orda, həmin idman zalında hər gün onlarla uşaq məşq edir, güləşçi yetişdirilir. Onlarla uşağın təmənnasız xidmətindədir, 80 yaşlı Mübariz müəllim. Hər bir uşağın nazını çəkir, diqqət göstərir.

Bəlkə bir dəfə də biz diqqətli olaq, diqqət göstərək ona?

 

 

# 2900
avatar

Səbuhi Sədəf

Oxşar yazılar