445
11:41
03 İyul 2019

“Onların barəsində saxta “məhkəmə hökmü” çıxarılıb” - Səməd Seyidov

“Proseslər gedir, girovlar mübadilə olunur. Bu, normaldır. Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələdə isə Ermənistan cinayət törədib, bütün mövcud qanunları pozub. Dilqəm Əsgərov və Şahbaz Quliyev dərhal və qeyd-şərtsiz azad edilməlidirlər”.
Bunu APA -ya Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
S.Seyidov xatırladıb ki, AŞPA-nın yay sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyəti Ermənistan tərəfindən girov götürülmüş azərbaycanlı mülki şəxslərlə bağlı məsələyə həsr edilən tədbir keçirib.
O vurğulayıb ki, Avropa Şurası və beynəlxalq ictimaiyyət qarşısında Ermənistanın D. Əsgərov və Ş. Quliyevin dərhal azadlığa buraxması, onların Azərbaycana qaytarılması məsələsinin təmin olunması tələb edilib: “Azərbaycandan gəlmiş qeyri-hökumət təşkilatlarının üzvləri, rəsmilər, girovlardan birinin övladı həmin tədbirdə iştirak etdi. Onlar ermənilərin uzun müddət gizlətmək istədiyi həqiqətləri söylədilər. Hesab edirəm ki, bu, insan haqlarının müdafiəsi üçün vacib bir məsələdir. Belə bir tədbirin Avropa Şurasında keçirilməsi və Avropa ictimaiyyətinin diqqətinə çatdırılması nöqteyi-nəzərdən bu, Ermənistanın siyasətini ifşa edən bir məsələ kimi qiymətləndirilməlidir. Ən əsası da odur ki, Ermənistanın artıq uzun illərdir Azərbaycan həqiqətlərini dünyadan gizlətmək cəhdləri artıq öz bəhrəsini vermir”.
Onun sözlərinə görə, Şahbaz Quliyev və Dilqəm Əsgərov qeyri-qanuni həbs olunublar, onların barəsində saxta “məhkəmə hökmü” çıxarılıb.
AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri qeyd edib ki, tədbirdə Rusiyaya da müraciət olunub. “Bildiyiniz kimi, girovlardan biri Dilqəm Əsgərov Rusiya vətəndaşıdır. Rusiya isə yenicə Avropa Şurası Parlament Assambleyasına qayıdıb və yəqin ki, bu məsələni də onlar diqqətə alacaqlar. Bütün bunlar isə onu göstərir ki, Azərbaycan yalnız öz vətəndaşlarının yox, dünyadakı bütün azərbaycanlıların müdafiəsinə qalxır”.
Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı D. Əsgərov və Azərbaycan vətəndaşı Ş. Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.