İrəvanda erməni dövləti necə yaradıldı? - <span style="color:red;">ARAŞDIRMA  - <span style="color:red;">IV HİSSƏ
06 iyun 2019 19:45 (UTC +04:00)

İrəvanda erməni dövləti necə yaradıldı? - ARAŞDIRMA - IV HİSSƏ

Əvvəli: https://lent.az/news/316879

Daha sonra Xəlil bəy bu məsələ ilə əlaqədar M.Ə.Rəsulzadə və M.H.Hacınski ilə danışıqlar apardı və nəticədə Osmanlı yardımına böyük ehtiyac duyan Azərbaycan nümayəndələrinin razılığını ala bildi. Osmanlı heyət rəhbəri dərhal bu barədə İstanbula məlumat verdi, amma adı keçən təklifin guya Azərbaycan nümayəndələrindən ona gəldiyini önə çəkdi və bunu xüsusi vurğuladı. O, Tələt paşaya göndərdiyi 26 may tarixli teleqramında Cənubi Qafqaz nümayəndə heyətinə veriləcək ultimatumun hazır olduğunu və indi veriləcəyini bildirir, lakin ultimatumun verilmə müddəti ilə bağlı bəzi istəklərinin olduğunu qeyd edərək, yazırdı: “...Müsəlman nümayəndələr bu gün səhər yanıma gəldilər. Bakıdakı vəziyyətlə bağlı çox qayğılıdırlar. Çünki bu şəhər ermənilərin əlindədir. Bunun üçün bizə tərk ediləcək ərazinin qarşı tərəfində ermənilərə, onları qismən də olsa, təmin edəcək bir kanton ayırmaq istədilər. Sonra daşnaksütyunların xaricində olan və bu gün Tiflisdə  əhəmiyyət kəsb edən digər bir erməni partiyasının rəisi gəldi. O da bu şəkildə yekunun tərəfdarı göründü. Bizə əvvəlcə bildirdiyiniz təlimatlara istinad edərək, Osmanlı hökumətinin belə bir kantonun ayrılmasına qarşı olmadığını bildirdim. Bunun üçün bir neçə gün müddət istədi. Və ultimatum veriləcəksə, bunun heç olmasa, üç gün müddət ilə verilməsini rica etdi. Belə bir razılıq əldə edilib gerçəkləşərsə əgər, adı keçən (erməni nümayəndəsi – V.Q.) İstanbula bir heyət göndərilərək Hökumət-i Səniyyəyə sədaqət ərz ediləcəyini də əlavə edərək, bir az da bizim tərəfə lütf və xoş münasibət göstərilməsini rica etdi. Ermənilər tərəfinə bu şəkildə göstəriləcək təzahürün Avropa və Amerikada yaradacağı təsir çox yaxşı olacaqdır”.

 

Lakin Ənvər paşa çox sərt bir şəkildə bu təklifə qarşı çıxdı. Ənvər paşa da Tələt paşa ilə eyni mövqedən çıxış edərək, Qafqazda erməni dövlətinin yaranmasına imkan verməmək, ermənilərin yaşadığı əraziləri müsəlmanlarla gürcülər arasında bölüşdürmək və hazırda ermənilərin əlində olan, müsəlmanların yaşadığı İrəvan şəhərinin və ətraf ərazilərin müsəlmanlar tərəfindən azad edilərək ermənilərin əlindən alınmasına çalışmağı tövsiyə edirdi. Bu mümkün olmadığı təqdirdə isə Ənvər paşa erməni dövlətinin yaradılmasının qaçılmaz olacağını vurğulayır və bu halda da yaradılacaq erməni dövlətinin yaşamayacaq dərəcədə olduqca zəif bir şəkildə təşkil edilməsini vacib sayırdı. O, 1918-ci il mayın 27-də Vehib paşaya göndərdiyi teleqramında yazırdı: “Xəlil bəyin teleqramından anlaşıldığına görə, ermənilər bizim onlardan aldığımız ərazilərin qarşılığında Cənubi Qafqaz müsəlmanlarına aid ərazidən bir qisim almaq istəyirlərmiş və müsəlmanlar da buna razılıq verəcəklərmiş. Məncə, bu, tamamilə yanlışdır. Əgər bu gün Qafqazda beş-altı yüz min əhalisi olan və kafi miqdarda əraziyə malik kiçik bir Ermənistan təşəkkül edərsə, gələcəkdə əmrləri Amerikadan alaraq, o tərəfdən gələn ermənilərlə bu hökumət milyonlarla əhaliyə sahib olacaqdır. Və bizim üçün şərqdə bir Bolqarıstan daha yaranar ki, bu da bizim üçün Rusiyadan daha zərərli bir düşmən olar. Çünki ermənilərin bütün mənafe və əməlləri bizim məmləkətimizdədir. Dolayısıyla, bu təhlükəni indidən ortadan qaldırmaq üçün ermənilərin kiçik bir hökumət halında belə təşəkkül etməməsini və müsəlmanlarla gürcülər arasında, bizim qüvvələrimizin yardımı və təsirinin ən çox olduğu bu dövrdə bölüşdürülməsini, müsəlmanların ermənilərə heç bir haqq və ərazi verməmələrini təmin etməyi və bununla yanaşı, bu gün ermənilərin əlində olan müsəlmanların yaşadıqları İrəvan kimi məntəqənin belə, müsəlmanlar tərəfindən işğal edilərək, bu surətlə müsəlmanlar yaşayan yerlərin ermənilərin əlindən qurtarılmasına xüsusilə cəhd göstərilməsini üstün tuturam. Mənafeyimizə ən çox uyğun olan bu şəkil gerçəkləşməzsə, onda ermənilərə də bir mövcudiyyət verilməsi qaçılmaz olar. Belə olan təqdirdə, ermənilərin gələcəkdə vücud bularaq yaşamayacaq surətdə olduqca çox zəif bir halda buraxılmalarına çalışmaq lazımdır. Həm hökumətimizin, həm də Qafqazdakı müsəlmanların indiki və gələcəkdəki mənafeləri ancaq bu surətlə təhlükədən qurtarıla bilər...”

 

Onu da qeyd edək ki, Batum konfransının başlaması ilə türk qoşunlarının Qafqaz istiqamətində irəli hərəkatına müvəqqəti olaraq fasilə verilsə də, danışıqların dalana dirənməsi, eyni zamanda ermənilərin türk-müsəlmanlara qarşı törətdiyi soyqırım cinayətlərinin sistemli xarakter alması ordunun öz hərəkətinə davam etməsini labüd etdi. Ənvər paşa 1918-ci il 19 may tarixində Vehib paşaya göndərdiyi təlimatında, ordunun irəliləyib Batum konfransındakı türk ərazi tələblərini müəyyən edən sərhədə qədər olan əraziləri tutmasını əmr etdi. Bu əmr üzrə hərəkət edən Vehib paşa türk qoşunlarının irəli hərəkatını İrəvan quberniyası istiqamətində davam etdirdi. Mayın 20-də Sürməlini ələ keçirən türk qoşunları, mayın 24-də Cəlaloğlunu işğal etdilər və Qarakilsə istiqamətinə yönəldilər, həmçinin Sərdarabada girdilər. Osmanlı hərbi komandanlığı strateji cəhətdən çox mühüm əhəmiyyət kəsb edən Qarakilsənin tutulmasına böyük önəm verirdi. Çünki Aleksandropol-Tiflis dəmir yolunun üzərində mühüm məntəqə olan Qarakilsənin tutulması ilə bir tərəfdən ermənilər gürcülərdən tamamilə ayrılmış olacaqdılar, digər tərəfdən də, Gəncə müsəlmanları ilə əlaqə yaranacaqdı. Lakin ermənilər Qarakilsəni əldə saxlamaq üçün ciddi müqavimət göstərdilər. Bu müqavimətə baxmayaraq, mayın 28-də Qarakilsə türk qoşunları tərəfindən alındı. Qarakilsə uğrunda mayın 26-28-də gedən döyüşlərdə türk ordusu 1600 şəhid verdi və bir çox dəyərli zabitlərini itirdi.

 

Xəlil bəy mayın 28-də Tələt paşaya göndərdiyi teleqramında Qarakilsə ətrafında ermənilərin ciddi müqavimət göstərib, ölüm-dirim mübarizəsi apardıqları ilə bağlı Vehib paşadan aldığı məlumatları sədrəzəmin diqqətinə çatdırdıqdan sonra, əhalisinin böyük əksəriyyəti erməni olan Aleksandropol və Axalkələk qəzalarının Türkiyəyə birləşdirilməsini səhv addım hesab edir, bu ərazilərin ermənilərə verilməsi təklifini yenidən irəli sürür və erməni dövlətinin Bolqarıstanla müqayisə edilməsinin doğru olmadığını bildirirdi. O, yazırdı: “...Vehib paşa həzrətləri, Gümrüdə beş min evdən yalnız iki yüz evin müsəlman olduğunu və Aleksandropol sancağında iki yüz əlli min erməni yaşadığını və bizə ilhaqdan sonra onların necə idarə edilə biləcəyində çaşqın olduğunu söylədi. Yüzdə səksən beşi erməni olan Axalkələk qəzasıyla və digər yerlərlə bərabər olduqca dağlıq və sərb bir məmləkətdə dörd yüz minə yaxın ermənini özümüzə birləşdiririk. Allah sonunu xeyirli etsin. Rus ermənilərinin bizimkilərin tərbiyəçisi və müəllimi olduğunu da nəzəri-diqqətə alıram. Hər halda çox xətalı bir yolu təqib etməkdə olduğumuzda israr edirəm. Ermənilərin Bolqarıstana bənzədilməsi fərqli müqayisədir. Bolqarıstan Avropada və İstanbul yolunun üzərindədir. Böyük Slavyan ailəsinin kiçik bir parçası və böyük bir siyasət pişdarıdır və bizi İstanbula doğru sıxışdıraraq arxasını böyük xristian dövlətlərinə istinad etdirmişdir. Asiyada və böyük türk dövlət və millətlərin əhatəsində qalacaq olan ermənilərin qonşularına tabe olmaqdan başqa çarəsi yoxdur. Bugünkü yarımçıq tədbir həm bizi, həm də Qafqazı yandıracaqdır və bəlkə məsələni daha da çətinliyə yuvarlayacaqdır”.

 

Vehib paşa da Ənvər paşanın mövqeyini ifadə edərək, erməni dövlətinin yaradılmasına imkan verməmək mövqeyindən çıxış edir, lakin bu mümkün olmadığı təqdirdə, erməni dövlətinin yaradılmasını qaçılmaz hesab edirdi. Lakin o, Xəlil bəyin mayın 26-da erməni və müsəlman nümayəndələri ilə apardığı danışıqlarda “ermənilərlə müsəlmanlar arasında düşmənçiliyin aradan qaldırılması və Bakıdakı müsəlman əhalinin erməni-bolşevik təcavüzündən qorunması” öhdəliyi qarşılığında azərbaycanlıların ermənilərə müəyyən ərazi güzəştləri etməsi ilə bağlı əldə edilən razılaşmaları səhv addım hesab edir və qəti şəkildə bu razılaşmaların əleyhinə çıxırdı. Vehib paşa Azərbaycan nümayəndələrinə də tövsiyə edirdi ki, heç bir halda özlərinə məxsus ərazilərdən ermənilərə bir qarış belə olsun, verməyə razı olmasınlar. O, bu məsələ ilə bağlı Ənvər paşaya göndərdiyi 1918-ci il 29 may tarixli teleqramında yazırdı: “Xəlil bəy Cənubi Qafqaz müsəlmanlarına aid ərazinin kiçik bir qisminin ermənilərə verilməsi halında ermənilərlə müsəlmanların arasının düzələcəyi və Bakıda olan müsəlmanların oradakı erməni təcavüzünə qarşı təhlükəsizliyini təmin edəcəyi mövqeyində olub, hər iki tərəflə bu zəmində görüşdüyünü müsəlman nümayəndələrin mənə etdiyi müraciətlərindən anladım və bu işin çox yanlış olub, heç bir halda ermənilərə özlərinə aid ərazidən bir qarış belə olsun, verməyə razı olmamalarını onlara tövsiyə etdim və Xəlil bəyə də bu məsələdə onunla həmfikir olmadığımı söylədim”.

 

Ənvər paşanın verdiyi direktivlər üzrə hərəkət edən Vehib paşa hansısa öhdəliklər qarşılığında Azərbaycan ərazilərindən ermənilərə ərazi güzəştləri edilməsinin əleyhinə çıxsa da, ən azından beynəlxalq aləm qarşısında ermənilərə bir mövcudiyyət və müəyyən güzəştlər verilməsini vacib hesab edirdi. O, “erməni dövlətinin yaradılmasına imkan verməmək” haqqında Ənvər paşanın 27 may 1918-ci il tarixli teleqramına mayın 29-da verdiyi cavabda “verilən əmrləri yerinə yetirmək üçün çalışdıqlarını” bildirməklə yanaşı, onu da qeyd edirdi ki, “erməniləri tamamilə qeyri-mövcud edə bilmərik. Hər halda onlara bir vücud vermək zərurət və məcburiyyətindəyik”. Fikrini də onunla əsaslandırırdı ki, “əgər ermənilərin hamısının çingizanə bir surətdə məhv edilməsinə qarşı dünya dövlətləri səssiz qalacaqlarsa, o zaman bu ən kəsə və işğal vəziyyəti üçün ən uyğun bir tədbir ola bilər. Yox əgər, dövlət ikinci bir xoşagəlməz vəziyyətə düşməməyi zəruri hesab edirsə, o zaman onlara da istər-istəməz məhdud da olsa, bir şəkil vermək lazım gələcəkdir”. Vehib paşa erməni dövləti yaradıldığı təqdirdə, bu dövlətin gələcəkdə nə Türkiyə, nə də Qafqaz müsəlmanlarının həyatlarını təhdid etməyəcək bir mahiyyətdə olmasına diqqət ediləcəyini və ən əsas məqsəd kimi buna çalışılacağını da xüsusi olaraq vurğulayırdı.

 

Batumla İstanbul arasında aparılan yazışmaların yekununda artıq erməni dövlətinin yaradılması məsələsində “çibanı kökündən təmizləmək” planının baş tutmayacağını görən Ənvər paşa ermənilərə veriləcək ərazilərin Türkiyə və Azərbaycan əraziləri ilə bir ada kimi əhatəyə alınması təlimatını verdi. O, Batuma göndərdiyi 29 may 1918-ci il tarixli təlimatında Osmanlı imperiyasının mərkəzi Gəncə olan hökumətlə, yəni Azərbaycanla birbaşa sərhədə malik olmasının vacibliyini bildirirdi. Ənvər paşanın mövqeyinə görə, Qarakilsənin şimalından da Osmanlı imperiyasının Azərbaycanla birbaşa sərhədi olmalı idi. Belə olan təqdirdə Osmanlı imperiyasının bir tərəfdən Naxçıvandan, digər tərəfdən də Qarakilsənin şimalından Azərbaycanla birbaşa sərhədi olurdu. Ermənistanın isə Gürcüstanla birbaşa əlaqəsi kəsilirdi və o, Osmanlı imperiyası ilə Azərbaycan arasında bir ada şəklində qalırdı.

 

Cənubi Qafqaz federasiyasının parçalanması halında erməni dövlətinin yaradılması məsələsi ətrafında Batumla İstanbul arasında intensiv müzakirələrin getdiyi bu günlərdə Tiflisdə çox mühüm hadisələr baş verdi. 1918-ci il mayın 26-da gürcülər Cənubi Qafqaz federasiyasından çıxıb Gürcüstanın müstəqilliyini elan etdilər. Ertəsi gün müsəlman fraksiyasının nümayəndələri də toplaşaraq özlərini Azərbaycan Milli Şurası elan etdilər və bu şura mayın 28-də Azərbaycanın müstəqilliyini elan etdi. Gürcü və azərbaycanlılar özlərinin istiqlallarını konkret ərazi hüdudlarında elan etdilər. Ermənilər isə, mövcud şərtlər altında belə bir konkret əraziyə malik olmadıqlarından Batum danışıqlarının nəticələrini gözləməli oldular.

 

1918-ci il mayın 26-da gürcülər müstəqilliklərini elan etdikdən sonra elə həmin axşam Seymin erməni nümayəndələri keçirdikləri iclasda gürcüləri ermənilərə xəyanətdə günahlandırdılar. Eserlər və bitərəflər türk-erməni cəbhəsində şiddətli döyüşlərin getdiyini və elan edilən müstəqilliyin də türk təhlükəsinə məruz qalacağını əsas gətirərək, müstəqilliyin elan edilməsinin əleyhinə çıxdılar. Mövcud vəziyyətdə müstəqilliyin elan edilməsi məsələsində Daşnaksütyun partiyasında da parçalanma baş verdi. Məclis sədri Avetis Aharonyan, Ruben Ter-Minasyan və Artaşes Babalyan müstəqillik fikrini qəti şəkildə rədd etdikləri halda, Simon Vratziyan və Xaçatur Karçikyan onlara əks mövqedən çıxış etdilər. Buna görə də bu iclas müstəqilliyin elan edilib-edilməməsi məsələsində qəti bir qərara gələ bilməyib, məsələnin daha sonra müzakirə edilməsi haqqında qərar qəbul edərək yekunlaşdı.

 

Bu ümumi iclasdan sonra Daşnaksütyun partiyasının liderləri Batumdakı erməni nümayəndələri O.Kaçaznuni və A.Xatisovla əlaqə saxladılar və məlum oldu ki, Osmanlı hökuməti İrəvan hüdudlarında erməni kantonunun yaradılmasına razılıq vermişdir. Bundan sonra daşnak liderləri elə həmin gecə, yəni mayın 26-da daha bir iclas keçirdilər və burada aparılan müzakirələrin yekununda erməni Milli Məclisinin hökumət funksiyalarını öz üzərinə götürməsi və idarəçilik mərkəzinin Tiflisdən İrəvana köçürülməsi haqqında qərar qəbul edildi. Mayın 27-də Batumdan qayıdan O.Kaçaznuni və A.Xatisov Erməni Milli Məclisinə Osmanlı hökuməti ilə aparılan danışıqlar haqqında ətraflı məlumat verdilər və nəyin bahasına olursa-olsun, ermənilərin qurtuluşu üçün yeganə çarənin müstəqilliyin elan edilməsində və Türkiyə ilə sülhə nail olunmasında olduğunu xüsusi vurğuladılar.

 

Mayın 28-də gecə yarısı, Erməni Milli Şurası Ermənistanı müstəqil respublika, özünü isə respublikanın ən ali hakimiyyət orqanı elan etməyi və Batuma müstəqil Ermənistan adından bir heyət göndərməyi qərara aldı. O.Kaçaznuni yazırdı ki, belə səlahiyyəti Erməni Milli Şurası Erməni Milli Məclisindən almamışdı və buna baxmayaraq, formal maneələr qarşısında dayanmırdı və nəticədə hakimiyyətin həddini aşmasında onu təqsirləndirmək heç kəsin ağlına gəlmirdi.

 

Bununla belə, Erməni Milli Şurası qəbul etdiyi bu qərarı yerinə yetirib, Ermənistanın müstəqilliyini elan etmədi. Ertəsi gün, mayın 29-da axşam Daşnaksütyun partiyasının bürosu və partiyanın Tiflis Mərkəzi Komitəsi, sabiq Seymin daşnak üzvləri və Erməni Milli Məclis üzvlərinin birgə iclası keçirildi və bu iclasda “hələlik bir koalisiya tərəfindən idarə ediləcək bir Ermənistan Respublikasının elan edilməsi” haqqında qərar qəbul edildi. Lakin yenə də müstəqillik elan edilmədi. Çünki ilk öncə erməni dövlətinin hansı ərazi hüdudlarında elan edilməsi məsələsi həll edilməli idi. Buna görə də 29 may iclasından dərhal sonra, gecə A.Xatisov, O.Kaçaznuni və M.Papacanovdan ibarət erməni nümayəndə heyəti Türkiyə ilə danışıqları davam etdirmək üçün tələm-tələsik Batuma yollandılar. A.Xatisovun rəhbərlik etdiyi bu heyətə Türkiyə ilə danışıqları davam etdirib sülhə nail olmaq üçün fövqəladə səlahiyyətlər verilmişdi. Mayın 30-da səhər tezdən saat 4-5 radələrində Batuma yetişən erməni nümayəndələri dərhal Xəlil bəylə danışıqlara başladılar.

(Davam edəcək)

Vasif QAFAROV

AMEA A.A.Bakıxanov adına Tarix

İnstitutunun aparıcı elmi işçisi,

tarix üzrə fəlsəfə doktoru, dosent

 

İSTİFADƏ EDİLMİŞ MƏNBƏ VƏ ƏDƏBİYYAT

 

  1. Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA), f. 970, siy. 1, iş 1.
  2. ARDA, f. 970, siy. 1, iş 4.
  3. ARDA, f. 970, siy. 1, iş 7.
  4. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi (ARPİİSSA), f. 276, siy. 9, iş 1.
  5. Türkiye Cumhuriyeti Genelkurmay Askeri Tarih ve Stratejik Etüd Dairesi Başkanlığı Arşivi (ATASE), BDH, K. 2917, D. 493, F. 1-136, 1-137.
  6. ATASE, BDH, K. 2919, D. 499, F. 3-1.
  7. ATASE, BDH, K. 2919, D. 499, F. 3-2.
  8. ATASE, BDH, K. 2919, D. 499, F. 3-11.
  9. ATASE, BDH, K. 2919, D. 499, F. 3-21.
  10. ATASE, BDH, K. 2919, D. 499, F. 3-26:3-29.
  11. ATASE, BDH, K. 2919, D. 499, F. 3-31.
  12. ATASE, BDH, K. 2919, D. 499, F. 3-32.
  13. ATASE, BDH, K. 2930, D. 553, F. 4.
  14. Türkiye Cumhuriyeti Cumhurbaşkanlığı Devlet Arşivleri Başkanlığı (BOA), HR.HMŞ.İŞO, no. 124/19.
  15. BOA, HR.HMŞ.İŞO, no. 124/20.
  16. BOA, HR.SYS, no. 2371/6.
  17. BOA, HR.SYS, no. 2372/1.
  18. BOA, HR.SYS, no. 2372/3.
  19. BOA, HR.SYS, no. 2398/4.
  20. BOA, HR.SYS, no. 2398/5.
  21. BOA, HR.SYS, no. 2399/1.
  22. Ermeni Komitelerinin İhtilal Hareketleri ve Besledikleri Emeller. Hazırlayan: İsmet Parmaksızoğlu. Ankara: DSİ Basım ve Foto-Film İşletme Müdürlüğü, 1981.
  23. Menteşe H. Osmanlı Mebusan Meclisi Reisi Halil Menteşe’nin Anıları. Hazırlayan: İsmail Arar. İstanbul: Hürriyet Vakfı Yayınları, 1986.
  24. Hovannisian R.G. Armenia on the Road to İndependence 1918. Los Angeles: Berkeley, 1967.
  25. Авалов З. Независимость Грузии в международной политике 1918-1921 гг. Воспоминания. Очерки. Париж: 1924.
  26. Качазнуни Ов. Дашнакцутюун больше ничего делать! Баку: Элм, 1990.
  27. Сокращенный перевод с армянского языка монографии Джона Киракосяна “Младотурки перед судом истории”. Ереван: Издательство “Айастан”, 1986 г. - http://armenianhouse.org/kirakosyan/youngturks-ru/chapter07.html
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2526
avatar

Oxşar yazılar