İrəvanda erməni dövləti necə yaradıldı? - <span style="color:red;">ARAŞDIRMA - III HİSSƏ
05 iyun 2019 20:15 (UTC +04:00)

İrəvanda erməni dövləti necə yaradıldı? - ARAŞDIRMA - III HİSSƏ

Əvvəli: https://lent.az/news/316816

 

Daha sonra müraciətdə bildirilirdi ki, Azərbaycan nümayəndələri Batuma ilk gəldiyində Osmanlı nümayəndə heyəti ilə görüşən zaman, onların da yuxarıda qeyd edilən mülahizələri dəstəklədiyini görüb. Fəqət bir qədər sonra ərazi tələbləri ilə bağlı İstanbuldan göndərilən yeni təlimatın Cənubi Qafqaz heyətinə bildirilməsi ilə vəziyyət kökündən dəyişib və bu tələblər Qafqaz federasiyası fikrini məhv edib: “Osmanlı hökumətinin ərazi tələbləri haqqındakı təklifi ilə Qafqaz konfederasiyası fikri məhv olur. Üç – gürcü, müsəlman və erməni – kanton əvəzinə yalnız iki – gürcü və müsəlman kantonları qalır. Çünki Axalkələk, Aleksandropol, Eçmiədzin, Sürməli sancaqları ilə İrəvan sancağının bir qisminin ilhaqı ilə Ermənistan kantonunun böyük bir qismi Türkiyəyə keçir. Adı çəkilən kantonun Cənubi Qafqaz daxilində qalan qismi o qədər məhdud və az bir şeydir ki, bu hüdud daxilində bir kanton təşkilindən qətiyyən bəhs oluna bilməz. Sayca ermənilər Cənubi Qafqazda çox olsalar da, onlar kiçik hissələr şəklində müsəlman ərazisinə səpilmiş bir halda olub, bu ayrı-ayrı parçalardan bir erməni kantonu biçmək nə coğrafiyaca mümkün, nə də felən təsəvvür olunur, müsəlman əhali belə bir təklifi dinləmək belə istəməz. İki kantonlu birləşmiş Qafqaz hökumətinə gəlincə, buna da gürcülər qətiyyən razı deyillər. Onlar işin belə müşkül bir şəklə müncər olacağı ilə hasil olacaq daxili anarxiyanı tam dərk edərək, özlərini sudan çıxarmaq üçün istinad olunacağını təxmin etdikləri yanğında iştirak etməmək, ermənilərlə əlaqəni pisləşdirməmək və eyni zamanda, ərazilərini bir sel kimi gələcək erməni qaçqınlarına qarşı müdafiə etmək üçün öz istiqlallarını elan etməklə, Qafqaz birliyindən çıxıb, müstəqil bir siyasət yeritməyə qərar vermişlər. İş bu dərəcəyə gəlincə, təbiidir ki, biz də Şimali Qafqaz ilə birlikdə Qafqaz müsəlmanlarının istiqlalını elan etməliyik. Fəqət indiki halda məsələnin belə bir şəkil alması müvafiqdirmi?

Bizə elə gəlir ki, Trabzonda ortaya qoyulan, Batumda bir daha bəyan edilən mülahizələrlə çox da müvafiq olmaz. Görəsən, Türkiyə, kiçik qardaşı olan Azərbaycan və ümumiyyətlə, böyük türk siyasətindən ötrü hansı yol daha müvafiqdir? Öz daxilində intiqam hissi ilə yaşayan, daim fürsət axtaran və ilk imkan tapan kimi arxamızdan xəncərlə vurmaq zehniyyətində qalan bədxah erməni milli arzusu və hər zaman türk siyasəti əleyhinə xarici müdaxilələrə çalışıb, intriqalara vasitə olacaq bir milyon yarımlıq erməni kütləsi saxlamaq, yoxsa türk toplumları ilə əhatə olunmuş, hərbi-strateji cəhətdən zərərsiz və milli amalı təmin olunmuş kiçik bir erməni kantonu? Milli siyasətimiz nöqteyi-nəzərindən bizcə, ikinci yol daha münasib görünür. Doğrudur ki, Türkiyədə həyata keçirdikləri ocaqsız yanğınlar, xaincəsinə qaldırdıqları üsyanlar, indinin özündə də Qafqazda törətdikləri ağır cinayətlər ermənilərdən bəhs edərkən qeyz və kin hislərindən kənar soyuq bir halda bəhs etmək mümkün deyil. Fəqət bunu da bilirik ki, digər böyük dövlətlər kimi Böyük Türkiyə Dövləti də yürütdüyü siyasətini hissiyat üzərində qurmur. Biz də erməni kantonu təsisindən bəhs etdikdə məqsədimiz erməniləri müdafiə etmək deyil, öz siyasətimiz, ümumi türk siyasəti nöqteyi-nəzərindən baxır və məsələni bu siyasət dairəsində həll etmək istəyirik”.

 

Müraciətin bundan sonrakı qismində gürcü və erməni nümayəndələrinin Batumdakı alman nümayəndələri ilə sıx-sıx görüşməsinə və onlardan əldə edilən məlumatlara görə, Almaniyanın Qafqaz birliyi ideyasını müdafiə və Brest-Litovsk müqaviləsində israr etməsinə diqqət yönəldilir. Qafqazın iki hissəyə bölünməsi halında onun istiqlaliyyətinin tanınması məsələsində problemlər yaşanacağı vurğulanır və ardınca qeyd edilirdi ki, mayın 18-də Lossovun göndərdiyi məlumatdan anlayırıq ki, Almaniya hökuməti Qafqazın istiqlalını bolşevik hökumətindən əvvəl tanımaq istəmir. Digər tərəfdən, ermənilər Almaniyanın vasitəsi ilə öz ərazilərinin hamısını əldə edərlərsə, bu son dərəcə zərərli bir iş olar deyə narahatıq. Çünki belə olan təqdirdə ermənilərdə təkrar Avropa dövlətlərinə müraciət etmək fikri canlanar və yeni bir ümid hasil olar. İş bu mərhələyə gəlincə, ermənilərə təmin olunacaq nə varsa, müstəqil şəkildə Dövlət-i Aliyyənin öz təşəbbüsü və bizim vasitəmizlə verməsi çox faydalı olacaqdır. Hər halda bu məsələdə Avropanın vasitəçiliyinə qətiyyən imkan verilməməlidir.

 

Müraciətin sonunda Azərbaycan nümayəndələri bu müraciətin Osmanlı imperiyasının daxili işlərinə qarışmaq kimi deyil, kiçik qardaşın ailə məşvərətində öz rəyini bildirməsi kimi qəbul edilməsini xahiş edir və Osmanlı hökumətinin qəbul etdiyi istənilən qərara sədaqətlə yanaşacaqlarını bildirirdilər. Bunun ardınca “erməni kantonunun bölüşdürülməsi haqqındakı qərar qəti və dəyişməz olduğu təqdirdə” böyük bir xahişlərinin olduğu vurğulanırdı. Cənubi Qafqazda tüğyan edən anarxiya şəraitində Bakı vilayətinin erməni-bolşevik birləşmələrinin, İrəvan vilayətinin isə ermənilərin nəzarətində olduğu, Qafqaz müsəlmanlarının maddi və mənəvi sərvət mərkəzi olan Bakıda bolşeviklərin getdikcə gücləndiyi və şəhəri tamamilə talan etdiyi, belə getsə, az sonra bir çəllək də olsa neft tapılmayacağı və bununla da Türkiyənin istifadə etmək istədiyi dəmir yollarının istifadə olunmaz hala gələcəyi diqqətə çatdırılır və bütün bunlara görə də Osmanlı ordusunun təxirə salınmadan Azərbaycana göndərilməsinin vacibliyi vurğulanırdı. İran ərazisindən də olsa belə, təxirə salınmadan Azərbaycana hərbi yardım göndərilməsi xahiş edilir və qeyd edilirdi ki, “bu yardım sülh müzakirələrinin nəticəsini gözləmədən və erməni kantonu məsələsi ilə bağlanmadan gerçəkləşməlidir. Erməni kantonunun yaradılmasına imkan verməmək isə işi təbii olaraq, daha da çətinləşdirəcək və vəziyyəti son dərəcə ağırlaşdıracaq. Çünki həqiqətən gözlənilir ki, Osmanlı imperiyasına birləşdiriləcək erməni vilayətlərindən çıxacaq erməni əhalisi heç şübhəsiz ki, Gəncə vilayətinə doğru hərəkət edəcək və müsəlman ərazisindən keçərək, Bakı vilayətindəki bolşeviklərlə birləşmək istəyəcəkdir. Bu da qarşılıqlı toqquşmalara gətirəcəkdir ki, burada da qüvvələr nisbəti qeyri-bərabərdir. Buna görə də müsəlmanları fəlakətlər gözləyir və Cənubi Qafqazın məzarlığa dönmək ehtimalı vardır. Bunun üçün də ultimatumla bərabər hərbi tədbirlər də dərhal icra edilməlidir ki, ermənilər yerlərindən qalxıb, digər tərəfə köç etməsinlər. Bu məqsədlə də ermənilər mühasirəyə alınmalı, müsəlmanlar silahlandırılmalı və onlara yardım çatdırmaq üçün bir koridor açılmasına çalışılmalıdır”.

 

Müraciəti Batum konfransındakı Azərbaycan nümayəndələri – M.H.Hacınski, M.Ə.Rəsulzadə, Əhməd bəy (Can Baba), A.Səfikürdski və Ə.C.Pepinovdan başqa Müsəlman Milli Şurası və Seym üzvlərindən M.Y.Cəfərov, ədliyyə naziri F.X.Xoyski, maarif naziri N.Yusifbəyli və X.Xasməmmədov imzalamışdılar.

 

Xəlil bəy mayın 24-də Tələt paşaya göndərdiyi teleqramında gürcü, erməni və Azərbaycan  nümayəndələri ilə keçirdiyi görüşlər və apardığı müzakirələr haqqında  məlumat verir və qeyd edirdi ki, “əvvəlcə də ərz etdiyim kimi, gürcülər erməniləri qeyri-məmnun buraxmaqdan çəkinirlər və buna görə də ermənilər ultimatumu qəbul etmədiyi təqdirdə belə, müsəlmanlarla birlikdə konfederasiyada qalmamağa qərar veriblər. Əgər ermənilər ultimatumu qəbul etməyib, müqavimət göstərməyə qərar versələr, təxmin edirəm ki, gürcülər bu müqavimətdə iştirak etməyəcəklər. Fəqət, ümumi hökumətdən və Seymdən çıxıb öz hüdudları daxilində öz istiqlaliyyətlərini elan edərək kənara çəkiləcəklər. Ermənilər isə onlara edilən təklif dairəsində sülh imzalamamağa qərar veriblər. Müqavimət və ya sülh məsələsində aralarında fikir ayrılıqları vardır. Başlıca komitələri uzlaşma mümkün olmazsa müqavimət tərəfdarıdır. Gürcülər Axıskanı tərk etməyə, ermənilər isə sərhədin Araz və ətrafından çəkilməsinə razı olacaqlar”.

 

Qeyd edək ki, Osmanlı heyəti İstanbuldan Batuma yola düşərkən Cənubi Qafqaz Respublikasına qarşı qərarlaşdırılan ərazi tələblərinə görə, Brest-Litovsk sülhünün müəyyən etdiyi sərhədlərdən əlavə müharibə təzminatı olaraq yalnız Axıska və Sürməli qəzalarının tələb edilməsi qərarlaşdırılmışdı, lakin sonrakı günlərdə Ənvər paşa Axıska və Sürməli qəzalarından başqa Axalkələk və Aleksandropol qəzaları, Eçmiədzin və İrəvan qəzalarının bir hissəsi və Naxçıvan qəzası (Ordubad istisna olmaqla) ilə bağlı da ərazi tələbləri irəli sürüb, bu tələbləri hökumət nəzdində qəbul etdirmişdi. Xəlil bəy də 24 may tarixli teleqramında İstanbul hökumətinin Axalkələk qəzası ilə bağlı tələbindən imtina etdiyi və ya bu qəza ilə bağlı müəyyən güzəştlər verdiyi təqdirdə gürcülərlə, Aleksandropol və ermənilər yaşayan digər ətraf ərazilərlə bağlı tələblərindən imtina etdiyi təqdirdə də ermənilərlə sülhün mümkün olacağını sədrəzəmin diqqətinə çatdırmaqla, əslində Cənubi Qafqaza qarşı ərazi tələbləri ilə bağlı İstanbulda qərarlaşdırılan variantın qəbul edilməsinə gürcü və ermənilərin razı olduqlarını göstərməyə çalışırdı. O, eyni zamanda, bütün bunları qeyd etdikdən sonra, elə həmin teleqramda Azərbaycan nümayəndələrinin Ənvər paşaya ünvanladığı 23 may 1918-ci il tarixli müraciət haqqında da məlumat verir və həmin müraciətin əsas müddəalarını xülasə şəklində bildirirdi. Bununla da, Xəlil bəy erməni dövlətinin yaradılmasına Azərbaycan nümayəndələrinin də razı olduqlarını və bu məsələdə ortaya qoyduqları arqumentlərlə hətta təkid etdiklərini və bunda haqlı olduqlarını göstərmiş olurdu.

 

Mayın 24-də demək olar ki, bütün gün boyu Xəlil bəy ilə Tələt paşa arasında teleqramla aparılan məsləhətləşmələrin yekununda sədrəzəm, Cənubi Qafqaz heyətinə 24 saatlıq bir ultimatumun verilməsinə göstəriş verməklə bərabər, erməni dövlətinin yaradılması məsələsi ilə bağlı aşağıdakı qəti mövqeyini ortaya qoydu: “Ermənilərin bir hökumət halında təşəkkül etməsinə qətiyyən tərəfdar deyiləm. Kiçik bir erməni muxtariyyəti beş il sonra beş milyon əhalisi olan bir erməni dövləti halına gələcək və bütün Qafqaza hakim olaraq Şərqin Bolqarıstanına çevriləcəkdir. İran və Amerikada olan bütün ermənilər orada toplanacaq, ingilis və fransızlardan hər cür yardım alaraq, gələcəkdə xristian gürcülərlə və çox asanlıqla əcəmlərlə birlikdə bizim əleyhimizə hərəkət edəcəklər. Bu halda mümkün olsa, çibanı kökündən təmizləmək ən xeyirli cəhətdir. Bu mümkün olmadığına görə, (Ermənistanın – V.Q.) çox zəif və yaşamayacaq şəkildə təşəkkül etməsi zəruridir...”

 

Sədrəzəmin bu mövqeyi qarşısında Xəlil bəy erməni dövlətinin yaradılması məsələsində “çibanı kökündən təmizləməyincə, görüləcək yarımçıq tədbirlərin gələcək üçün çox təhlükəli olacağı” fikrini irəli sürdü. Lakin o, “çibanı kökündən təmizləmək” deyəndə heç də Tələt paşa kimi erməni dövlətinin yaradılmasına imkan verməməyi nəzərdə tutmurdu. Əksinə, Xəlil bəy təkcə İrəvan kantonunun zəif bir Ermənistanın təşkili üçün belə, çox kiçik ərazi olmasına, ermənilərin bir qisminin Qafqazda qalıb dövlətə sahib olduqları halda, digər qisminin Osmanlı hakimiyyəti altında qalmasının gələcəkdə doğuracağı problemlərə diqqəti çəkir və Türkiyənin tələb etdiyi ermənilər yaşayan bölgələrin, xüsusilə də Aleksandropolun da onlara güzəştə gedilməsi fikrini irəli sürür və bununla da Qafqaz və Osmanlı ermənilərinin ümumi dövlətinin yaradılması mövqeyindən çıxış edirdi. O, sədrəzəmə göndərdiyi 24 may 1918-ci il tarixli növbəti teleqramında yazırdı: “Çibanı kökündən təmizləməyincə, görəcəyimiz yarımçıq tədbirin hər halda gələcək üçün çox təhlükəli olacağı qənaətindəyəm. Erməniliyin istədiyimiz hüdudun xaricində çox zəif bir halda belə təşkili uyğun olmayacağına qane olduqdan sonra Aleksandropoldan imtina etməyi tövsiyə etdim. Səbəblərini də əvvəlcə izah etdiyim üçün təkrar etmək istəmirəm”.

 

Xəlil bəy bu teleqramında həmçinin ilk öncə Qafqazın beynəlxalq vəziyyətinin aydınlaşdırılmasının vacibliyi üzərində dayanır və buna görə də Cənubi Qafqaz federasiyasının dağılmasından sonra Cənubi Qafqazda üç hökumətdən ibarət konfederasiya yaradılmasını və bu konfederasiyanın beynəlxalq aləm, xüsusilə də Rusiya tərəfindən tanınmasına nail olmağı ən vacib iş hesab edirdi. O, Osmanlı hökumətinin öz iradəsini düşmənə tamamilə diktə etməsə belə, Qafqazın müstəqilliyinin Rusiya tərəfindən tanınmasına nail olmasının böyük bir siyasi uğur olacağını vurğulayır, Qafqaz hökumətləri ilə Türkiyə arasında qurulacaq əlaqələrin xarakteri məsələsini isə sonraya saxlamağı, həmçinin Qafqazdan Türkiyə üçün daha çox ərazi qoparmağa və ya bölgəni tamamilə Osmanlı imperiyasına ilhaq etməyə tələsməməyi məsləhət bilir, əks halda, İstanbul hökumətinin məhrumiyyətlərə düçar olacağını diqqətə çatdırırdı.

 

Xəlil bəy sədrəzəmə göndərdiyi növbəti teleqramlarında da “Aleksandropol qəzasında ümumilikdə 250 min erməninin yaşadığı və Türkiyəyə ilhaq edildikdən sonra onların idarə edilməsinin çətin olacağı” fikrini irəli sürərək, bu ərazinin ermənilərə güzəştə gedilməsinə təkid edirdi. Lakin Ənvər paşanın nümayiş etdirdiyi sərt mövqe qarşısında Osmanlı hökuməti irəli sürdüyü ərazi tələbləri üzərində israrla durdu və hansısa bir ərazi güzəştə getmək fikrini qəbul etmədi. Belə olan təqdirdə Xəlil bəy üçüncü bir yol seçdi ki, bu da Türkiyənin ermənilərdən aldığı torpaqların əvəzində azərbaycanlılara məxsus ərazilərin bir qismini onlardan alıb ermənilərə verməkdən ibarət idi. Bu təklif ilk əvvəl ermənilər tərəfindən irəli sürülmüşdü. Trabzon konfransı uğursuzluqla nəticələndikdən sonra Osmanlı hökumətinin tələbləri qarşısına silahla çıxmağın əsas tərəfdarı olan ermənilər indi daha da sərtləşən türk tələbləri qarşısında əlacsız bir vəziyyətə düşmüşdülər. Erməni nümayəndələri sərt türk tələbləri qarşısında çıxış yolu kimi təklif edirdilər ki, heç olmasa Cənubi Qafqaz müsəlmanlarından müəyyən ərazilər alınıb, ermənilərə verilsin. Bunun qarşılığında ermənilərlə müsəlmanlar arasında olan düşmənçilik də aradan qalxacaq və ermənilər Bakıdakı müsəlman əhalinin təhlükəsizliyini təmin etməyi öz üzərlərinə götürəcəklər. Xəlil bəy bu təklifi məqbul hesab etdi və “Osmanlı hökumətinin belə bir ərazinin ayrılmasının əleyhinə olmadığını” erməni nümayəndələrinə bəyan etdi. Erməni nümayəndələri də söz verdilər ki, belə bir razılıq əldə edilib gerçəkləşdiyi təqdirdə, ermənilər İstanbula bir heyət göndərərək, Osmanlı hökumətinə sədaqətlərini ərz edəcəklər.

 

(Davam edəcək)

Vasif QAFAROV

AMEA A.A.Bakıxanov adına Tarix

İnstitutunun aparıcı elmi işçisi,

tarix üzrə fəlsəfə doktoru, dosent

 

İSTİFADƏ EDİLMİŞ MƏNBƏ VƏ ƏDƏBİYYAT

 

  1. Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA), f. 970, siy. 1, iş 1.
  2. ARDA, f. 970, siy. 1, iş 4.
  3. ARDA, f. 970, siy. 1, iş 7.
  4. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi (ARPİİSSA), f. 276, siy. 9, iş 1.
  5. Türkiye Cumhuriyeti Genelkurmay Askeri Tarih ve Stratejik Etüd Dairesi Başkanlığı Arşivi (ATASE), BDH, K. 2917, D. 493, F. 1-136, 1-137.
  6. ATASE, BDH, K. 2919, D. 499, F. 3-1.
  7. ATASE, BDH, K. 2919, D. 499, F. 3-2.
  8. ATASE, BDH, K. 2919, D. 499, F. 3-11.
  9. ATASE, BDH, K. 2919, D. 499, F. 3-21.
  10. ATASE, BDH, K. 2919, D. 499, F. 3-26:3-29.
  11. ATASE, BDH, K. 2919, D. 499, F. 3-31.
  12. ATASE, BDH, K. 2919, D. 499, F. 3-32.
  13. ATASE, BDH, K. 2930, D. 553, F. 4.
  14. Türkiye Cumhuriyeti Cumhurbaşkanlığı Devlet Arşivleri Başkanlığı (BOA), HR.HMŞ.İŞO, no. 124/19.
  15. BOA, HR.HMŞ.İŞO, no. 124/20.
  16. BOA, HR.SYS, no. 2371/6.
  17. BOA, HR.SYS, no. 2372/1.
  18. BOA, HR.SYS, no. 2372/3.
  19. BOA, HR.SYS, no. 2398/4.
  20. BOA, HR.SYS, no. 2398/5.
  21. BOA, HR.SYS, no. 2399/1.
  22. Ermeni Komitelerinin İhtilal Hareketleri ve Besledikleri Emeller. Hazırlayan: İsmet Parmaksızoğlu. Ankara: DSİ Basım ve Foto-Film İşletme Müdürlüğü, 1981.
  23. Menteşe H. Osmanlı Mebusan Meclisi Reisi Halil Menteşe’nin Anıları. Hazırlayan: İsmail Arar. İstanbul: Hürriyet Vakfı Yayınları, 1986.
  24. Hovannisian R.G. Armenia on the Road to İndependence 1918. Los Angeles: Berkeley, 1967.
  25. Авалов З. Независимость Грузии в международной политике 1918-1921 гг. Воспоминания. Очерки. Париж: 1924.
  26. Качазнуни Ов. Дашнакцутюун больше ничего делать! Баку: Элм, 1990.
  27. Сокращенный перевод с армянского языка монографии Джона Киракосяна “Младотурки перед судом истории”. Ереван: Издательство “Айастан”, 1986 г. - http://armenianhouse.org/kirakosyan/youngturks-ru/chapter07.html

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2298
avatar

Oxşar yazılar