Əvvəli: https://lent.az/news/316721
Göründüyü kimi, mayın 21-də Qarabağa olan iddialardan imtina etmək müqabilində Azərbaycan tərəfi İrəvan şəhərini ermənilərə güzəştə getməyə deyil, “Aleksandropol quberniyası” hüdudlarında xüsusi erməni kantonunun təşkilinə razılıq vermişdi. Bu zaman erməni dövlətinin Aleksandropol siyasi mərkəz olmaqla yaradılması məsələsi müzakirə mövzusu idi. İrəvan siyasi mərkəz olmaqla erməni dövlətinin yaradılması məsələsi isə bundan iki gün sonra – mayın 23-də gündəmə gəldi.
Türk ultimatumu qarşısında Cənubi Qafqaz federasiyasının dağılmasına imkan verməmək üçün Xəlil bəyin ermənilərsiz müsəlman-gürcü federasiyasını yaratmaq istiqamətində göstərdiyi təşəbbüslər gürcülər tərəfindən qəbul edilmədi. Almanların tövsiyələri ilə hərəkət edən gürcülər artıq öz müstəqilliklərini elan etmək barədə qəti qərara gəlmişdilər. Sədrəzəmin “Osmanlı ordusu Qafqaza girdikdən sonra müsəlmanlarla gürcülərin ittihadını təmin edəcək” fikri ilə də razılaşmayan Xəlil bəy gürcülərə haqq verir, gürcü xalqının uzun illər ərzində apardığı istiqlal mübarizəsini və Sereteli, Çxeidze kimi aydınlar yetişdirdiyini önə sürərək, bu millətin müstəqil yaşamağa əzm etdiyini və müstəqil yaşayacağını vurğulayırdı.
Tələt və Ənvər paşaların “müstəqil gürcü dövləti yaradıldığı təqdirdə Qafqazın digər qismində müsəlman dövləti yaratmaq və ermənilərə dövlət yaratmağa imkan verməmək, ermənilərin yaşadığı əraziləri müsəlmanlarla gürcülər arasında bölüşdürmək” təklifi isə həm gürcülər, həm azərbaycanlılar, həm də Xəlil bəyin özü tərəfindən qəbul edilmədi. Batum konfransında əsas söz sahibi olan Xəlil bəy Cənubi Qafqaz Seyminin dağılacağı halda gürcü və müsəlman dövlətləri ilə yanaşı, erməni dövlətinin də yaradılmasını vacib hesab edir və bu mövqeyini sədrəzəmə də qəbul etdirmək üçün təkid edirdi. Amma erməni dövlətinin harada, hansı ərazilərdə yaradılması məsələsi həll edilməmişdi. Qarsın ardınca mayın 15-də Aleksandropol da türklər tərəfindən tutulduqdan sonra erməni dövlətinin İrəvan ətrafında yaradılması məsələsi gündəmə gəldi. İndi türklər erməni dövlətinin yaradılması üçün siyasi mərkəz olaraq ya Aleksandropolu ermənilərə verməli və bu şəhərlə bağlı irəli sürdüyü tələbindən geri çəkilməli, ya da İrəvanı müsəlmanlardan alıb, onlara verməli idilər. Bu iki seçim qarşısında Aleksandropoldan imtina etmək fikrini belə qəbul etməyən Osmanlı hökuməti ikinci varianta üstünlük verdi. Tələt paşa mayın 23-də Xəlil bəyə göndərdiyi teleqramda bu məsələ ilə bağlı aşağıdakı təlimatı verdi: “Ermənilərə gəlincə, onlar da İrəvanın kanton qismində təşəkkül edə bilərlər”. Xəlil bəy təkidli xahişlərindən sonra “İrəvanın kanton qismində” erməni dövlətinin yaradılması ilə bağlı Tələt paşadan aldığı bu razılığı çox yüksək qiymətləndirməklə yanaşı, erməni dövlətinin Aleksandropol mərkəz olmaqla yaradılması və Azərbaycan tərəfdən də ermənilərə müəyyən ərazi güzəştləri edilməsi ideyasını irəli sürdü. O, mayın 23-də sədrəzəmə göndərdiyi teleqramında yazırdı: “Ermənilərə gəlincə, onlar da İrəvanın kanton qismində təşəkkül edə bilərlər buyurulur. Bundan sizin Qafqaz konfederasiyası daxilində bir erməni siyasi mövcudiyyətinin əleyhinə olmadığınızı anlayaraq məmnun oldum. Bu bir siyasi zərurətdir. Çünki orada bir milyon yarım erməni vardır. Elə bir millət ki, məfkurəsi yüksək və milli vicdanı güclü və atəşlidir. Bunları tək bir nəfəri qalmayıncaya qədər məhv etmək mümkün olmayınca, bir qismini tələb etdiyimiz ərazi daxilində bizdə, digər bir qismini Qafqazda saxlamaq şəklində məsələni həll etmək Qafqazı daima gəmirəcək və yıxacaq, təhlükəsizlik və asayişdən məhrum edəcək bir anarxiya ocağı halına gətirəcək deməkdir. Qafqaz şimaldan kazak, cənubdan erməni təhdidi arasında öz mövcudiyyətini davam etdirə bilməyəcəkdir. Qafqazda ermənilərin ən kompakt yaşadığı yerlər bizim tələb etdiyimiz ərazilərdir. Bu ərazilərin xaricində qalan digər yerlərdə ermənilər müsəlmanlar arasında çox dağınıq bir şəkildə yaşayırlar. Alacağımız ərazilərin qarşı tərəfində ermənilərin siyasi birliyinin təşkili üçün bir ərazi ayrılmasının uyğun olub-olmadığını müsəlman nümayəndələrlə geniş müzakirə etdik və nəticədə bunun qeyri-mümkün olduğu məlum oldu”. Xəlil bəy daha sonra qeyd edirdi ki, erməni məsələsinin arzu etdiyimiz halda həllinin doğuracağı vahiməli nəticələrindən Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadə (Ənvər paşa tərəfindən İstanbuldan göndərilmiş bu şəxslər mayın 20-də Batuma gəlmişdilər) də daxil olmaqla bütün Qafqaz müsəlmanları və həmçinin gürcülər də narahatdırlar.
Xəlil bəyin Türkiyənin ərazi tələblərini bir qədər yumşaldıb, Axalkələk qəzasından gürcülərə müəyyən ərazi güzəştləri etmək təklifi Ənvər paşa tərəfindən sərt qarşılandığından o, Aleksandropolun ermənilərə güzəştə gedilməsi məsələsini hökumət qarşısında birbaşa qaldırmaqdan çəkinir və bu məsələni dolayı yolla qabartmağa üstünlük verirdi. O, Tələt paşaya göndərdiyi 23 may 1918-ci il tarixli teleqramında qeyd edirdi ki, Ə.Ağaoğlu və Ə.Hüseynzadə də bu məsələ ilə bağlı öz fikirlərini Ənvər paşaya yazacaqlar. Teleqramın sonunda Xəlil bəy bir daha erməni dövləti yaradılmasının vacibliyi üzərində duraraq, “hər tərəfdən türk dövlət və millətləri ilə əhatə olunmuş və onların yardımı ilə siyasi məfkurəsinə qovuşmuş bir erməni hökumətindən hər halda çox uzun zaman üçün belə zərərlər gəlməyəcəyi” qənaətində olduğunu bildirir və sədrəzəmin erməni məsələsində “çibanı kökündən təmizləmək və erməni dövlətinin yaradılmasına, ümumiyyətlə, imkan verməmək” fikrini qeyri-mümkün və həm Türkiyə, həm də Qafqaz üçün təhlükəli hesab edir, daha sonra yazırdı: “Qənaətlərimizin bu dərəcədə ayrıldığı bir məsələni xatırlamıram. Cismin bu vəzifəni öz üzərimə götürmək üçün məni məcbur etməsi nə qədər doğru imiş. Arzum xilafında olsa da, təbii ki, vəzifəmi icra edəcəyəm. Fəqət zərurət ilə qoyacağım bu imza həyatımın ən acı bir səhifəsi olacaqdır. Dövlət işi dövlət əsaslarına uyğun həll edilir. Belə mühüm bir məsələdə hissiyatıma hakim olmasam, bir dövlət adamı sifətiylə üzərimə götürdüyüm vəzifəmə zidd hərəkət etmiş olaram”.
Sənəddən də göründüyü kimi, Xəlil bəy “Osmanlı imperiyasına birləşdiriləcək ərazilərin qarşı tərəfində, yəni İrəvan ətrafında erməni dövlətinin yaradılması üçün bir ərazi ayrılmasının uyğun olub-olmadığı” məsələsini Azərbaycan nümayəndələri ilə də müzakirə etmiş və nəticədə bunun qeyri-mümkün olduğu məlum olmuşdu. Buna görə də Xəlil bəyin tövsiyəsi ilə Ə.Hüseynzadə və Ə.Ağaoğlu mayın 22-də bir surətini də Tələt paşaya göndərməklə, Ənvər paşaya xüsusi müraciət ünvanladılar. Müraciətdə deyilirdi: “Buradakı türk nümayəndələri və Seym üzvləri ilə aparılan müzakirələrdən gəldiyimiz ümumi qənaətləri sizə aşağıdakı xülasə şəklində ərz etməyi özümüzə borc bilirik. Osmanlı hökuməti tərəfindən ermənilərə aid veriləcək ultimatumun müddəalarından agah olan türk (Azərbaycan – V.Q.) nümayəndələri həmin ultimatumu ancaq Dövlət-i Aliyyəyə qarşı çıxmamaq üçün qəbul etməyə razı olublar. Həqiqətdə isə ultimatumun diktə ilə meydana gətirəcəyi vəziyyət heç bir tərəfi məmnun edəcək və təqib edilən məqsədi təmin edəcək mahiyyətdə qəbul olunmur. Çünki Osmanlı hökumətinin tələb etdiyi ərazilərin əhalisinin əksəriyyəti erməni olduğu halda, erməniliyin (erməni dövlətinin – V.Q.) təşəkkülü üçün nəzərdə tutulan yerlərin bir çox qəzalarında əhalinin əksəriyyəti müsəlmanlardır. Bu şəkildə erməni dövləti təşəkkül edə bilməz. Bu halda gürcülərin də ayrılaraq ayrıca müstəqil dövlət qurmağa qərar vermiş olduqları təxmin edildiyindən, istər Osmanlı imperiyasının, istərsə də Qafqaz türklərinin mənafeyi nöqteyi-nəzərindən dəyəri və böyük əhəmiyyəti məlum olan ümum-Qafqaz konfederasiyası fikri özlüyündə ortadan qalxır. Bundan başqa, gürcülər ermənilərin məskunlaşdığı ərazidən də əldə etdiklərindən, ultimatumun ehtiva etdiyi qəzalar xaricindəki erməni yerlərinin hamısı Azərbaycan hüdudu daxilində qalır. Bununla bərabər, Osmanlı imperiyası tərəfindən işğal olunacaq ərazidə yaşayan ermənilər də orada qalmayaraq, ümumən mühacirət etməyə və Azərbaycan ərazisinə doğru axışmağa başlayacaqlar”. Daha sonra müraciətdə, bu siyasətin gerçəkləşməsinin Qafqaz müsəlmanları üçün çox təhlükəli və faciəli nəticələrə yol açacağı, ümumi qırğına səbəb olacağı və ictimai-siyasi həyatı uzun müddət zəhərləyəcəyi diqqətə çatdırılır və bundan narahatlıq ifadə edilərək bildirilirdi: “Türkiyə və Rusiya kimi güclü dövlətlərin əsrlərcə rahatlığını pozan, düşmənçilik və nifrət hissləri ilə bəslənən ermənilərin hələ təşəkkül etməmiş və hərbi qüvvələri formalaşmamış Qafqaz müsəlmanları üçün böyük bəla ola biləcəyinə diqqəti yönəltmək istəyirik. Bu vəziyyətdə istər Azərbaycan türkləri üçün, istərsə də onları himayə edəcək Osmanlı imperiyası üçün Qafqaz ikinci bir Makedoniyaya çevriləcəkdir”.
Bütün bu arqumentləri irəli sürən Ə.Hüseynzadə və Ə.Ağaoğlu müraciətnamənin sonunda erməni dövlətinin yaradılmasına imkan verilməməsi və müsəlmanların üstünlüyü şəraitində Qafqaz konfederasiyası yaradılmasının vacibliyini vurğulayır və bunun həm Osmanlı imperiyası, həm də Qafqaz üçün faydalı olacağına qənaət hasil etdiklərini bildirirdilər.
Batum konfransındakı Azərbaycan nümayəndələri Cənubi Qafqaz federasiyasının dağılması halında erməni məsələsinin yaradacağı problemlər, xüsusilə də Osmanlı imperiyasına birləşdiriləcək ərazilərdən Azərbaycana doğru baş verə biləcək erməni köçü ilə bağlı Ə.Hüseynzadə və Ə.Ağaoğlu ilə eyni fikirdə olsalar da, erməni dövlətinin yaradılması məsələsində onların mövqeyini bölüşmürdülər. Çünki Ə.Hüseynzadə və Ə.Ağaoğludan fərqli olaraq, M.Ə.Rəsulzadə və M.H.Hacınski bu məsələ ilə bağlı mütəmadi olaraq həm Osmanlı heyəti ilə, həm də erməni nümayəndələri ilə müzakirələr aparmış və sonuncuların federasiyanın dağılması halında azərbaycanlılarla konfederasiyada birləşməyə maraqlı olmadıqları və öz dövlətlərini yaratmağa çalışdıqları məlum olmuşdu. Eyni zamanda, gürcülər də azərbaycanlılarla ermənilərsiz konfederasiya qurmağa razı olmamış və erməni dövlətinin də yaradılmasının vacibliyi tezisini irəli sürmüşdülər. Buna görə də Azərbaycan nümayəndələri federasiyanın dağılması halında kiçik bir ərazidə də olsa, erməni dövlətinin yaradılmasının vacibliyi mövqeyindən çıxış edir və bu dövlətin İrəvan deyil, Aleksandropol mərkəz olmaqla yaradılmasına çalışırdılar.
Ə.Hüseynzadə və Ə.Ağaoğlunun Ənvər və Tələt paşalara göndərdiyi müraciətdən bir gün sonra, 1918-ci il mayın 23-də Batum konfransındakı Azərbaycan nümayəndələri erməni dövlətinin yaradılması məsələsi ilə bağlı Ənvər paşaya böyük bir müraciətlə çıxış etdilər. Müraciətdə, Azərbaycan nümayəndələrinin Trabzon konfransının ilk günlərindən başlayaraq bütün siyasi məsələlərdə Osmanlı hökumətinin yeritdiyi siyasətə uyğun hərəkət etmək haqqında qərar qəbul etdikləri, bu günə qədər də həmin qərarlarını icra etdikləri və bundan sonra da ona sadiq olacaqları vurğulandıqdan sonra qeyd edilirdi: “Cənubi Qafqaz nümayəndə heyəti Trabzonu tərk etdiyi zaman müsəlman nümayəndələrinin Osmanlı heyət rəhbəri Rauf bəydən və Qafqaz cəbhəsi komandanı Vehib paşadan aldıqları tapşırıqlara görə, Osmanlı hökumətinin Cənubi Qafqaza yönələn ərazi tələbləri Brest-Litovsk müqaviləsinin müəyyən etdiyi sərhəd dairəsində idi. Bu zaman Qafqazın müsəlman əhalisinin Türkiyəyə yönələn ilhaq tələblərinə qarşı Osmanlı hökumət nümayəndələri hər vəchlə sübut etməyə çalışırdılar ki, Osmanlı imperiyasının siyasəti qüvvətli və müstəqil bir Qafqazın mövcudluğunu vacib bilir və buna görə də Qafqaz müsəlmanları konfederasiyada öz daxili müstəqilliklərini təmin etmək surətiylə digər Qafqaz millətlərindən ayrılmamalıdır. Biz də bu formulu qəbul edib, Osmanlı imperiyasına qarşı son ana qədər müqavimət göstərməkdə israr edən gürcü və ermənilərə bir tərəfdən Seymdən çıxmaq təhdidi, digər tərəfdən də Türkiyənin Qafqazın istiqlalına tərəfdar olub, Brest-Litovsk sülhünün müəyyən etdiyi sərhədi keçməyəcəyi ümidi ilə təzyiq edərək, onları Gegeçkori hökumətini süquta, Cənubi Qafqazın istiqlalını elana, Brest müqaviləsini qəbul etməyə və Türkiyə ilə müqavilə imzalayıb dostluq münasibətləri qurmağa vadar etdik. Mülahizələrimiz də ondan ibarət idi ki, kiçik müharibədən sonra Türkiyə sərhədi bir tərəfdən xristian Gürcüstana dayanacaq, digər tərəfdən Ermənistan istiqamətində də Şərqi Qafqaz müsəlmanları ilə fasiləsiz əlaqəni təmin edərək müəyyən ediləcəkdir. Biz müharibə təzminatı olaraq Brest-Litovsk sülhünün müəyyən etdiyi sərhədlərdən əlavə yalnız Axıska sancağı və Sürməlinin bir qisminin Türkiyəyə keçəcəyini təxmin etmişdik və gürcü və erməniləri də buna hazırlayıb, Batuma gəlmişdik”.
(Davam edəcək)
Vasif QAFAROV
AMEA A.A.Bakıxanov adına Tarix
İnstitutunun aparıcı elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru, dosent
İSTİFADƏ EDİLMİŞ MƏNBƏ VƏ ƏDƏBİYYAT
- Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA), f. 970, siy. 1, iş 1.
- ARDA, f. 970, siy. 1, iş 4.
- ARDA, f. 970, siy. 1, iş 7.
- Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi (ARPİİSSA), f. 276, siy. 9, iş 1.
- Türkiye Cumhuriyeti Genelkurmay Askeri Tarih ve Stratejik Etüd Dairesi Başkanlığı Arşivi (ATASE), BDH, K. 2917, D. 493, F. 1-136, 1-137.
- ATASE, BDH, K. 2919, D. 499, F. 3-1.
- ATASE, BDH, K. 2919, D. 499, F. 3-2.
- ATASE, BDH, K. 2919, D. 499, F. 3-11.
- ATASE, BDH, K. 2919, D. 499, F. 3-21.
- ATASE, BDH, K. 2919, D. 499, F. 3-26:3-29.
- ATASE, BDH, K. 2919, D. 499, F. 3-31.
- ATASE, BDH, K. 2919, D. 499, F. 3-32.
- ATASE, BDH, K. 2930, D. 553, F. 4.
- Türkiye Cumhuriyeti Cumhurbaşkanlığı Devlet Arşivleri Başkanlığı (BOA), HR.HMŞ.İŞO, no. 124/19.
- BOA, HR.HMŞ.İŞO, no. 124/20.
- BOA, HR.SYS, no. 2371/6.
- BOA, HR.SYS, no. 2372/1.
- BOA, HR.SYS, no. 2372/3.
- BOA, HR.SYS, no. 2398/4.
- BOA, HR.SYS, no. 2398/5.
- BOA, HR.SYS, no. 2399/1.
- Ermeni Komitelerinin İhtilal Hareketleri ve Besledikleri Emeller. Hazırlayan: İsmet Parmaksızoğlu. Ankara: DSİ Basım ve Foto-Film İşletme Müdürlüğü, 1981.
- Menteşe H. Osmanlı Mebusan Meclisi Reisi Halil Menteşe’nin Anıları. Hazırlayan: İsmail Arar. İstanbul: Hürriyet Vakfı Yayınları, 1986.
- Hovannisian R.G. Armenia on the Road to İndependence 1918. Los Angeles: Berkeley, 1967.
- Авалов З. Независимость Грузии в международной политике 1918-1921 гг. Воспоминания. Очерки. Париж: 1924.
- Качазнуни Ов. Дашнакцутюун больше ничего делать! Баку: Элм, 1990.
- Сокращенный перевод с армянского языка монографии Джона Киракосяна “Младотурки перед судом истории”. Ереван: Издательство “Айастан”, 1986 г. - http://armenianhouse.org/kirakosyan/youngturks-ru/chapter07.html