Mordoviyada regional yol polisi idarəsinin rəisi dostuna qanunsuz olaraq “zerkalni” nömrələr verdiyi üçün tutduğu vəzifədən azad edilib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, materiallara görə, polis kapitanı Sergey Nazarov bu vəzifəyə 2023-cü ildə təyin olunub. Bir ildən sonra onunla bağlı xidməti araşdırma başlanıb. Onun xidməti vəzifəsindən istifadə edərək şəxsi maraqlarına görə dostuna istədiyi dövlət nömrə nişanlarının verilməsini təşkil etdiyi də məlum olub. Nömrə əvvəlcə köhnə “Volqa” üçün buraxılıb, sonra isə “Subaru Forester”in sahibinə verilib.
Nazarov izahat verməkdən imtina edib və öz istəyi ilə istefa verməyə cəhd edib, lakin rəhbərlik onu daha əvvəl “etimadı itirdiyinə görə” ifadəsi ilə işdən çıxarıb.
Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin sabiq rəisi bu qərarla razılaşmayıb. O, işdən çıxarılma səbəbinin daha yumşaq - iş stajına görə dəyişdirilməsini tələb edərək məhkəməyə müraciət edib.
Lakin Saransk məhkəməsi iddianı təmin etməkdən imtina edib və işdən çıxarılmasını qanuni hesab edib. Apellyasiya şikayəti də kömək etməyib - iyunun sonunda Mordoviya Ali Məhkəməsi aşağı instansiya məhkəməsinin qərarını təsdiqləyib.