Rusiyanın Koltsovo hava limanının gömrük postunun müfəttişləri Yekaterinburqdan Bakıya uçmaq istəyən iki azərbaycanlı sərnişində təxminən 200 ampul natrium tiosulfat aşkar ediblər.
Lent.az yerli mediaya istinadla bildirir ki, onların baqajından ümumi çəkisi 4 kiloqrama yaxın olan bəyan edilməmiş dərman preparatları aşkar edilib.
Sərnişinlərdən birinin dediyinə görə, dostu ona dərmanları Azərbaycana gətirmək üçün qeydiyyatdan əvvəl verib. İkincisi dərmanları Bakıya çatdırmaq üçün tanımadığı şəxsdən alıb.
Sərnişinlər günahlarını etiraf ediblər. Onlara İnzibati Xətalar Məcəlləsinin 16.2-ci maddəsi (Malların bəyan edilməməsi və ya saxta bəyan edilməsi) ilə protokol tərtib olunub.
"İnzibati yaxud hətta cinayət işində təqsirləndirilən şəxs olmamaq üçün tanıdığınız və ya tanımadığınız insanlardan mal və digər əşyaları qəbul etməyin, sizdən nəsə daşımağı xahiş edənlərdən imtina edin" deyə Koltsovo Hava Limanı gömrük postunun (sərnişin) rəisi Sergey Borovik deyir.
Qanunvericiliyə görə, azərbaycanlıları mümkün müsadirə ilə birlikdə malın dəyərinin bir-iki misli miqdarında cərimə gözləyir.