Qardaşını körpəsinin gözü önündə öldürdü - Amin Nurinin MƏHKƏMƏSİ
12 noyabr 2025 18:28 (UTC +04:00)

Qardaşını körpəsinin gözü önündə öldürdü - Amin Nurinin MƏHKƏMƏSİ

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə qardaşını qətlə yetirməkdə təqsirləndirilən Amin Nurinin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az-ın məlumatına görə, məhkəmə ilk olaraq anket məlumatlarını dəqiqləşdirib.

Daha sonra məhkəmə istintaqının başladılması elan edilib.

Təqsirləndirilənin vəkili müdafiə etdiyi şəxsin psixoloji ekspertizadan keçməsi ilə bağlı vəsatət qaldırdı.

Zərərçəkənin hüquqi varisi etiraz edərək A. Nurinin hadisəni törədərkən anlaqlı vəziyyətdə olduğunu deyib. 

Dövlət ittihamçısı isə çıxışında vəsatətin baxılmamış saxlanılmasını istəyib.

Qısa sürən müşavirədən sonra məhkəmə vəsatətin baxılmamış saxlanılması barədə qərar  elan edib.

Daha sonra dövlət ittihamçısı çıxış edərək ittiham aktını elan edib. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyini bildirib. 

Zərərçəkənin hüquqi varisi  təqsirləndirilən şəxsi tanıdığını, lakin onunla o qədər yaxşı münasibətinin olmadığını dedi:

"Əvvəllər ailə olaraq çox yaxşı münasibətimiz olub. Lakin zamanla həyətlə bağlı getdikcə mübahisələr yaranırdı. Hadisə günü uşaq çox xəstə idi, qızdırması düşmürdü. Onu güclə yatırdıb süfrə açmağa getdim. Çöldə səslər eşitdim ki "Səbinə, çıx, çıx". Çıxdım ki, Amin uşağın başından tutub, uşaq qan içindədir. Dedim "Ay Allah, Aslan elə biləcək nəzarət etməmişəm, çarpayıdan yıxılıb. Uşağı tez ondan alıb geyimini dəyişdirdim, çölə qaçdım ki, Aslan yerdə qan içində idi. Onlar bizə o həyətdə yaşamağımıza imkan vermirdi. Dörd aydır o evdən çıxmışıq, ailəsi də bilir ki, gedəcək yerim yox, bu gün-sabah başqa körpəm də dünyaya gələcək. Bu müddət içində bir dəfə də olsun bizimlə maraqlanmayıblar ki, bunlar nə yeyir, nə içir".

Təqsirləndirilən Amin Nuri məsələnin ev məsələsinə görə deyil, Aslan Nurinin narkotik istifadəçisi olduğuna görə onlarla eyni həyətdə yaşamaq istəmədiyini bildirib:

"Mən ailəmə görə onunla eyni həyətdə yaşamaq istəmirdim. Səbinəni nişanlı vaxtlarından da neçə dəfə onu döydüyü yerdə Aslanın əlindən qurtarmışam. Küçənin ortasında vəhşi kimi onu basıb döyürdü. Hətta qardaşım olmasına baxmayaraq neçə dəfə ona dedim ki, "Qardaşım narkomandır, oğrudur, get özünə başqa həyat qur".

Məhkəmə növbəti prosesin 10 dekabr  saat 16:00-a təyin olunduğunu elan edib.

Xatırladaq  ki, hadisə 2025-ci il iyulun 3-ü səhər saatlarında Binəqədi rayonunun ərazisində baş baş verib. 1996-cı il təvəllüdlü Aslan Elgün oğlu Nuri yaşadığı evdə qətlə yetirilib. Aslan Nurinin qardaşı 1991-ci il təvəllüdlü Amin Nuri hadisədən sonra polis şöbəsinə gedərək qardaşını öldürdüyünü etiraf edərək könüllü təslim olub.

Onu da qeyd edək ki, Aslan Nuri azyasli körpəsinin gözü qarşısında qətlə yetirilib. Hadisədən sonra Amin Nuri qucagında qardaşının qana bulaşmış körpəsini uşağın anasına verərək qardaşını öldürdüyünü bildirərək könüllü polisə gedəcəyini deyib.

Hadisənin qardaşlar arasında mülk bölgüsü ilə bağlı olduğü bildirilib.

Hadisəni törətməkdə təqsirləndirilən Amin Nuri müharibə iştirakçısı və həmçinin zabit olub.

 

Fərqanə Novruzova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 278

Oxşar yazılar