Respublika günü və diplomatik orqanların 100 illiyi Strasburqda qeyd olunub
29 may 2019 02:46 (UTC +04:00)

Respublika günü və diplomatik orqanların 100 illiyi Strasburqda qeyd olunub

2019-cu il mayın 28-də Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyi tərəfindən Strasburq şəhərində “28 May - Respublika günü” və diplomatik orqanların 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

Nümayəndəlikdən ONA-ya bildirilib ki, tədbirdə Avropa Şurasının rəsmiləri, o cümlədən Baş katibin müavini Qabriella Battaini-Draqoni və Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Linos-Aleksandr Sisilianos, Strasburqdakı diplomatik korpusun çoxsaylı təmsilçiləri, habelə yerli hakimiyyət orqanları, elmi və ictimai dairələr və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

 

Azərbaycanın dövlət himni ilə başlayan tədbirdə açılış sözü ilə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov çıxış edib. O, ilk əvvəl xalqımızın tarixində 1918-ci il mayın 28-də quruluşu elan olunmuş Azərbaycan Demokratik Respublikasının (ADR) tutduğu yerdən danışıb və xüsusilə müsəlman şərqində ilk dünyəvi parlament respublikası kimi onun buraxdığı əvəzsiz mirasın hər bir azərbaycanlı üçün fəxr mənbəyi təşkil etdiyini bildirib. Daimi nümayəndə ADR-in qısa dövrdə qazandığı çoxsaylı nailiyyətlər sırasında 1919-cu ildə qadınlara səsvermə hüququnun verildiyini ayrıca olaraq iştirakçıların diqqətinə çatdırıb.

 

F.İsmayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil, müasir və demokratik Azərbaycanın ADR-in əsaslandığı prinsip və ideallara sadiq qaldığını bəyan edib və bu yolda usanmadan irəlilədiyini vurğulayıb.

 

O, həmçinin Azərbaycanın diplomatik xidmət orqanlarının tarixçəsinə nəzər salaraq, 100 illiyini qeyd edən Azərbaycan diplomatiyası qarşısında dayanan məqsədlər barədə məlumat verib.

 

Avropa Şurası Baş katibin müavini Qabriella Battaini-Draqoni öz növbəsində təmsil etdiyi təşkilat ilə Azərbaycan arasındakı əməkdaşlıq barədə fikirlərini bölüşüb. O, Azərbaycan Respublikasının Avropa Şurasına üzvlüyündən bəhrələndiyi kimi, ölkəmizin də təşkilatın fəaliyyətinə əhəmiyyətli töhfə verdiyini söyləyib. O, xüsusilə Azərbaycan rəhbərliyinin dinlər və mədəniyyətlər arasında dialoqun təşviqinə verdiyi davamlı dəstəyi təqdir edib. Xanım Battaini-Draqoni Avropa Şurası perspektivindən bu dialoqun demokratiya və insan haqlarına hörmətin təşviqi kontekstində qarşılıqlı anlayışın əhəmiyyətini tədris etdiyini bildirib. Çıxışının sonunda Baş katibin müavini bütün azərbaycanlıları Respublika günü münasibətilə təbrik edib.

 

Tədbir daha sonra Prezident mükafatı laureatı və Prezident təqaüdçüsü, Azərbaycanın gənc istedadlı pianoçusu Nərmin Nəcəflinin ifasında konsert proqramı ilə davam edib. Onun ifa etdiyi Azərbaycan və Avropa bəstəkarlarının əsərləri iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

# 598
avatar

Oxşar yazılar