1958
16:20
23 Aprel 2019

Tanınmış rejissor haray çəkdi: “Haqsız yerə ləkələnmiş adla yaşamaq olmur”

Cavid Təvəkkül adı çoxdan kinosevərlərə tanışdır. İctimai Televiziyada “Carçıfilm”də xeyli uğurlu işlərin altına imza atıb. Filmə baxıb, “bu Cavid Təvəkkülündür” - düşünürdük və titrlərdə adını görüb, yanılmadığımızı görürdük. Cavid Təvəkkül imzasını belə tanıtdırıb sevdirmişdi. Təbii ki, filmləri ilə.

24 iyun 1974-cü ildə Tərtərdə anadan olub. Orta məktəbi Mingəçevirdə oxuyub. Tatarıstan Turizm Akademiyasının prodüserlik fakültəsinin məzunudur. Beynəlxalq Kino Məktəbində rejissorluq təhsili alıb, Moskvada kinorejissor kurslarında təhsil alıb.

“Mən və Şəhər”, “Ağlayan Əsgər”, “Azarkeş”, “Sovqat”, “Əzizim Fellini”, “Səhərə inan” bədii filmlərinin, “Döngələr” çoxseriyalı bədii televiziya filminin rejissorudur.

2011 ildə Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.

Beş ildir, İctimai televiziyadan işdən çıxarılıb. Niyə? Bu barədə özü ilə söhbət etdik. Daha doğrusu, Cavid Təvəkkülü Lent.az -a bu səbəb, onu araşdırıb aydınlaşdırmaq arzusu gətirib çıxardıb.

- Uzun müddətdir, adımı ləkələməyə çalışırlar və bunun müqabilində mənə müəyyən şirkətlərlə əməkdaşlıqda problemlər yaranır. Yaradıcılıqla məşğul olan adamam, heç vaxt mühasibatlıqla heç bir bağlılığım olmayıb. Yalnız müqavilə ilə mənə vəd olunan qonorardan başqa bir qəpik əlavə pul görməmişəm. Qonorarımızı belə, vəd olunan, müqavilədə yazılan kimi vermədilər, yalnız bir hissəsini ala bildim.

- Gəlin, lap əvvəldən başlayaq. Söhbət “Qarabağnamə” filmindən gedir?

- Bəli. Çoxseriyalı, hərəsi saat yarımlıq 10 seriyalı film olacaqdı. İsmayıl Ömərovun vaxtında İctimai televiziyada çəkilirdi. Filmin Avropa Televiziya Yayımları Birliyinə üzv olan tele kanallarda yayımı da nəzərdə tutulurdu. Azərbaycanın, xüsusən Qarabağın tarixi, həqiqətləri bu filmdə öz əksini tapmışdı. Kanal rəhbərliyi dəyişərkən şirkətini təhvil təslim prosesində filmin istehsalı dayandırıldı, mən bu layihədən uzaqlaşdırıldım. Baş verənlər Cəmil Quliyev kanala rəhbər gələndən sonra olsa da, düşünürəm ki, bütün bunlar AzTV-nin o vaxtkı rəhbərliyinin iradəsini əks etdirmişdi. Çünki Cəmil müəllim mənim sənət müəllimimdir və inanmıram ki, o, belə bir qərarın verilməsində israrlı olsun.

- Sizə konkret kim deyib ki, “Qarabağnamə”yə ayrılan vəsaiti mənimsəmisiniz?

- Rəsmi surətdə bu heç bir fakta əsaslanmır və bunu yazılı olaraq kimsə mənə bildirməyib. Bəzi televiziya layihələrinə dəvət olunarkən müzakirə zamanı kanal rəhbərliyi mənim adımı siyahıdan çıxarıb, bu da gəzən şayiələrə görə baş verib. Düşünürəm ki, bu şayiə və böhtanların yayılması konkret şəxslərin marağında olub.

Hamı bilir ki, kanal rəhbərliyi dəyişəndən sonra “Qarabağnamə”yə ayrılan vəsait kimin əlində olub. Məlumdur ki, hər bir kanalda rəhbərlik dəyişərkən kanalın təhvil-təslim prosesi həyata keçirilir, amma maraqlıdır ki, mənim üzərimə atılan böhtanla bağlı heç bir yazılı fakta rast gəlinməyib. Əgər doğrudan da mən hansısa bir saxtakarlığa yol versəydim, rəsmi formada bunu mənə və lazımı instansiyalara bildirərdilər.

Hamı bilir ki, mən daim keyfiyyətli işin tərəfdarı olmuşam və işlərimdə də bunu sübut etmişəm. Heç vaxt film istehsalı zamanı heç bir maliyyə işlərinə qarışmamışam, məni yalnız bədii keyfiyyət maraqlandırıb.

İctimai Televiziyadan işdən çıxarılanda 17 min manat kreditim vardı, zülmlə ödədim. Televiziyada işləyərkən aylıq məvacibimin yarısı kreditə gedirdi, işdən çıxarıldım, məvacib də olmadı, qaldım belə. Sizcə, mənim durumum göstərmir ki, mən hansısa saxtakarlığa yol vermişəm, ya yox? Heç nəyin yiyəsi deyiləm. Atamın təqaüdü hesabına yaşayıram bu saat.

O televiziyada “Carçıfilm”i biz yaratmışıq. Bu, kinonun inkişafı üçün görülən iş idi. Bu günlərdə İctimai Televiziyanın yeni rəhbərliyi yaxşı işlərə imza atır. İstedadlı insanları yığır, layihələrə start verirlər. Düşünürəm ki, bundan sonra İctimai Televiziyanın yeni rəhbərliyi başqaları kimi mənim adım olan hər hansı maraqlı bir layihəyə etiraz etməz. Məncə, yeni rəhbərlik bu dedi-qoduya inanmaz .

Yaş gedir, iş görmək istəyirəm. İndi İctimai Televiziyada, o vaxt olduğu kimi, kino ilə bağlı yaxşı işlər görülür. Hər zaman arzulamışam ki, mənə doğma olan İctimai kanalda yenidən rejissor kimi müxtəlif layihələrə imza atım.

- “Qarabağnamə”nin taleyi necə oldu?

- Sonradan Cəmil Quliyev məni çağırdı və dedi ki, tamamla bu filmi. Mən də başladım işə, ssenarini yenidən gözdən keçirdim, məkanları yenidən təyin etdik, yenidən aktyorlarla danışdıq. İş gəlib çəkməyə dayananda dedilər texnika yoxdur. Halbuki bazada mənə lazım olan texnika var idi. Hansısa qüvvələr o möhtəşəm işin görülməsini istəmirdi. Mən də çıxıb getdim, amma film bərbad formada tamamlandı.

Ondan sonra Mədəniyyət Nazirliyi ilə “Dərs” bədii filmini çəkdim. 7-8 festivalda əsas mükafatlar alıb. Heydər Əliyev Fondunun sifarişi ilə Bakı Media Mərkəzində “Bir günəş altında” filmini çəkmişəm.

Çəkdiyim filmləri götürüb baxsınlar, pisdirsə, bir də film çəkməyim. İctimai kanaldakı bütün texnika mənim təşəbbüsümlə alınıb, “Carçıfilm”i açmışıq ki, yaxşı filmlər çəkək. Öz hesabıma çəkdiyim film 32 festivaldan dəvət alıb. “Şekspir” filmi. Gedə bilmədik. Onu çəkməklə özümü yoxladım ki, görüm hələ varammı? Üstünlüyü odur ki, özüm necə istədimsə, elə çəkdim, çərçivəsiz-filansız. Dostlar texniki işlərdə təmənnasız köməklik etdilər. Bir ssenarim var, pul tapa bilmirəm çəkməyə. Etnoqrafik dramdır, psixoloji filmdir, həm də olmuş hadisə üzərində yazmışam. İki nəfərin filmidir - bir qız, bir oğlan. Oğlanı da tapmışam. 10 ildir yazmışam onun ssenarisini. “Döngələr” filmini çəkəndə Quba tərəfdə rast gəldiyimiz hadisəni yazmışam. Qaldırıb işlərimizə də bir baxsın İctimai TV-nin indiki rəhbərliyi, görsün necə filmlər çəkmişik. Hansı festivallarda iştirak etmişik, mükafatlar almışıq. İctimai Televiziya mənim ilk addımlarımı atdığım, rejissor adı qazandığım ocaqdır, doğmadır mənə. Az büdcəylə keyfiyyətli işlər görmüşük. Adam nə qədər işsiz qalar? Niyə mənim potensialım içimdə yansın? Bir də axı ləkəli, həm də haqsız yerə ləkələnmiş adla yaşamaq olmur. Çağırsın böyüklərimiz soruşsun, araşdırsın, hamı ilə söhbət edib məsələyə açıqlıq gətirməyə hazıram. Yetər ki, araşdırıb aydınlığa çıxartmaq istəyən tapılsın...