387
23:53
31 Mart 2019

Komandamız Qran-prinin gümüş medalını qazandı

Bu gün Tiyedə (Fransa) bədii gimnastika üzrə ənənəvi Qran-pri yarışlarının final mərhələləri baş tutub.
Azərbaycan Gimnastika Federasiyasından ONA -ya verilən məlumata görə, artıq bir neçə gündür davam edən mübarizənin sonunda Azərbaycanın qrup hərəkətləri komandası gümüş medal qazanmağa müvəffəq olub.
Aliyə Paşayeva, Siyana Vasileva, Ayşən Bayramova, Diana Əhmədbəyli və Zeynəb Hümmətovanın “Çəhrayı Pantera” musiqisinin sədaları altında 3 halqa və 2 cüt gürzlə icra etdikləri kompozisiya 23,950 xalla dəyərləndirilib. Bununla da qızlarımız fəxri kürsünün 2-ci pilləsinə yüksəliblər. Turnirin qızıl medalını Ukrayna, bürünc medalına isə Rusiya komandası sahib olub.
Qeyd edək ki, qrup komandamız çoxnövçülükdə 13 komanda arasında 5-ci yerdə qərarlaşıb. Yarışda fərdi çıxışları ilə ölkəmizi təmsil edən Zöhrə Ağamirova isə 4 alət üzrə çıxışlarının ümumi nəticələrinə əsasən sıralamada 15-ci olub.