414
10:23
28 Mart 2019

Məmurlar üçün YENİ TƏLƏBLƏR

Nazirlər Kabineti “Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin Davranış Kodeksi”ni təsdiqləyib.
ONA -nın məlumatına görə, dövlət satınalmalarına cəlb olunan hər bir əməkdaş Davranış Kodeksinin müddəalarını ətraflı öyrənməli və onun tələblərinə əməl etməlidir.
Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxsin davranışına olan tələblər aşağıdakılardır:
- qanunun aliliyi - dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs vəzifə funksiyalarının icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan qanunlarının, habelə Azərbaycanın Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə, insan hüquqlarına və demokratik prinsiplərə əməl etməyə borcludur;
- vicdanlılıq - dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs cəmiyyət və dövlətin maraqları naminə öz peşə fəaliyyətini keyfiyyətlə, səmərəli və vicdanla yerinə yetirməyə borcludur. O, bütün hallarda hər bir şəxs üçün nümunə olmalı, sənədlərə və müraciətlərə vaxtında baxılması üçün qanunda nəzərdə tutulmuş bütün zəruri tədbirləri görməlidir;
- peşəkarlıq və fərdi məsuliyyət - dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs öz fəaliyyətini Azərbaycan R qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. O, öz üzərinə düşən vəzifə və öhdəlikləri həyata keçirmək üçün zəruri olan nəzəri və təcrübi bilik səviyyəsini daim inkişaf etdirməli, öz peşəkar fəaliyyəti ilə dövlət orqanına hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməli, satınalma prosedurlarının təşkilinə cəlb olunan digər mütəxəssislərin dövlət sənədlərinin tərtibatında yaranan çətinliklərin aradan qaldırılması üçün mütəxəssislərin maarifləndirilməsi istiqamətində işlər görməlidir;
- loyallıq - dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs onun peşə vəzifəsinə aid olmadığı hallarda, işlədiyi və digər dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməli, peşə fəaliyyəti zamanı öz adına və nüfuzuna, habelə çalışdığı müəssisənin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir;
- qərəzsizlik - dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs peşə vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı, satınalma prosedurlarının iştirakçıları arasında fərq qoymamalı, özünün və ya maraqlı şəxslərin mənafelərinin vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə yol verməməli və buna şərait yaratmamalıdır;
- ictimai etimad - dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs peşə nüfuzunu möhkəmləndirməli, öz adını, şərəf və ləyaqətini uca tutmalı, davranış qaydalarına nümunəvi olaraq əməl etməli, ictimai etimad qazanmasına çalışmalıdır;
- mədəni davranış - dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır;
- konfidensiallıq - qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs öz vəzifələrinin icrası ilə bağlı ona məlum olan məlumatların konfidensiallığını təmin etməlidir.
Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxsin vəzifəsi aşağıdakılardır:
- xidmət etdiyi dövlət orqanının sərəncamında olan məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada əldə olunması və yayılması mümkünlüyünü təmin etmək;
- dövlət orqanında müəyyən olunmuş xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etmək;
- xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə etməmək;
- xidməti vəsaitin və əmlakın korlanmasının, oğurlanmasının və talan edilməsinin qarşısının alınması üçün tədbirlər görmək, xidməti istifadəsində olan xidməti vəsaitlərə ehtiyatla yanaşmaq, onlara kənar müdaxilənin qarşısını almaq, onlar zədələndikdə, korlandıqda və ya itirildikdə, bu barədə rəhbərliyə məlumat vermək;
- dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən, texniki nəzarət vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları, həmçinin, xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan məqsədlər üçün istifadə etməmək.