Almas İldırım bu gün dünyaya gəlib
25 mart 2019 10:33 (UTC +04:00)

Almas İldırım bu gün dünyaya gəlib

 

 

Azərbaycan ədəbiyyatı tarixinə Almas İldırım kimi daxil olmuş şairin əsl adı Əbdülhəsəndir,  uşaqlıqdan onu babasının adı ilə-Almas çağırırdılar. Şeirlərini Almas İldırım imzasıyla dərc etdirdiyindən bu adla da tanınıb.

 

Almas İldırım 1907-ci il mart ayının 25-də Bakının Qala kəndində anadan olub. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Almas İldırımın bəy nəslindən olması onu sovet rejiminin cəza tədbirlərinin hədəfinə çevirir. O, Azərbaycan Dövlət Universitetinin şərq ədəbiyyatı fakültəsindən xaric edilir.

 

1926-cı ildə şair Süleyman Rüstəm ilə birlikdə "Dün bugün" adlı şeir məcmuəsinin müəllifi olur. 1928-də şeirlərində ifadə olunan millətçi ismarıclarına görə Dağıstana sürgün edilir. Sürgündə "Dağlardan xatirələr", "Ləzgi elləri", "Krımda axşamlar", "Səlimxan" və "Günah kimdədir?" adlı şeirlərini yazır. 1930-cu ildə Bakıya qayıdıb "Dağlar səslənərkən" şeirlər məcmuəsini nəşr etdirir. Lakin kitab senzuradan keçməyib şairin Azərbaycan Yazıçılar Birliyindən qovulmasına səbəb olur. Bu dəfə o Türkmənistana sürgün edilir. Orada bir müddət məktəb direktoru vəzifəsində çalışır. Azərbaycandan Aşqabada göndərilən bir QPU agenti (Əkbər Ruhi) öz müşahidələri əsasında belə nəticəyə gəlmişdi ki, "A.İldırım ideolojimiz üçün zərərli bir insandır...". Bundan sonra Türkmənistanda qalmaq Almas İldırım üçün təhlükəli idi və 1933-cü ilin iyun ayında o, yenicə evləndiyi Zivər xanımı və üç aylıq körpəsi Azəri də götürüb İrana doğru istiqamət alan qaçaqçı bir dəvə karvanına qoşulur.

 

Sərhəd gözətçilərinin və gömrük məmurlarının gözünə görünməmək üçün ən çətin cığırlarla sıldırım qayalar ötüb, uca dağlar aşdıqdan sonra böyük məşəqqətlə İran torpağına çatırlar. Almas İldırım dərhal həbs olunur. 25 gün dustaq qalır. Onu bolşevik casusu hesab edərək işgəncə verilir, istədikləri məlumatı qoparmaq üçün sinəsinə qədər soyuq suyun içərisində saxlayırlar. Bu işgəncə şairin səhhətində dərin izlər qoyur. O, sağalmaz böyrək xəstəliyinə mübtəla olur. Nəhayət, azad edilib Məşhəd şəhərinə göndərilir. Burada ürəyincə iş tapa bilməyən Almas İldırım çox yoxsul, acınacaqlı həyat sürür.

 

Almas İldırım İranda qala bilməyib tezliklə Türkiyəyə gedir. 1934-cü ildə Almas İldırım Türkiyə vətəndaşlığına qəbul edildi. Almas İldırım Türkiyədə katibliklə, kargüzarlıqla məşğul olur, ibtidai məktəbdə dərs deyir. Ömrünün təqribən 12 ilini isə o, yaradıcılığını davam etdirməklə yanaşı müxtəlif ölkələrdə bucaq müdirliyində (qəsəbə bələdiyyəsində) çalışıb. 1952-ci ilin 14 yanvarında böyrək xəstəliyindən vəfat edən Almas İldırımın Azər, Araz, Orxan və Bakıxan adlı dörd oğlu olub. Bakının Şüvəlan kəndində Almas İldırımın adını daşıyan küçə var.

 

# 1436
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar