Smartfon istifadəçiləri arasında telefonun gündüz saatlarında şarj edilməsinin batareyaya zərər verdiyi barədə fikir geniş yayılıb. Lakin mütəxəssislər bildirirlər ki, problem şarjın vaxtında deyil, istifadəçilərin yanlış şarj vərdişlərindədir.
Lent.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, litium-ion batareyalar ən çox telefonun mütəmadi olaraq 100 faizə qədər doldurulması və uzun müddət şarjda saxlanılması zamanı köhnəlir.
Xüsusilə cihazın gecə boyu şarjda qalması və ya daim tam dolu vəziyyətdə istifadə edilməsi batareyanın ömrünü azalda bilər.
Batareyanın daha uzun müddət sağlam qalması üçün telefonun şarj səviyyəsinin əsasən 20-80 faiz arasında saxlanılması tövsiyə olunur. Bundan əlavə, cihazın yüksək temperaturda və ya birbaşa günəş işığı altında şarj edilməsinin də batareyaya mənfi təsir göstərdiyi vurğulanır.
Qeyd olunur ki, müasir smartfonlarda batareyanı qorumaq üçün müxtəlif proqram təminatı həlləri olsa da, düzgün şarj vərdişləri hələ də batareyanın ömrünü uzatmağın ən təsirli yolu hesab edilir.
Buna görə də, telefonun gündüz və ya gecə şarj edilməsindən çox, onun necə şarj edildiyinə diqqət yetirmək lazımdır.