Yeni Android smartfonu  alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr
22 iyun 2026 19:13 (UTC +04:00)

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

0

Yeni Android smartfonu ilk dəfə işə salarkən əksər istifadəçilər Wi-Fi şəbəkəsinə qoşulur, hesablarını əlavə edir və sistem yeniləmələrini quraşdırır. Lakin mütəxəssislər bildirirlər ki, bununla iş bitmir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ekspertlər telefonun daha rahat, sürətli və təhlükəsiz işləməsi üçün ilk gündən dəyişdirilməsi tövsiyə olunan dörd vacib parametri açıqlayıblar.

Adaptiv parlaqlığı söndürün

Bir çox Android telefonunda adaptiv parlaqlıq funksiyası standart olaraq aktiv olur. Bu funksiya ətrafdakı işıq səviyyəsinə uyğun olaraq ekranın parlaqlığını avtomatik tənzimləyir. Nəzəri baxımdan bu həm batareyaya qənaət edir, həm də istifadəni rahatlaşdırır. Ancaq praktikada ekran bəzən həddindən artıq parlaq, bəzən isə lazım olduğundan daha tutqun görünə bilər.

Bu səbəbdən mütəxəssislər ekran ayarlarına daxil olaraq adaptiv parlaqlığı söndürməyi və özünüz üçün rahat parlaqlıq səviyyəsini əl ilə təyin etməyi məsləhət görürlər.

Ekranın sönmə vaxtını artırın

Əksər Android telefonlarında ekran təxminən 30 saniyə istifadə olunmadıqda avtomatik sönür. Bu müddət kitab oxuyarkən, məqalələrə baxarkən və ya videolar izləyərkən narahatlıq yarada bilər. Mütəxəssislər ekranın sönmə vaxtını 1 və ya 2 dəqiqəyə qədər artırmağı tövsiyə edirlər.

Bunun üçün "Parametrlər" "Ekran""Ekranın sönmə vaxtı" bölməsinə daxil olmaq kifayətdir. İstənilən vaxt bu ayarı yenidən dəyişmək mümkündür.

Tətbiqlərin sabitlənməsi funksiyasını aktiv edin

Telefonu qısa müddətə başqa bir şəxsə verməli olduqda tətbiqlərin sabitlənməsi funksiyası şəxsi məlumatlarınızı qorumağa kömək edir. Bu funksiya aktiv olduqda telefon yalnız seçilmiş tətbiqi göstərir və istifadəçi digər proqramlara keçə bilmir.

Onu aktivləşdirmək üçün "Parametrlər""Təhlükəsizlik və məxfilik""Əlavə ayarlar" bölməsində "Tətbiqlərin sabitlənməsi" seçimini aktiv edin.

Sonra istədiyiniz tətbiqi açın, son işləyən proqramlar menyusuna keçin, tətbiqin ikonuna toxunun və "Sabitlə" seçimini edin. Daha yüksək təhlükəsizlik üçün sabitləşdirməni PIN kod və ya şifrə ilə qorumaq da mümkündür.

SIM kart üçün PIN kodunu aktivləşdirin

Bir çox istifadəçi telefonunu şifrə, barmaq izi və ya üz tanıma sistemi ilə qorusa da, SIM kartın təhlükəsizliyini unudur. Halbuki telefon oğurlandıqda cinayətkarlar SIM kartı başqa cihaza taxaraq SMS təsdiq kodlarını və zəngləri ələ keçirə bilərlər.

Bunun qarşısını almaq üçün "Parametrlər""Təhlükəsizlik və məxfilik""Əlavə ayarlar" bölməsinə daxil olun və "SIM kart kilidi" funksiyasını aktivləşdirin. Bu zaman telefon hər yenidən başladıqda SIM kartın PIN kodunu tələb edəcək və kart başqa telefonda həmin kod olmadan istifadə edilə bilməyəcək.

Ekspertlər başqa nəyi tövsiyə edir?

Mütəxəssislər yeni Android telefon alanlara "Find My Device" (Cihazımı tap) xidmətini aktivləşdirməyi, sürətli ayarlar panelini öz ehtiyaclarına uyğun tənzimləməyi və rahat klaviatura tətbiqi, məsələn, Gboard quraşdırmağı da məsləhət görürlər.

Bundan əlavə, telefon kifayət qədər operativ yaddaşa (RAM) malikdirsə, bəzi modellərdə standart aktiv olan RAM Plus kimi funksiyaları söndürmək də performansa müsbət təsir göstərə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 30

Oxşar yazılar