658
10:23
17 Mart 2019

Sosial şəbəkələrdə Prezidentin son əfv sərəncamı ALQIŞLANDI - RƏYLƏR

Azərbaycan Prezidenti İlham Əliyevin sonuncu əfv sərəncamı müxtəlif siyasi qütblərdə və sosial şəbəkələrdə müsbət qarşılanıb və alqışlanıb.
ONA -nın xəbərinə görə, sosial şəbəkələrdə ictimai fəallar, siyasətçilər, media rəhbərləri Prezidentin son sərəncamına münasibətlərini ifadə ediblər.
Millət vəkili, Millət vəkili, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Azay Quliyev prezident İlham Əliyevə təşəkkür edib: “Böyük bir humanistlik nümayiş etdirərək 431 nəfər məhkum olunmuş şəxsi əfv etdiyinə görə cənab Prezident İlham Əliyevə təşəkkür edirəm. Əminəm ki, bu xeyirxah addım on minlərlə vətəndaşı sevindirəcək, ölkədə ictimai barışı, vətəndaş-dövlət birliyini daha da möhkəmləndirəcəkdir".
Meydan TV-nin rəhbəri Emin Milli yazıb: “İlham Əliyevi hər zaman tənqid edən bir vətəndaş kimi, bu gün ona xüsusi təşəkkürümü bildirmək istəyirəm. Bizim mübarizəmizin, ictimai fikrin böyük rolu var, amma Əliyevin son addımları və bu addımı da onun özünün cəsarətli qərarlarıdır. Demokratik ölkələrdə hər zaman ictimaiyyətin fikri nəzərə alınır və heç bir prezident buna diqqət ayırdığı üçün zəif, gücsüz hesab edilmir”.
E. Milli hesab edib ki, Azərbaycanda olan siyasi məhbusların bir qisminin azad edilməsi zəifliyn deyil, məhz real siyasi gücün və özünə əminliyin nümayişidir: “100-150 insanı həbsdə saxlamaqla nə hakimiyyət alınır, nə də itirilir”.
“Mən siyasətçi deyiləm və mənim üçün kimin hakimiyyətdə olması yox, ölkənin necə idarə olunması daha vacibdir. Hər zaman düzü tərifləyib, səhvi göstərən biri kimi bu gün İlham Əliyevi ictimai fikrə önəm verərək, belə bir addım atdığı üçün təbrik edirəm” –deyə, E. Milli qeyd edib.
ONA Agentliyinin təsisçisi Vüsalə Mahirqızı da Prezidentin əfv sərəncamından yazıb: “Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamının nə qədər böyük sevinc, müsbət aura yaratdığını görmək üçün sosial şəbəkələrə bir-iki dəqiqə nəzər salmaq kifayətdir. Yəqin hər şeyin sərt üslubla düzələcəyini deməkdən yorulmayanlar da görür bunu.
Prezident cəmi bir neçə sərəncam və fərmanı ilə cəmiyyətdə mühüm, əhəmiyyətli bir pozitivlik, rahatlıq yaradıb, sözün həqiq mənasında cəmiyyətdaxili barış gətirib, hakimiyyətə qarşı olan tənqidlərin xeylisini sıfırlayıb, çünki əməli addımlar atılıb.
Prezident əfv sərəncamlarını mütəmadi imzalayır. Yanılmıramsa, Cümhuriyyətin 100 illiyi ilə bağlı daha geniş bir əfv sərəncamı imzalamışdı. Bu isə məzmunu, Azərbaycana qarşı olan tənqidlərin, hətta bəhanələrin qarşısını almaq üçün əla sərəncamdır. Azərbaycan Dövləti, Prezidenti 3-5 tənqidçinin tənqidi ilə bir şey itirməz, bu dövlət artıq nəinki tənqiddən, heç hər hücumdan da sarsılmayacaq qədər güclüdür, Prezidentin reytinqi müqayisə olunmaz dərəcədə yüksəkdir. Xalq hər görüşündə, hər səfərində Prezidenti dəstəklədiyini vurğulayır, göstərir, problemlərin həllini Prezidentdən gözləyir, ona olan inamını ifadə eləyir.
Dövlət sevəndə, qucaqlayanda, əfv edəndə böyükdü, qüdrətlidi, güclüdü. Prezident bu gün bir daha o qüdrətini, güclü lider olduğunu göstərdi.
"Biz etdik", "biz dedik elədilər" və s kimi atmacalar əhəmiyyətsizdi. Ağırlığına, çətinliyinə, maneələrə baxmayaraq, islahatlar davam eləməlidir. Bu işlərin, bu sərəncamların, cəmiyyəti sülhə, liberallığa, bizi daha inkifaş etmiş, liberal cəmiyyəti olan Azərbaycana aparan işlərin memarı Prezidentdir”.
İctimai fəal Bəxtiyar Hacıyev isə yazıb: “50-dən artıq siyasi məhbusun buraxılması yanvardan başlayaraq, görməyə öyrəşmədiyimiz hadisə, oxumağa öyrəşmədiyimiz xəbərlər içində növbətisi idi. İlkin, Bayram və Qiyasın da azad edilməsi qisasçı yolun yox, barışıq yolunun seçildiyini göstərən növbəti addımdır. Mən yanvarda, fevralda "prezident "tutaq, basaq içəri" deyənləri yox, problemləri dinləməyi və həll etməyi məsləhət görənləri dinləyir" deyəndə, tənqid edənlər, irad bildirənlər vardı. Amma bir şey bilirdim, görürdüm, hiss edirdim ki, deyirdim.
Bir şeyi də qeyd edim. Çoxları bilmir, amma bu müsbət proseslərin, yumşalmanın arxasında həm də Birinci xanım, birinci vitse-prezident Mehriban xanım dayanır. Ona və ölkə başçısına köhnə və yeni komandadan bir neçə nəfər dayaq olur. Daxildən və xaricdən mane olanlar olmasa, bu proses belə də davam edəcək.
Ümid edək ki, adlarını axtardığımız və tapmadığımız Seymur Həzi, Əfqan Muxtarlı, Fuad Əhmədli, digər siyasi məhbuslar da məhkəmə yolu ilə ən qısa zamanda ailələrinə, sevdiklərinə qovuşacaq”.
Hüquqşünas Aslan İsmayılov yazıb: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün imzaladığı ƏFV Sərəncamına əsasən 399 məhbus azadlığa çıxacaq. Məhbusların sırasında Əli İnsanov, Gözəl Bayramlı, Ilkin Rüstəmzadə, Qiyas ibrahimov, Bayram Məmmədov, Fuad Qəhrəmanlı və bir çox siyasi məhbusların adları var. Azadlığa qovuşan hər kəsi təbrik edirəm!
Bu sərəncamı Qarabağın azad olunması yolunda Azərbaycanda milli barışığa yönəlmiş çox ciddi addım sayıram. Bir daha qeyd edirəm ki, bu il Qarabağın taleyində həlledici ildir. Qarabağın azad edilməsi isə milli barışıqdan, ölkənin demokratikləşməsindən keçir. Hesab edirəm ki, bu yolda növbəti addımlar da atılmalıdır. Həqiqi islahatlar gedir demək üçün həlledici olan məhkəmə-hüquq mühafizə sistemində də ciddi dəyişikliklər olacağına inanıram”.
Sonuncu sərəncamla əfv olunmuş Rüfət Səfərovun atası Eldar Sabiroğlu da sərəncama görə Prezidentə təşəkkürünü bildirib: “Dövlət başçısı günahsız müstəntiqin azadlığa buraxılması barədə, nəhayət, xeyirxah qərar qəbul etdi və buna görə təşəkkürümüzü ifadə edirik. Çətin günlərimizdə ailəmizə mənəvi dəstək verən çoxsaylı insanlara, Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsinin bütün üzvlərinə və səsimizi cəmiyyətə catdırmaqda əməyini əsirgəməyən jurnalist dostlarımıza da öz minnətdarlığımızı bildiririk”.
E. Sabiroğlu böyük amnistiya aktı ilə problemi birdəfəlik aradan qaldırmağı da təklif edib: “Bir dəfə bu təcrübədən istifadə olunub və cəmiyyət tərəfindən müsbət hadisə kimi qarşılanıb”.
“Xeyirxah addımın davamını sosial barış üçün ən etibarlı vasitə kimi görürük. Ümumiyyətlə, dövlət özü münasib bir yol tapmalıdır. Məhbus ailəsinin nələr çəkdiyini öz həyatımızda yaşadıq. Çox ağır və dözülməz bir həyatdır. Gözü yollarda qalan bir körpəni, kədər içərisində qovrulan bir ananı sevindirmək Allaha da xoş gedər. Dövlət rəhbərinin başladığı bu xeyirxah işi tezliklə sona çatdıracağını xahiş edirik”.
E. Sabiroğlu onları qınayanlara da cavab verib: “Bəzi yanaşmalara baxdıqda təəssüfləndik. Onlara görə çomağı əlimizə alıb dərhal hakimiyyətin üzərinə hücuma keçməliyik. Bu cür düşüncə ilə öz xislətlərini ortaya qoyanları anlamaq çətin deyil...”
Qeyd edək ki, sosial şəbəkələrdə yüzlərlə istifadəçi prezidentin əfv sərəncamını alqışlayıb və dəstəkləyib.
Xatırladaq ki, martın 16-da Prezident İlham Əliyev Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.