Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının cinayət işi üzrə növbəti hazırlıq iclası başlayıb.
Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə vəkil Aqil Layıc vəsatətlər verib.
Onun ilk vəsatəti Azər Qasımlı ilə zərərçəkmiş Qurbanəli Yusifovun Mingəçevir Rayon Məhkəməsi və Şəki Kommersiya Məhkəməsində qeydə alınmış video görüntülərinin sübutlara əlavə edilməsi ilə bağlı olub.
Digər vəsatəti ibtidai istintaqda ifadəsi alınan şahidlər Rəvan Məmmədov və Nəriman İsmayılovun məhkəmədə dindirilməsi ilə əlaqəli olub.
O, üçüncü vəsatətində isə Azər Qasımlının yanında əyləşməsini xahiş edib: "Azər Qasımlı məhkəmənin gördüyü ən mədəni insandır. Mən belə, ondan daha təhlükəliyəm (gülür). Ona görə sizdən xahiş edirəm ki,onun mənim yanımda əyləşməsinə icazə verəsiz".
Azər Qasımlının digər vəkili Rövşanə Rəhimli prosesdə iştirak etməyib. O, məhkəməyə ərizə ilə müraciət edərək icraata xitam verilməsini xahiş edib. O, şahidlərin siyahısında olan üç nəfərin adının da həmin siyahıdan çıxarılması ilə bağlı vəsatət təqdim edib.
Dövlət ittihamçısı vəsatətlərin baxılmamış saxlanılmasını təklif edib. O, bildirib ki, həmin vəsatətdə göstərilənlər hazırlıq iclasının predmeti deyil.
Məhkəmə müdafiəçilərin vəsatətini təmin etməyib. Məhkəmənin baxış iclası 16 iyul tarixinə təxirə salınıb.
Qeyd edək ki, Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində olan müraciətlə əlaqədar 8 dekabr 2024-cü ildə polis tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 182.2.3 (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi üzrə təqsirli bilinir.
Fidan Fərmanlı