502
15:18
15 Mart 2019

İlham Əliyev ali qonaqları qəbul etdi - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də ABŞ-ın Kolumbiya Universitetinin Yer İnstitutunun direktoru, BMT baş katibinin Dayanıqlı İnkişaf Məqsədləri üzrə xüsusi müşaviri Cefri Saksı qəbul edib.

ONA xəbər verir ki, dövlətimizin başçısı Cefri Saksa VII Qlobal Bakı Forumunda iştirakına görə təşəkkürünü bildirib.
Cefri Saks VII Qlobal Bakı Forumunun təşkilinə görə minnətdarlığını ifadə etdi və Forumda məmnunluqla iştirak etdiyini vurğulayıb. O, Forumun əhəmiyyətinə toxunaraq orada regional və digər məsələlərlə bağlı səmərəli müzakirələr aparılmasının önəmini qeyd edib.
Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunda təmsil olunan ölkələrin və iştirakçıların sayının artdığını və bu Forumun mühüm beynəlxalq tədbirə çevrildiyini vurğulayıb.
Görüşdə ölkəmizdə gedən iqtisadi inkişaf prosesləri, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı qlobal layihələr, o cümlədən Şərq-Qərb nəqliyyat dəhlizi, enerji siyasəti barədə danışılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Səudiyyə Ərəbistanı Krallığının Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzinin İdarə Şurasının sədri Turki Al Faysalı qəbul edib.

ONA xəbər verir ki, Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzinin İdarə Şurasının sədri Turki Al Faysal qəbula görə minnətdarlığını bildirib. O, Bakıda keçirilən VII Qlobal Forumun əhəmiyyətinə toxunaraq, həmin tədbirdə çıxış etdiyini məmnunluqla qeyd edib və eyni zamanda, bu tədbirin beynəlxalq əməkdaşlıq sahəsində özünəməxsus yer tutduğunu deyib. Qonaq Forumun Bakı şəhərində təşkil olunmasını düzgün bir seçim kimi dəyərləndirib və bildirib ki, Bakı qədim və müasir arxitekturanı özündə birləşdirən çox gözəl bir məkandır.
Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunun əhəmiyyətini qeyd edərək, bu Forumun fəaliyyətinin genişlənməsinin və mühüm beynəlxalq tədbirə çevrilməsinin önəmini vurğulayıb. Dövlət başçısı Turki Al Faysal ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq, həmin görüşlər zamanı səmərəli müzakirələrin aparıldığını bildirib.
Söhbət zamanı Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə dəstək verməsinin əhəmiyyəti qeyd olunub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri, Azərbaycan-İran hökumətlərarası birgə komissiyasının həmsədri Fərhad Dejpəsəndin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ONA xəbər verir ki, söhbət zamanı Bakıda Azərbaycan-İran hökumətlərarası komissiyasının toplantısının səmərəli keçəcəyinə və müzakirə olunan məsələlərin öz həllini tapacağına əminlik ifadə olunub.
Görüşdə nəqliyyat, energetika, sənaye, ticarət, sərmayə qoyuluşu, kənd təsərrüfatı, səhiyyə və digər sahələrlə bağlı müzakirə olunan məsələlərin gözəl nəticələr verdiyi vurğulanıb, eyni zamanda ticarət dövriyyəsinin artırılması istiqamətində atılacaq addımlar haqqında danışılıb, Neftçalada müasir avtomobil zavodunun işə düşməsindən məmnunluq ifadə olunub. Həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətə başlaması mühüm hadisə kimi dəyərləndirilib. Prezident İlham Əliyev bu yaxınlarda Qəzvin-Rəşt dəmir yolunun açılışı münasibətilə təbriklərini çatdırıb.
Görüşdə elektroenergetika sahəsində də görülmüş işlər yüksək qiymətləndirildi və bu sahədə əməkdaşlığın həm ikitərəfli, həm çoxtərəfli formatda inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Qəbula görə minnətdarlığını bildirən Fərhad Dejpəsənd qeyd edib ki, İran İslam Respublikasının Prezidenti Həsən Ruhani və bütövlükdə İran Azərbaycana dost və qardaş ölkə kimi münasibət göstərir. Fərhad Dejpəsənd Prezident İlham Əliyevin ikitərəfli münasibətlər haqqında söylədiyi fikirlərin əhəmiyyətini vurğulayıb.
Görüşdə qeyd olunub ki, Azərbaycan və İran prezidentlərinin iradəsi sayəsində iki ölkə arasında əməkdaşlıq bütün sahələrdə uğurla inkişaf edir

14:42

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrini qəbul edib.

13:01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Kolumbiya Universitetinin Yer İnstitutunun direktoru, BMT baş katibinin Dayanıqlı İnkişaf Məqsədləri üzrə xüsusi müşaviri Cefri Saksı qəbul edib.

ONA xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb

12:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də İran İslam Respublikasının iqtisadiyyat və maliyyə işləri üzrə naziri Fərhad Dejpəsəndin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzinin İdarə Şurasının sədri Turki Al Faysalı da qəbul edib.