470
23:32
07 Mart 2019

"Plakat qalmaqalından Azərbaycan mediası vasitəsilə xəbər tutduq" - İran rəsmisi

“Qonaqlıq tipli tədbirdə kağız parçasının nümayiş etdirilməsi dəyərsiz və əhəmiyyətsizdir. Biz nə daxildə, nə də xaricdə heç bir qüvvəyə icazə verməyəcəyik ki, Azərbaycanla olan yaxşı əlaqələrimizə zərər vursun”.
ONA -nın xəbərinə görə, bunu REAL-a eksklüziv müsahibəsində İran Prezident Aparatının rəhbəri Mahmud Vaezi Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfəri zamanı “Dağlıq Qarabağ Ermənistanındır” şüarı yazılmış plakat önündə çəkdirdiyi selfini şərh edərkən deyib.
O qeyd edib ki, Azərbaycanla əlaqələrin inkişafı və möhkəmlənməsi İran üçün çox önəmlidir: “Ona görə də rəsmi müzakirələrimizdə və açıq görüşlərimizdə heç bir vəchlə icazə vermirik ki, Azərbaycanla İran arasında əlaqələrə zərər vuran söz deyilsin. Ermənistan baş nazirinin Tehrana səfəri zamanı keçirdiyi heç bir rəsmi görüşdə, mətbuat açıqlamalarında və İranın rəsmi şəxsləri ilə keçirdiyi rəsmi görüşlərində Azərbaycanla, Qarabağla əlaqədar heç bir söz deyilmədi, heç bir məsələ qaldırılmadı, ümumiyyətlə, bu kimi məsələlər müzakirə olunmadı”.
M.Vaezi plakat qalmaqalından Azərbaycan mediası vasitəsilə məlumatlı olduqlarını dilə gətirib: “O, həmin axşam Tehranda ermənilərin toplaşdığı bir tədbirə qatıldı. Orada ev sahiblərindən biri erməni dilində - bizim başa düşmədiyimiz dildə plakat asıb. Bu məsələ Azərbaycan mediasında yayıldıqdan sonra biz nə baş verdiyini anladıq və bildik ki, burada İran İslam Respublikasının siyasətinə zidd olan hadisə baş verib. Bizim siyasətimiz çox aydındır. Biz daim elan etmişik ki, Azərbaycanın ərazi bütövlüyü rəsmən tanınmalıdır, hörmət olunmalıdır və biz özümüz də Azərbaycanın ərazi bütövlüyünə daim hörmətlə yanaşmışıq. Bunu biz dəfələrlə elan etmişik. Bu, bizim prinsipial mövqeyimizdir. Biz müxtəlif səviyyələrdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyimizi elan etmişik. İndi bir nəfərin qeyri-rəsmi tədbirdə, əslində qonaqlıq tipli mərasimdə kağız parçasının nümayiş etdirilməsi dəyərsiz və əhəmiyyətsizdir”.