17:04
21 Yanvar 2016

Smitin qanun layihəsinin arxasından erməni lobbisi çıxdı: özünüifşa

ABŞ Konqresində Azərbaycan əleyhinə yönəlmiş istənilən addımın arxasında istisnasız olaraq ermənilərin, xüsusilə erməni lobbisinin və diaspor təşkilatlarının durduğu heç kimə sirr deyil. Bu təşkilatlardan ən böyüyü 1918-ci ildə əsası qoyulmuş Amerikanın Erməni Milli Komitəsidir (ANCA - təşkilata bu ad 1941-ci ildə verilib, ona qədər isə Ermənistanın Müstəqilliyi Naminə Amerika Komitəsi adlandırılıb).

ANCA-nın rəsmi internet səhifəsində “Azərbaycana qarşı sanksiyalara dəstək ol” başlıqlı təlimat tipli yazı yerləşdirilib. Təlimat-yazıda ABŞ Nümayəndələr Palatasının Nyu Cersidən seçilmiş ermənipərəst üzvü və Helsinki Komissiyasının sədri Kris Smitin Azərbaycanın əleyhinə yönəlmiş əsassız və absurd qətnaməsinə dəstək verilməsi istənilir. Həmçinin ABŞ-dakı ermənilərdən xahiş olunur ki, səs verdikləri konqresmenlərə bu layihəni dəstəkləmələri üçün təkid məktubu göndərsinlər.

Maraqlıdır ki, ANCA-nin fəaliyyəti dövründə erməni məsələsi və Ermənistanla bu və ya digər şəkildə bağlılığı olmayan qətnamə layihəsinin təşviqi təcrübəsinə rast gəlinməyib. Ermənilərin K.Smitin müəllifi olduğu qətnamə layihəsinə “diqqət” və “qayğısı” bir çox məlum həqiqətləri daha da möhkəmləndirir. Bununla sübut olunur ki, sözügedən layihə tamamilə erməni lobbisinin sifarişi nəticəsində meydana gəlib. Bu “sifarişi” ört-basdır etmək üçün ANCA hətta öz twitter səhifəsində paylaşdığı K.Smitlə görüşün şəklini də silib.

ANCA-nın icraçı direktoru Aram Hampariyan erməni icmasına işlədiyi hamıya bəlli olan Amal Kluninin Xədicə İsmayilovanın vəkili olmaq istəyi ilə bağlı twitini paylaşması da çox şeydən xəbər verir.

Ümumiyyətlə, ABŞ-da olan erməni lobbisi son dövrlər ərzində Azərbaycana qarşı daha aqressiv fəaliyyət göstərməyə başlayıb. Bu prosesdə erməni lobbisindən maliyyə və digər səbəblər baxımdan asılı olan K.Smit, Frank Engel və Ed Royse kimi konqresmenlərin də əlahiddə fəallığı müşahidə olunur. Əslində isə bu canfəşanlıq diqqət yayındırıcı manevrdir.

Belə ki, verilən vədlərə baxmayaraq, 2015-ci il ərzində ABŞ-dakı erməni lobbisi və onların havadarlarının qondarma “erməni soyqırımı” ilə əlaqədar fəaliyyəti uğursuz və nəticəsiz qalıb. Böyük ianələr alan diaspor təşkilatları bunun müqabilində ABŞ Administrasiyasının “erməni soyqırımı”nı tanıyacağını vəd etmişdilər. Amma nəticədə ANCA buna nail ola bilmədi və ABŞ Administrasiyası növbəti dəfə ənənəvi diplomatik ifadələrlə bu məsələnin üzərindən keçdi.

Onu da qeyd edək ki, son illər ABŞ ermənilərini vahid amal ətrafında birləşdirən “soyqırım” mövzusu öz əhəmiyyətini sürətli şəkildə itirməkdədir. Belə bir şəraitdə ANCA diaspora daxilində birliyi qorumaq və qarşıdan gələn dövrdə də pul axınını təmin etmək üçün Azərbaycana qarşı aqressiv ritorikaya üstünlük verir, irqçi bəyanatlar vasitəsilə özünü gündəmdə saxlamağa çalışır.

K.Smit, F.Engel və Ed Royse kimi konqresmenlərə gəldikdə isə, amerikalıların dediyi kimi, “business is business”. Bu şəxslər də müvafiq ianələr və seçkilərdə dəstək müqabilində “soyqırım”ın ABŞ Administrasiyası səviyyəsində qəbul ediləcəyinə söz vermişdilər. Məqsədə nail ola bilməyən K.Smit və onun həmkarları 2016-cı il seçki ilində ANCA-nın diktəsi ilə anti-Azərbaycan ritorikasını maksimum şəkildə gücləndirməklə öz uğursuzluqlarına bəraət qazandırmaq və ən əsası, növbəti seçkilərdə ermənilərin səslərini qazanmaq məqsədi güdürlər.

Bu çirkin və korrupsiyalaşmış iyrənc siyasi proseslər bir daha onu göstərir ki, etnik mənşəli lobbi qruplar və onların əlində alətə çevrilmiş bəzi siyasətçilər ABŞ-ın milli maraqlarını öz maraqlarına qurban verirlər. Amma ABŞ Administrasiyasında xarici və təhlükəsizlik siyasətini həyata keçirən peşəkarlar üçün bir qırmızı xətt vardır - bu da ABŞ-ın milli təhlükəsizlik maraqlarıdır. Bu maraqlar isə əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən və mürəkkəb geosiyasi proseslər fonunda uğurlu siyasət yürüdən Azərbaycan ilə hərtərəfli əməkdaşlığın prioritetini diktə edir.

Dİgər xəbərlər