Xalça Muzeyi ictimaiyyət üçün açıldı
02 sentyabr 2014 17:21 (UTC +04:00)

Xalça Muzeyi ictimaiyyət üçün açıldı

Sentyabrın 2-də Azərbaycan Xalça Muzeyinin ictimaiyyət üçün açıq elan olunması münasibətilə tədbir keçirilib. Lent.az-ın buro247.az saytına istinadən məlumatına görə, tədbirdə KİV təmsilçiləri, turizm şirkətləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Muzeyin birinci mərtəbəsində satış mərkəzi, ikinci mərtəbədə xalçanın inkişaf texnologiyası və ənənələr haqqında məlumatlar öz əksini tapıb. Arxeoloji qazıntılar zamanı tapılmış və toxuculuqda tətbiq edilən alətlər, müxtəlif məmulatların qalıqları bu sənətin Azərbaycan ərazisində hələ Tunc dövründən başlandığından xəbər verir. Azərbaycan xalça sənətinin keçdiyi təkamül yolu, onun sadə və bəsit növləri sayılan həsirdən başlayaraq daha mükəmməl texnoloji formalara (Cecim, Ladı, Palaz, Kilim, Şəddə, Vərni, Zili, Sumax və s.) yüksəlmə prosesi ekspozisiyanın bu mərtəbəsinin ana xəttini təşkil edir.

 

Eyni zamanda bu mərtəbədə yun qırxımı, onun yuyulması və daranması, ipliyin alınması və boyanması kimi bilavasitə xalça istehsalından öncə gələn mərhələlər ardıcıl şəkildə göstərilir. Azərbaycan xalça məktəblərini əhatə edən üçüncü mərtəbədə, həmçinin Xalça Muzeyinin yaradıcısı, Xalq Rəssamı Lətif Kərimovun xalça məktəbləri xalçası və büstü də nümayiş olunur.

Müasir xalçaların təqdim edildiyi muzeyin 4-cü mərtəbəsindəki ekspozisiyada Azərbaycan xalça sənətinin XX yüzillikdə keçdiyi inkişaf yolu, həmin dövrdə fəaliyyət göstərən müxtəlif qurumlar haqqında məlumat verilir. Xalça sənətinin davamlı inkişafında önəmli xidmətləri olan "Azərxalça" istehsalat birliyinin fəaliyyət istiqamətləri açıqlanır.
 

Burada həmçinin, xalça sənətinin inkişafında müstəsna xidmətləri olmuş Xalq Rəssamı Kamil Əliyevin həyat və yaradıcılığı ətraflı şəkildə işıqlandırılır. Muzeyin ekspozisiyasında XX əsrdə çalışan və hazırda yaradıcılıqlarını davam etdirən tanınmış rəssamların yaratdığı müasir xalça və incəsənət əsərləri nümayiş etdirilir. Ekspozisiyada Azərbaycan xalça muzeyinin keçdiyi tarixi yola nəzər salınır, dövlətimizin bu qədim sənətə göstərdiyi diqqət və qayğıdan bəhs olunur. Burada Azərbaycan xalça sənətinin UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi ilə bağlı məlumata xüsusi guşə ayrılıb.

Burada həmçinin, muzeyin Şuşa filialının sənət nümunələri haqqında da ətraflı məlumatlar öz əksini tapıb. Vurğulanıb ki, yeganə olaraq Şuşa muzeyindən bütün eksponatlar çıxarılıb və hazırda muzeydə nümayiş olunur. Muzeydə eyni zamanda Böyük Britaniyanın Viktoriya və Albert Muzeyində saxlanılan məşhur "Şeyx Səfi" xalçasının surəti də var.


Dördüncü mərtəbədəki kinozalda isə xalça sənəti haqqında filmlər nümayiş olunur.
Muzeydə quraşdırılmış xüsusi monitor Azərbaycan xalçalarının dünya kolleksiyalarında, Avropa rəssamlarının əsərlərində əks olunduğunu göstərir.

 

 

# 827
avatar

Oxşar yazılar