Gülyaz Məmmədova
18 aprel 2024 16:08 (UTC +04:00)

Gülyaz Məmmədova

“Ancaq toyda oxuyub, indi fəxri ad istəyir” - Xalq artisti ilə MARAQLI SÖHBƏT

Lent.az-ın müsahibi xanəndə, Xalq artisti Gülyaz Məmmədovadır. 

Danışdıq ki, müsahibə üçün saat 4-də onunla Mahnı Teatrında  görüşək.  Görüşə xeyli gecikdi, amma o qədər üzrxahlıq etdi ki, məni utandırdı. Gecikməsi maraqlı gənclik sirlərinin açılmasına da səbəb oldu, çünki söhbətə xanəndələr demiş bu mövzuyla “ayaq verdik”.


 - Bacı, mən gündəlik tuturam. Gündəliyə planlarımı, görəcəyim işləri yazıram, nədənsə sizinlə görüşü saat 4 yox, 5 olaraq yazmışam.

-  Nə gündəlikdir o elə? Gənclikdə hər kəsin yazdığı xatirə dəftəri?

-   Uşaqlıqdan gündəlik tuturdum, məktəblilərin xatirə dəftərləri olardı, bəzəkli, çiçəkli, böcəkli. Mənim də vardı, bir gün oğurladılar, özümü keçmişi oğurlanmış kimi hiss edirdim. İndi sadəcə planlama dəftərlərimdi, bir də getdiyim yerləri, səfərləri yadda saxlamaq üçün yazıram.

-  Kim bilir nə maraqlı hadisələr olub o xatirələrdə, ilk məhəbbət, həyəcan...

-  Hə...  Şəkinin Böyük Dəhnə kəndində keçən günlərim, məktəb xatirələri, daha nələr-nələr... İlk məhəbbətim oğlumun atası olmuşdu.

- Bəs niyə ayrıldınız?

- Rusiyaya getdi, gələndən sonra da gördük xasiyyətimiz tutmur, fikir ayrılığımız çoxdur. O indi də Rusiyada yaşayır. Ailəmi qorumaq üçün səy göstərdim, amma nə isə... Olmayanda olmur. Bir dəfə barışmağı təklif elədi, Rusiyada yaşayaq dedi, razı olmadım. Biz onunla düşmən deyilik, oğlu ilə münasibətlərini davam etdirir, istəyirdim ailə qursun, xoşbəxt olsun. Dəfələrlə dedim evlən, evlənmədi. Mən təkliyimlə barışmışam, daha nəvə arzu edirəm. Amma o evlənsin istəyərdim. Onun öz həyatı var, mənim öz həyatım. Qaynanam rəhmətə getməzdən öncə gedib onu gördüm. Eyni kənddənik. Məni qucaqlayıb ağlamışdı.

- İllər boyu tək yaşadınız. Bundan sonra ailə qurmaq istəyərsiniz?

- Bu qismət məsələsidir, kimsə öncədən bir şey deyə bilməz. Allahın alın yazısı var. Sevgi gözəl duyğudur. Yol gənclərindir.

- Bildiyimə görə, oğlunuz da oxuyur.

- Hə Ramazan Şərifov. Mən ona Roman deyirəm, yaxşı səs tembri var. Mahnı Teatrında sınaq müddətindədir, özünü doğrulda bilsə, işə alınacaq.

- Gülyaz xanım, bir çox müğənnilər deyirlər ki, səsimizi qorumaq üçün toylara özümüzlə çay, su aparırıq. Kimsə dərman atıb, səslərini batırmasın deyə. Siz də qorunursunuz?

 - Düzünü desəm, əvvəllər etmişəm. Sonra düşündüm ki, adamı Allah qorusun. Tutaq ki, mən lap özümlə termos apardım. Durub oxuyanda termosu əlimdə saxlayacaq deyiləm ki. Üzümü o yana tutan kimi niyyəti pis olan etdiyini edəcək. Ona görə daha fikir vermədim. Heç kimlə düşmənliyim, ədavətim yoxdur, insanlarla elə ünsiyyət qururam ki, sonra nə onlardan, nə özümdən xoflanmayım. Özümü xalqdan gözləmirəm, sevildiyimi görürəm. İnsan qazanmaq asan deyil, dostluq xəzinəmizdir. 
Səs tellərimizi qorumaq üçünsə çalışırıq. Məsələn, səhnəyə çıxmazdan öncə soyuq su içmirik, istiotlu yeməklər, düyü yemirik. 

- Düyü niyə?

 - Gənziyə düşər, problem çıxarar deyə. Özünü alışdırmaqladır, rəhmətlik Seyid Şuşinski buzlu su içirdi. Rəşid Behbudov rəhmətlik yayda da əlində plaş, şarf gəzirdi, hava  sərin olanda, kondisioner olan məkanlara girən kimi plaşını atırdı çiyninə. Deyirdi ki, soyuqdan qorunmaq üçün müğənni hamıdan qabaq geyinməli, hamıdan sonra soyunmalıdır.

-  Heç bu sənətdə sizə əngəl olan, paxıllıq edən olmayıb?

- Olub. Sənətdə qısqanclıq olur. Amma mən paxıllıq edən, özünü göylə aparan adamlara əhəmiyyət vermirəm. 

- Bu gün efirlərdən səslənən musiqilər Xalq artisti olaraq sizi qane edir? İnsanlar sosial şəbəkələrdə özəl telekanalları toyxana adlandırırlar.

- Bu məni çox narahat edən məsələdir. Əvvəllər qarşımızda Şövkət Ələkbərova, Gülxar Həsənov,  Rəşid Behbudov, Arif Babayev, daha neçə-neçə böyük sənətkarlar var idi, deyirdim onlar olan yerdə mənə söz demək düşməz. Amma indi yaşımın o həddinə gəlmişəm ki, danışa bilərəm. Telekanallarda musiqi tərtibatından, aparılan əyləncəli proqramlardan narazıyam. Bu nədir, kimsə reytinq, reklam xətrinə kimi gəldi efirə çıxarır. Bəsit, bayağı mahnılarla kor qoyublar camaatı. Sən 5-10 manat qazanacaqsan deyə xalqa niyə xəyanət edirsən? Elə mahnılar oxuyurlar, neçə ilin pedaqoquyam, bilmirəm hansı lad üstündə çalınır, axtarıb tapa bilmirəm. Qəribə melodiyalar, ifa tərzləri, müğənnini çıxarırlar efirə, rəqqaslıq eləməyə. Qondarma, “odnorazovıy” mahnılar çıxır efirə. Efirə çıxan müğənnidən qızılının, maşınının, paltarının qiymətini soruşurlar, axı ayıbdır, olan var olmayan var. Biabırçılıqdır. Başa düşmürlər ki, musiqimizi, incəsənətimizi məhv edirlər. Pula görə millətin mənəviyyatını məhv etməlisən? Ustadımız Kamil Vəzirov ölənə qədər dedi ki, milləti məhv eləmək üçün musiqisini, mədəniyyətini öldür. Eləyirlər, həm də özgələr yox, özümüzünkülər. Gedib ancaq toyda oxuyub, ömründə bir dənə dövlət konsertində olmayanlar fəxri ad istəyirlər, hansı gününə? Əvvəllər demirdim, daha susmayacam. Zövqü korlayıblar deyə, bəsit mahnılara tələbat çoxalıb.

- Səmimi deyin, toylara gedəndə siz də belə bəsit mahnılar oxumusunuz?

- Toyda olub, yenə deyirəm, toy ayrı, efir ayrı. Televiziya güclü təbliğat maşınıdır, onu heç kim öz marağı üçün istifadə etməməlidir. Yarım saatlıq qonaq kimi çağırıldığım toyda, elə mahnılar sifariş edirlər, deyirəm, ay Allah nə gündəyəm mən? (gülür)  Çox zaman toy sahibləri çağıranda öncədən istədiyi mahnıların siyahısını verir, kimi çağırdığını bilir, ona uyğun da istəyi olur. Bayağı mahı oxuyanda özümü xəyanət edirmiş kimi görürəm.

 - Kimi dinləməyi sevirsiniz?

-  Sevdiyim səslər çoxdur. Son illər öz tələbələrimin səsinə heyranam, İlahə, Kamilə Nəbiyeva bacıları, Mirələm Mirələmov, Sərxan Bünyadzadə,  Səbinə Ərəbli, Ayşən Mehdiyeva, Zabitə  Əliyeva... Gözəl səslər çoxdur. 

- Əvvəllər çox zilə qalxıb, uzun zəngulələr vurduğunuza görə siz bacıları tənqid edənlər də olurdu...

- Bu muğamatın tələbidir. Müğənni səsinin gücünü göstərir. Bəzi muğamlarımızda zil oxumaq o deməkdir ki, səhnədə hamını sındıraram, qırıb tökərəm. Muğamatda zilxanlar da var, bəmxanlar da. Kimi necə görüb, tanıyıbsa tamaşaçı onu tələb edir. Biz toya gedəndə Gülyanaqla məndən ancaq zil ladları istəyirlər, bəm oxuyanda soruşurlar ki, daha oxuya bilmirsiz? Bir dəfə toyda 7 dəfə “Heyratı”, başqa bir toyda 5 dəfə “Qarabağ şikəstəsi” oxumuşuq.

- Eşitdim oğlunuza toy etməyə hazırlaşırsınız...

- Ən böyük arzumdur, övlad toyu görüm. İnşallah bir il içində olacaq. Nişan edib, dərhal da toy edəcəm. Nişanlı saxlamaq asan iş deyil.

- Mülayim xarakterinizlə tanınırsınız, sizcə  necə qaynana olacaqsınız?

-  Əvvəllər deyirdim mənim kimi qaynana harada tapılar? İndi mülayim qaynana olacağıma söz verə bilmirəm  (gülür). Gəlinim oğlumu çox sevməlidir, qayğısına qalmalıdır, ən əsası təmizkar olmalıdır. İşli-güclü olmalıdır da qadın. Belə görüb götürmüşük. Onun evdə ərinə qulluq etməsini istəyirəm, çünki mən Romana çox qulluq edə bilməmişəm. Toydan sonra oğlum paltarını özü ütüləyib, özü yemək bişirəcəksə neyləyirəm o gəlini?  Gəlin özü üçün təmiz olsun. Ərinə, özünə yaxşı baxsa, gözəl ana olacaq. Evin təmizliyi mətbəxdən başlayır.
Təmizkarlığa çox diqqət edirəm. Əslində ailə qurmaq heç asan söhbət deyil. Zaman dəyişib, bir telefona görə boşananlar var. Qızlar tələb edir ki, oğlan anasından ayrı yaşasın. Toy edirsən ki, balan xoşbəxt olsun, eləmirsən ki, 1- 2 ay sonra boşansın.

- Özünüz evdə biş-düş edənsiniz?

-  Hə. Edirəm. Rəfiqələrim bizə gələndə onlar da qoşulurlar mənə, bir dəqiqə dinc dayanmıram. Bir əlim elə təmizlikdə, yumaqda, yığışdırmaqda olur. Çox böyük işləri görməyə həftədə bir dəfə köməkçi qadın çağırıram.

-  Dəyişən mənəvi dəyərlər, zamanın belə gedişatı qorxudur sizi? 

– Vallah hə. Narkomanlar bir də homoseksuallar artıb, bu saat  qızdan çox oğlanı qorumaq lazımdır. Gündə bir qəribə söz eşidirik. Allah qadını kişiyə, kişini qadına yazıb. Eynicinslilərin nikahını eşidəndə hirslənirəm. Ölüb yerə girmirsiniz? 

- Oğlunuzun toyunu kim idarə etsin istəyərdiniz?

- Müğənnilərlə dolu olacaq. Siyahı tutmayacam, kim istəyir dursun oxusun. Əsas odur, heç kimin qəlbi qırılmasın. 

- Küsülü olduğunuz müğənni var?
- Var idi barışmışam.

- Bir ara  dostunuz Teymur Əmrahla incik düşmüşdünüz?

- Teymurla bir-birimizi çox istəyirik. Heç küsə bilirikmi? O küsülü qala bilmir. Gəncliyimiz birlikdə keçib.

- Sizi sevməsi, evlənmək istəməsi düzdür?

- Onu Teymur bilər. Sevibsə, nə xoş mənə. Bəyəm Teymur hər kəsi sevərmi? Zarafatla demişdi bunu. Biz çox yaxşı dostuq.

- Gözəlliyinizi necə qoruyursunuz?

- Plastik əməliyyat etdirməmişəm, üzümdə yüngül toxunuşlar olub, mezo, botoks. Qalanı Allah nə veribsə o. Tez-tez kökəlib arıqlayıram, ona görə idman edirəm. Mənə deyirlər, burnunu əməliyyat etdir, təklif ediblər səni başdan ayağa dəyişək, səsimin dəyişməsindən qorxub elətdirmədim. Gülyanaq qulaqlarına estetik  əməliyyat etdirmək istədi, həkim dedi o da səsinə təsir edə bilər, ona görə etdirmədi. Bəzən şanssızlıq kimi gördüyümüz şeylər bəlkə xoşbəxtliyimizdir. Gözəl olmasam da olar, ruhu gözəl olanda insan nurlu görünür. Ağzım, burnum, gözüm yerindədirmi? Bu bəsdir. Mən Allaha çox şükür edirəm, tütün tarlasında işləyən qız idim də, rayonda yaşayırdıq, 40 gün barama bəslə, qırılıb çatılırdıq, sonra kolxoz işləri, kənddə iş-güc. Dövr elə idi. Sadə bir ailənin 10 balasından biri idim. Dərslərimi də axsadırdım. Allahın verdiyi səs gör məni haradan haraya gətirib çıxartdı. Necə naşükür ola bilərəm? Bu arada qeyd edim ki, mən müğənni yox, jurnalist olmaq istəyirdim. Səs bizə anamızdan keçmişdi. Atamız da musiqiçi idi. Zurnada çalırdı, toylara gedirdi, həm də dülgər idi. Bir gün barmaqlarını mişar apardı, yerinə tikdilər, amma hərəkətsiz qaldı deyə, daha zurna çala bilmədi, keçdi qədim kos alətini çalmağa. Musiqidən ayrıla bilmədi.

- Bildiyimə görə, ehtiyacı olan tələbələrinizə həm də maddi dəstək  göstərirsiniz. Hətta birinə verməyə pulunuz olmayıb, barmağınızdan üzüyünüzü çıxarıb vermisiniz.

-  Hər yerdən xəbər tutursunuz, bunu haradan bildiniz? Bu barədə danışmaq istəmirəm. Vaxt olub bizə kömək ediblər, indi də ehtiyac olanda biz edirik. Həm insanlıq, həm müəllimlik borcu olaraq.  Etdiyini demək yaxşı düşməz. Allah bilsə yetər.


 

Foto: İlkin Nəbiyev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9531
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar