Qayınana gəlinini vəhşicəsinə döydü
28 aprel 2021 12:38 (UTC +04:00)

Qayınana gəlinini vəhşicəsinə döydü

Döyülən gəlin qayınanası ilə birgə polisdən barışıb çıxdı -YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Lənkəranda döyülən gəlin və qayınanası izahat vermək üçün polis şöbəsinə aparılıb.

Hüquq-mühafizə orqanlarından Lent.az-a bildirilib ki, polis şöbəsində hər iki şəxsin izahatı alınıb. Döyüldüyü iddia edilən gəlin qayınanasından şikayətçi olmadığını bildirib. İzahatları alındıqdan sonra hər ikisi sərbəst buraxılıb.

Onu da dəqiqləşdirdik ki, döyülən gəlin Lerik rayon sakini 1990-cı il təvəllüdlü Rəmziyyə Qurbanovadır. İki uşaq anasıdır.

***

Saat: 11:56

Lənkəranda gəlininin döyülməsi ilə bağlı daha bir yeni xəbər var.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı izahat alınması üçün gəlin və qayınana rayon Polis Şöbəsinə aparılıb.

***

Saat: 11:49

Lənkəranda gəlinini döyən qayınananın psixoloji durumu yerindədir.

Lent.az-ın əldə etdiyi məlumata görə, 75 yaşlı Girdənaz Qurbanova ruhi xəstəliklə bağlı xəstəxanada qeydiyyatda deyil. G.Qurbanovanın həm gəlininə, həm də oğluna baxdığı bildirilir. Onun oğlunda isə müəyyən psixoloji problemlərin olduğu deyilir. Bu məlumat isə rəsmən təsdiqini tapmayıb. 

Hazırda polis gəlinin döyülməsi görüntülərini yayan şəxsi axtarır.

Tural Kərimov

***

Saat: 10:18

Lənkəranda gəlinin qayınanası tərəfindən qəddarlıqla döyülməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Yuxarı Nüvədi kənd bələdiyyəsinin sədri Raifə Məmmədzadə Lent.az-a bildirib ki, gəlinini döyən qayınana ruhi xəstədir:

“Qayınananın adı Girdənazdır. Təxminən 70 yaşı olar. Uzun illərdir ruhi xəstəliklə bağlı müalicə alır. Lənkəran ruhi-əsəb dispanserində qeydiyyatdadır. Əvvəllər heç vaxt gəlinini döyməyib. Əsəbləri pozulub, xəstəliyi oyanıb deyə böyüb. Qızı gəlib yenə müalicəyə aparıb. Gəlin isə hamilə deyil. 24-25 yaşı olar. İki uşaq anasıdır”.

R.Məmmədzadənin sözlərinə görə, hazırda qayınana polis tərəfindən saxlanılıb:

“Polis gəlib gəlinin qayınanasını apardı. Amma gəlin ondan şikayətçi deyil. Düşünür ki, ruhi xəstədir deyə, şikayət etməsin”.

***

Saat: 09:55

Lənkəranda qayınananın gəlini döyməsi ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd olunur ki, nazirliyin Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində qayınananın gəlinini amansızcasına döyməsi ilə bağlı yayılan görüntülərdən məlumatlıdırlar:

“Hazırda faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır”.

Qeyd edək ki, Lənkəranın Yuxarı Nüvədi kəndində adı hələlik açıqlanmayan qayınana hamilə gəlinini vəhşicəsinə döyüb. Hadisənin görüntüləri sosial şəbəkədə izləyicilərin sərt təpkisinə səbəb olub.

Qayınana gəlinini vəhşicəsinə döydü

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 58605
avatar

Mehman Nəbiyev

Oxşar yazılar