Azərbaycanda koronavirus təhlükəsinə qarşı mübarizə tədbirləri get-gedə artır. Məktəblərin müvəqqəti bağlanmasından, vətəndaşların fərdi şəkildə qoruyucu maska və spirtdən etməsindən əlavə, artıq avtobus sürücülərinə də mübarizə tədbirləri görmək tövsiyə edilib. Ancaq avtobus sürücüləri ilə yanaşı ictimai nəqliyyatda önəmli yeri olan taksilərin də sözügedən pandemiyadan nə dərəcədə qorunması əhəmiyyət daşıyır.
Lent.az mövzu ilə əlaqədar Bakını izdihamlı yerlərindən olan “28 may” metrostansiyası ətrafında sorğu keçirib. Çəkiliş zamanı bəzi avtobus və taksi sürücülərinin maskadan, hətta dezinfeksiyaedici spirtdən istifadə etdiyinin şahidi olduq.
Ancaq əksər fərdi taksi və avtobus sürücüləri virusa qarşı əlavə tədbir görmədiyini, yalnız gigiyenik qaydalara ciddi əməl etdiyini dedi.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə Lent.az-a açıqlamasında bildirib ki, koronavirusla mübarizə üçün bütün daşıyıcı şirkətlərə sürücüləri maska ilə təmin etmək tövsiyə olunub. Onun sözlərinə görə, “BakuBus” şirkəti agentliyin tabeliyində olduğu üçün həmin şirkətin sürücüləri kifayət qədər maska ilə təmin olunub. Qurum rəsmisi qoruyucu maskadan istifadə etməyin məcbur olmadığını, ancaq dezinfeksiya və avtobusların hər gün yuyulmasının vacib olduğunu bildirib.