Yaponiyada uzunömürlülərin sayı bu ilin sentyabr ayına olan rəsmi məlumata görə, 99 763 nəfər təşkil edib. Bu rəqəm dünya üzrə rekord sayılır. Üstəlik, “Günəşin doğduğu ölkə” bu rekordu artıq 55 ildir ardıcıl olaraq qoruyur.
Lent.az xəbər verir ki, hazırda Yaponiyanın ən yaşlı sakini Yamato-Koriyamada yaşayan 114 yaşlı qadın Şiqeko Kaqava hesab olunur. Ən yaşlı kişi isə Ivata şəhərindən olan 111 yaşlı Kiyotaku Mizunodur.
Qeyd edək ki, Yaponiyada 15 sentyabr – Yaşlılar Günü milli bayram kimi qeyd olunur və bu münasibətlə uzunömürlülərə hökumət tərəfindən təbrik məktubu, eləcə də gümüş kubok təqdim olunur. Bu il səhiyyə naziri Takamaro Fukoka uzunömürlülüyə çatmış 87 784 qadını və 11 979 kişini təbrik edib.
Yaponiyada uzunömürlülüyünün sirri
Yaponiyada ömrün daha uzun olması əsasən ürək-damar xəstəlikləri və döş və prostat xərçəngi kimi geniş yayılmış xərçəng formalarından ölüm hallarının daha az olması ilə izah olunur. Bunun əsas səbəblərindən biri qırmızı ətin az, balıq və tərəvəzin isə çox olduğu pəhrizdir. Həkimlərin fikrincə, bu, həm ürək xəstəliklərinin, həm də xərçəngin qarşısını almağa kömək edən əsas faktordur.
Xüsusilə qadınlar arasında artıq çəki və piylənmə səviyyəsi çox aşağıdır. Bu səbəbdən də uzunömürlülərin 88%-i qadınlardır və onların ömür uzunluğu kişilərdən xeyli yüksəkdir.
Şəkər və duzun istehlakı artmağa başlayanda, Yaponiya fərqli yanaşma seçdi: hökumət əhali arasında məlumatlandırma kampaniyaları apararaq duz istehlakını azaltmağa nail oldu.
Bundan əlavə, yaponlar yaşlılıqda belə fiziki cəhətdən aktiv qalmağa meyllidirlər. Araşdırmalara görə, onlar ABŞ və Avropadakı həmyaşıdlarından daha çox piyada gəzirlər və ictimai nəqliyyatdan istifadə edirlər.
“Radio Taiso” ənənəsi
1928-ci ildən bəri “Radio Taiso” Yapon mədəniyyətinin bir hissəsinə çevrilib. Bu, icma hissini gücləndirmək və sağlamlığı qorumaq məqsədilə hazırlanmış üç dəqiqəlik gündəlik qrup məşqidir. Bu məşqlər televiziya vasitəsilə yayımlanır və bütün Yaponiyada kiçik qruplar tərəfindən birlikdə yerinə yetirilir.