Vətəndaşlığından asılı olmayaraq dünyanın istənilən yerindən olan cütlüklərin, Abu Dabiyə ayaq basmadan onlayn şəkildə virtual evlilik edə biləcəyi elan edilib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi əmirliyi, bütün dünya üçün virtual evlilik tətbiqini istifadəyə verib. Layihə rəhbəri Məhəmməd Əl Askar bildirib ki, vətəndaşlığından asılı olmayaraq dünyanın istənilən yerindən olan cütlüklər, Abu Dabi hökumətinin onlayn tətbiqindən istifadə edərək, əmirliyə gəlmədən evlənə biləcəklər.
Əl Askar qeyd edib ki, əmirlik sakinlərinə dövlət xidmətlərinə onlayn şəkildə çıxış imkanı verən TAMM tətbiqinin ən yeni versiyasına bu evlilik funksiyası əlavə olunub.
TAMM tətbiqinin rəhbəri Dubayda keçirilən texnologiya sərgisi Gitex zamanı AFP-yə açıqlamasında deyib: “Virtual evlilik layihəmiz hər kəs üçün açıqdır. Vətəndaşlığından asılı olmayaraq, Abu Dabidə evlənmək istəyən hər bir kəs bu xidmətdən onlayn şəkildə yararlana bilər. Cütlüklər fiziki olaraq heç yerə getmədən, internet üzərindən Abu Dabi administrasiyası tərəfindən virtual şəkildə evləndiriləcək. Biz bunu həyata keçirən ilk şirkətlərdən biriyik".
Abu Dabi əmirliyinin tətbiqi vasitəsilə virtual evlilik edəcək cütlüklər əvvəlcə 218 dollar müqabilində forum dolduracaq. Daha sonra internet vasitəsilə bütün zəruri rəsmi sənədlərini göndərəcəklər. Ardınca nikahı aparacaq şəxs təyin olunacaq.
Bütün bu mərhələlər tamamlandıqdan sonra Abu Dabi əmirliyi tərəfindən 24 saat ərzində virtual mərasim təşkil ediləcək və cütlük onlayn şəkildə evləndiriləcək.