Rusiyanın Kursk vilayətində “Vitya Pan” ləqəbli məşhur kriminal avtoritet Viktor Panyuşinin məhkəmə prosesi başlayıb.
Lent.az xəbər verir ki, Viktor Panyuşinə qarşı cinayət işi üzrə iclasa vilayət məhkəməsində start verilib.
Məhkəmə qarşısında Panyuşinlə birlikdə daha dörd nəfər, Andrey Obezyayev, Yuri Tkaçev, Andrey Volobuyev və Mirza Bolkvadze də cavab verir. Onlara banditizm, quldurluq, qəsdən adam öldürməyə cəhd və qətllərdə iştirak ittihamı irəli sürülüb.
Viktor Panyuşin həmçinin cinayətkar iyerarxiyasında ən yüksək mövqeni tutmaqda və qanunsuz qumar oyunlarının təşkilində də cavabdehlik daşıyacaq. İttihamın əsas epizodu 2010-cu ilin yazında baş vermiş inkasatorların quldurluqla qətlə yetirilməsidir. Bu cinayət işi Kursk vilayəti üzrə İstintaq Komitəsi tərəfindən araşdırılıb. Növbəti məhkəmə iclası 15 sentyabra təyin olunub.