Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycana gələcək
03 noyabr 2025 18:10 (UTC +04:00)

Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycana gələcək

0

Avqustun 8-dən etibarən Ermənistan və Azərbaycan indiyədək əldə edilmiş tərəqqinin möhkəmləndirilməsi və dialoqun dərinləşdirilməsi üçün məqsədyönlü səylər göstəriblər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsseldə konfransda bildirib.

“Məsələn, oktyabrın 21-22-də ilk dəfə olaraq Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət nümayəndə heyəti ikitərəfli dəyirmi masada iştirak etmək üçün Ermənistana səfər edib. Yaxın vaxtlarda Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin də Azərbaycana səfər edəcəyi gözlənilir. Vətəndaş cəmiyyəti nümayəndələrinin cəlb olunmasından əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri beynəlxalq təhlükəsizlik forumunda iştirak etmək üçün Bakıya səfər edib. Bu cür səfərlər və mübadilələr iki cəmiyyət arasında qarşılıqlı inam və anlaşmanın möhkəmlənməsinə, eyni zamanda, Ermənistan və Azərbaycan arasında sülhün möhkəmlənməsinə töhfə verəcək”, - o qeyd edib.

Qeyd edək ki, oktyabr ayında İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib. Vətəndaş cəmiyyəti nümayəndələrinin görüş təşəbbüsü sülh gündəliyini 2025-ci il avqustun 8-də Vaşinqtonda qəbul edilmiş Birgə bəyannamə ruhunda təbliğ etmək məqsədi daşıyıb.

Dəyirmi masada Azərbaycan tərəfini Fərhad Məmmədov, Rusif Hüseynov, Ramil İsgəndərli, Kamalə Məmmədova, Ermənistan tərəfini isə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan təmsil ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 430

Oxşar yazılar