Bu ilanların zəhəri  müalicədən sonra da  öldürür -   SƏBƏBİ
03 noyabr 2025 16:39 (UTC +04:00)

Bu ilanların zəhəri müalicədən sonra da öldürür - SƏBƏBİ

1

Qara mambalar planetin ən təhlükəli ilanlarından hesab olunur. Onlar kobra və gürzələrdən daha az dişləsə də, onların hücumları daha çox ölümə gətirib çıxarır. Maraqlıdır ki, bəzi hallarda zərdab vurulduqdan sonra xəstənin vəziyyəti əvvəlcə yaxşılaşır, lakin daha sonra qəfil pisləşir.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, alimlər bu təhlükəli fenomenin səbəbini müəyyən ediblər.

Zəhərin ikiqat təsir mexanizmi

Kuinzlend Universitetinin professoru Brayan Frayın rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu qara mamba, qərbi yaşıl mamba və Ceymson mambasının zəhərinin iki fərqli mexanizmlə təsir göstərdiyini aşkar edib.

Birinci komponent - əzələləri zəiflədən və sinir impulslarını bloklayan “sakitləşdirici” iflic yaradır. Mövcud qarşızəhərlər məhz bu təsirə qarşı işləyir.

İkinci komponent - indiyə qədər gizli qalan əsas təhlükədir. Bu toksinlər əzələlərdə, xüsusilə tənəffüs əzələlərində güclü spazm yaradır və onları daimi gərgin vəziyyətdə “kilidləyir”. Nəticədə nəfəs dayanır və ölüm baş verir.

Əvvəllər bu tip spazmatik iflic yalnız şərqi yaşıl mambaya aid edilirdi, lakin yeni araşdırma bunun daha üç növdə də olduğunu göstərdi.

Mövcud antidotlar tam təsir göstərmir

Araşdırmada ən geniş istifadə olunan üç kommersiya zərdabı sınaqdan keçirilib. Heç biri ikinci mexanizmin yaratdığı spastik təsirə qarşı effektiv olmayıb. Bu səbəbdən mamba zəhərindən hər il təxminən 30 min insan dünyasını dəyişir.

Həkimlərin sözlərinə görə, xəstəni xilas etməyin yeganə yolu süni tənəffüs aparatı ilə vaxtında tibbi yardım göstərməkdir. Lakin mambaların daha çox rast gəlindiyi Afrika regionlarında bu cür avadanlıq çox zaman çatışmır.

Yeni həll yolu

Tədqiqatçılar hesab edir ki, mövcud preparatları şərqi yaşıl mamba toksinlərinə qarşı anticisimlərlə gücləndirmək lazımdır. Bu, antidotu bütün mamba növlərinə qarşı təsirli edə bilər. Amma bunun qiyməti xeyli artıracağı və Afrikada bir çox pasiyentin bu dərmanları ala bilmədiyi vurğulanır.

Alimlər bildirirlər ki, “bütün zəhərlərə qarşı vahid dərman” yaratmaq real deyil. Mambalar təbiətdə insanları yox etməyi deyil, quşları və kiçik canlıları tez iflic edərək ovlamağı hədəfləyən şəkildə təkamül keçirmişdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 618

Oxşar yazılar