"Müharibə başa çatdı, mahnı yaradıcılığım da bitdi" - Şəmistan Əlizamanlı
04 noyabr 2025 10:47 (UTC +04:00)

"Müharibə başa çatdı, mahnı yaradıcılığım da bitdi" - Şəmistan Əlizamanlı

0

Lent.az hərbi diktor, hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının APA-ya müsahibəsini təqdim edir:

- Şəmistan müəllim, sizi mətbuatda daha çox vətənpərvərliklə bağlı xüsusi günlərdə görürük. Adi günlərdə mətbuatda dərc olunmamağınız sizdə küskünlük yaratmır?

- Mən özüm müsahibədən qaçıram, müsahibə verməyə çox meyilli deyiləm. Ən çox ordu ilə bağlı günlərdə müsahibə verməyə razılaşıram, çünki adam çox görünəndə maraqsızlaşır. Məncə, az-az görünmək daha doğrudur. Yəni, bu vəziyyətdən razıyam, özüm efirdə olmaqdan qaçıram.

Əvvəlki mahnılar əsasən SSRİ dövrü ilə bağlı idi

- Yeni ifalarınız da azalıb.

- Mahnılar ona görə yazılırdı ki, torpaqlarımız işğaldan azad edilsin, ordumuz qələbə qazansın, xalqımız sevinsin. Bu mahnılar qələbəyə xidmət edirdi. Artıq müharibə başa çatıb və mən düşünürəm ki, mənim mahnı yaradıcılığım da həmin müharibə ilə tamamlandı. Mən fəaliyyətə hərbi diktor kimi başlamışdım, daha sonra isə təsadüfən vətənpərvərlik mahnılarını ifa etməyə başladım. O dövrdə belə mahnılara böyük ehtiyac çox olsa da, bizdə demək olar ki, oxuyan yox idi. Çünki yeni müstəqillik qazanmış dövlət idik və əvvəlki mahnılar, əsasən, SSRİ dövrü ilə bağlı idi. Buna görə də yeni ruhlu mahnılar bizə hava-su kimi lazım idi. Təsadüfən ifa etdim, alındı, sonra da bu işi davam elədik ki, ordumuzda ruh yüksəkliyi yaradaq, vətənpərvərlik təbliğatını gücləndirək, belə mahnılar əsgər üçün mənəvi qida idi. Artıq müharibə başa çatıb, ordumuz möhtəşəm qələbə qazanıb xalqımızı sevindirdi, Allah şəhidlərimizə rəhmət eləsin.

-Vətənpərvərlik mövzusunda ifaların müharibə bitdikdən sonra da davam etməsi daha yaxşı olmazmı?

- Əlbəttə, bu mahnılar davamlı olmalıdır, çünki vətənpərvərlik hər zaman vacibdir. Yeni nəsil gəlir, onlar yazır və bu ənənəni davam etdirirlər. Bizim dövrümüz isə bu müharibə ilə başa çatdı.

- Diktorluq fəaliyyətinə necə başladınız?

- Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirmişəm. Sonra müəllimlərim dedilər ki, səsin mikrofona düşən səsdir, bu istiqamətdə davam et. Daha sonra, 1986-cı ildə Dövlət Radiosunda diktor kimi fəaliyyətə başladım. Üç aydan sonra məni Moskvaya ixtisasartırma kursuna göndərdilər, oranı da fərqlənmə diplomu ilə bitirib geri qayıtdım.

Hiss edirdim ki, kino çəkilişləri zəifləyib

- Son vaxtlarda aktyor kimi fəaliyyətiniz də oldu.

- 2019-cu ildə Türkiyədə yayımlanan “Diriliş Ertuğrul” serialında aktyor kimi 4 bölümdə çəkilmişəm. Bu yaxınlarda isə “Mehmed: Fetihler Sultan” filmində mənim iki ifam səsləndi.

- Niyə aktyor kimi fəaliyyətinizə davam etmədiniz?

- Bilirsiniz, mən universiteti bitirən vaxtlar artıq teatr və kino sahəsi tənəzzülə doğru gedirdi. Həm də müəllimlərim tələbəlik illərindən deyirdilər ki, səndən yaxşı diktor olar, bu sahənin arxasınca get. Mən də hiss edirdim ki, kino çəkilişləri zəifləyib, dövr dəyişib, buna görə diktorluq sahəsini seçdim.

- Sizin diktorluq fəaliyyətinizdə əsas yerləri “AND” verilişi tutur. O verilişin yayımı niyə dayandı?

O vaxt biz onu təklif verib yaratmışdıq, çox maraqlı idi. O dövrdə ona ehtiyac var idi.

- Sonradan ehtiyac olmadı?

- Bilirsiniz, mən üzərimə düşən işləri həmişə yüksək səviyyədə yerinə yetirməyə çalışmışam. Məsuliyyətimə də bunlar daxil idi.

Mən də məcbur oldum ifa etdim

- Məşhur “Cənab leytenant”ı necə oldu ifa etdiniz?

- 1993-cü ildə Ağdərədə təsadüfən Milli Qəhrəman Yusif Mirzəyevlə tanış oldum. Sonra bu tanışlığımız dostluğa çevrildi. Bir müddət sonra səhhətimdə problem yarandı və təsadüfən Yusiflə eyni xəstəxanada, eyni palatada müalicə aldıq. Həmin xəstəxananın həkimi Şahin Musaoğlu tez-tez bizim yanımıza gəlirdi. Bir dəfə dedi: “Belə bir mahnı yazmışam”. Mahnı Yusifin çox xoşuna gəldi. Bu mahnı “İgid əsgər, möhkəm dayan” idi. Sonra onlar bu mahnı üzərində işləməyə başladılar, müzakirə etdilər. Mən də zarafatla Yusifə dedim ki, mahnı sənin xoşuna gəlibsə, onu mən ifa edəcəyəm. Yusif şəhid olandan sonra onun haqqında veriliş hazırladıq. Orada dostlarımız bu söhbətdən danışdılar və dedilər ki, mahnını sən ifa etsən, yaxşı olar. Mən də məcburən ifa etdim. Amma mahnı uğurlu alındı, mətbuat da bu barədə yazdı. Sonra da davam etdim, amma səbəbkar Yusif idi.

- Özü dinləyə bilmədi...

- Yox, özünə dinləmək qismət olmadı.

Yusif şəhid olmasaydı, bəlkə mən o mahnını ifa etməyəcəkdim

- Şahin Musaoğlunun adını qeyd etdiniz, onun peşəsi həkimlikdir. Siz isə diktorluqla məşğulsunuz, amma musiqi sahəsində peşəkar iş ortaya qoya bildiniz. Bunun sirri nədir?

- Mənim Yusiflə tanışlığım, Şahin Musaoğluyla xəstəxanada qarşılaşmağımız, hamısı Allahın işidir. Şahini əvvəldən tanıyırdım, amma onun mahnı yaradıcılığının olduğunu bilmirdim. Yusif şəhid olmasaydı, bəlkə mən ifa etməyəcəkdim, ona söz verdiyim üçün ifa etdim ki, ruhu şad olsun. Bütün bunlar Allahın işidir. Nə Şahinin, nə də mənim musiqi təhsilimiz var idi, bizi dövr üzə çıxartdı. Həmin mahnılar sadə dildə yazılırdı, səmimi idi. Bizim bir yerdə cəm olmamız isə çox qəribə idi.

- Musiqidən tamam uzaqlaşmısınız?

- 44 günlük müharibə zamanı bir xeyli mahnı yazdım. Təbii ki, dövlət tərəfindən sifarişlər də olurdu. Ola bilər, yenidən hər hansı musiqi xoşuma gəlsin, ifa edim, amma əvvəlki stimul artıq yoxdur. Torpaqlarımızın işğal altında olması məni bu mahnıları ifa etməyə vadar edirdi. Mahnıların təsir gücünü bilirdim, ona görə də gecə-gündüz bu mahnılar barədə düşünürdüm.

Bu qədər möhtəşəm bir qələbənin mütləq marşı olmalıdır

- İfa etmək istədiyiniz mahnı qalıb?

- Çox istəyərdim ki, qələbəmizi özündə əks etdirən marş ifa edim. Bununla bağlı müraciət də etmişəm, amma hələ ki o şeiri tapa bilmirəm. Bu qədər möhtəşəm bir qələbənin mütləq marşı olmalıdır.

- Müharibənin içində olmağınız ifalarınızın uğurlu alınmağına təsir edir?

- Təbii ki, mən müharibənin içindəydim, o ab-hava ifa ediləndə səslə bərabər mahnılara hopur. Müharibənin içində olduğum üçün onu hiss edib ifa etməyə çalışmışam. O mahnılardan barıt qoxusu gəlir. Elə mahnılar olub ki, Şahin Musaoğlu onun ritmini bir az sürətli yazıb, mən isə səs tembrimə və imkanlarıma uyğun olaraq tempini azaltmışam. Çünki əsgər dinləyərkən düşünməlidir. Əlbəttə, bu mənim yanaşmamdır.

- Vətənpərvərlik mövzularında çalışdığınız üçün bəzən çəkindiriciliklə qarşılaşırsınızmı?

- Mənə təklif edilən mahnıların sözlərini diqqətlə nəzərdən keçirirəm. Elə sözlər olub ki, onları demişəm dəyişiblər. Sözlər mütləq nəzərə alınmalıdır. Bəzi mahnılarda sözlər kədərli olub, biz isə onları daha nikbin hala gətirmişik.

Foto - Rüfət Mustafayev ©️ APA GROUP

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 612

Oxşar yazılar