Hazırda ölkənin kirayə mənzil bazarına tələbat artıb. Xüsusən də, bölgələrdən işləmək üçün Bakıya yüksək səviyyədə axının olması və yaxın günlərdə ali təhsil ocaqlarında ikinci semestrin başlaması kirayə mənzillərə marağı daha da artırır.
Mövzu ilə bağlı Lent.az-a münasibət bildirən daşınmaz əmlak üzrə ekspert Anar Nəsirov son üç ildə qiymətlərin 50 faiz bahalaşdığını söyləyib. Ekspertin sözlərinə görə, 250-550 manat arasında olan evlər ölkənin kirayə mənzil bazarının 60 faizini təşkil edir. Anar Nəsirov hazırda qiyməti 300 manatla 600 manat arasında olan mənzillərin daha çox bahalaşdığını deyib. O bildirib ki, pilot layihələr çərçivəsində sökülmüş mənzillərin sakinləri həmin evlərdə yerləşdiriliblər. Bu da qiyməti 300-600 manat arası olan kirayə evlərə tələbatı artırır və bazarda bahalaşmaya gətirib çıxarır.
Anar Nəsirov həmçinin turistlərin də həmin evlərə daha çox maraq göstərməsinin qiymət artımına səbəb olduğunu bildirib. Ekspert bundan əlavə, 600 manatdan baha olan kirayə mənzillərə tələbatın az olmasından da danışıb.
Pilot layihələrin yekunlaşması ilə kirayə mənzillərin təkrar bazara qayıdacağını deyən Anar Nəsirov, 2020-ci ilin sentyabrında qiymətlərin ucuzlaşacağını dilə gətirib.