Şəkərli diabetə yoluxan uşaqların sayı artır - Həkimdən TÖVSİYƏLƏR
07 iyun 2021 19:26 (UTC +04:00)

Şəkərli diabetə yoluxan uşaqların sayı artır - Həkimdən TÖVSİYƏLƏR

Son illər uşaqlar arasında endokrinoloji xəstəliklərdən əziyyət çəkənlərin sayı çoxalıb. Aparılan müşahidələr onu deməyə əsas verir ki, uşaqlarda ən çox şəkərli diabet xəstəliyi aşkar olunur, valideynlər uşaqlarında çəkinin artmasından və piylənmə prosesinin sürətlə getməsindən şikayətlənirlər.

Lent.az məlumat verir ki, uşaqlarda bu xəstəliklərin hansı səbəbdən yaranması və onları qorumağın yolları barədə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Uşaq pulmonologiya, allerqologiya və endokrinologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Gündüz Əhmədov öz tövsiyələrini verib. Şöbə müdirinin sözlərinə görə, endokrinoloji xəstəliklərə təkcə böyüklərdə deyil, uşaqlarda da rast gəlinir:

"Təsnifatına görə, endokrinoloji xəstəliklər arasında uşaqlarda ən çox rast gəlinən şəkərli diabetdir. Endokrin sistemdə uşaqlar arasında bu tipli xəstələrin sayı daha çoxdur. Bu xəstəliyin yaranmasının səbəblərindən biri irsi, genetik faktordur. Belə ki, kimin ailəsində şəkər xəstəsi varsa, artıq o, həmin xəstəliyin bir daşıyıcısıdır. Bu da nə vaxtsa nəsildə özünü büruzə verməlidir”. 

Diabet xəstəliyinə gənc və orta nəsil arasında daha çox təsadüf edildiyini deyən G.Əhmədov onların hər il lazımi müayinələrdən keçmələrinin vacibliyini vurğulayıb. Valideynlərə məsləhət görüb ki, uşaqlarının artıq çəki yığmaması, piylənmə ilə üzləşməməsi üçün qida rejiminə fikir versinlər:

“Məlumdur ki, pandemiya uşaqlarda oturaq həyat tərzi yaradıb. Hərəkətlə bağlı məhdudiyyətlər onlarda piylənmə və artıq çəkinin yaranmasına səbəb olur”. 

Şöbə müdiri Bakı şəhər 6 saylı uşaq xəstəxanasında qeydiyyatda olan şəkərli diabet xəstələrinin statistikası barədə də açıqlama verib. Onun sözlərinə görə, 1997-ci ildə aparılan araşdırma zamanı aşkar olunan diabetli xəstələrin sayı 15 olub. 2007-ci ildə 74, 2020-ci ildə isə 255 xəstə. Say artımının başlıca səbəbi kimi, həkim uşaqlarda psixoloji gərginliyin olmasını qeyd edib. 

Şöbə müdiri maraqlı bir fakt da açıqlayıb. Araşdırma zamanı bəlli olub ki, diabetli oğlan uşaqları qızlardan daha çoxdur. Həkim bunun səbəbini dünyaya gələn oğlanların sayının daha çox və onların genetikasının qızlardakından fərqli olması ilə izah edib. Bildirib ki, qızlar oğlanlarla müqayisədə özlərində topladıqları stressi daha asan ata bilirlər:

“Uşaqlar arasında ən çox rast gəldiyimiz problem artıq çəkinin olması və piylənmədir. Piylənmə təkcə diabet deyil, onkoloji xəstəliklər də yaradır. Qız uşaqlarında piylənmənin olması gələcəkdə döş vəzində onkoloji xəstəlik yarada, eləcə də ana olmaq qabiliyyətinə mənfi təsir göstərə bilər. Uşaqlar arasında bronxial xəstələrin sayının artması, oynaqlarında problemlərin, qaraciyərlərində piy hepatozunun yaranması da onlarda artıq çəkinin, piylənmənin müşahidə edilməsi ilə əlaqədardır”. 

G.Əhmədov 12 yaşadək uşaqlarda piylənmənin qarşısını almaq üçün hansısa dərman vasitələrinin olmadığını diqqətə çatdırıb. Bildirib ki, bu səbəbdən valideynlər uşaqların qidalanmasına ciddi fikir verməli və açıq havada gəzmələrinə şərait yaratmalıdırlar:

“Meyvə-tərəvəzdən çox istifadə etsinlər və yeməklərin arasındakı vaxtlarda onlara şirniyyat və digər un məmulatları verməsinlər. Bu məsləhətlərə əməl olunarsa, uşaqlarımızı gələcəkdə üzləşəcə biləcəkləri ağır xəstəliklərdən qorumaq mümkündür”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3828
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar