Onilliklər ərzində minlərlə alim və həvəskar şüurlu həyat növünün aşkar edilməsi ümidi ilə kosmosa nəzər yetirir. Miqyasın böyüklüyünə və ortaya qoyulmuş səylərə baxmayaraq hələki nəsə aşkar etmək mümkün olmayıb.
Lent.az "technote"a istinadən xəbər verir ki, aparılmış yeni tədqiqat çərçivəsində isə NASA mütəxəssisləri bu mövzuda gözlənilməz nəticəyə gəlib çıxıblar.
Bir neçə müddət bundan öncə Kaliforniya Texnoloji İnstitutundan və NASA-nın reaktiv hərəkətlər laboratoriyasından olan alimlər qrupunun irimiqyaslı tədqiqatları barəsində məlumat ortaya çıxmışdı.
Sözügedən tədqiqat hələ 1961-ci ildə təklif edilmiş Dreyk tənliyinə əsaslanır. Bu tənliyə kosmos haqqında müasir bilikləri əlavə edəndən sonra alimlər irimiqyaslı kompüter simulyasiyasını işə sala biliblər. Kompüter simulyasiyası çərçivəsində mövcud olan ekzoplanetlərin və ulduz sistemlərinin sayı, onlardan neçəsinin həyat şəraitini qoruyub saxlaya bilmə ehtimalları kimi faktorlar da nəzərə alınıb.
Bundan əlavə olaraq kompüter simulyasiyasına bir neçə vacib şərt də əlavə edilib. Onların arasında ulduzların təkamülə uğrayan özəllikləri və özünü məhvetmə də var.
Məlum olub ki, yadplanetli sivilizasiya qalaktikanın formalaşmasından 8 milyard il sonra yaranmış ola bilər.
Lakin çox güman ki, texniki tərəqqi şüurlu həyatın məhv olmasına gətirib çıxardıb. “Biz aşkar etdik ki, potensial özünü məhvetmə prosesi qalaktik şüurlu həyat növünün sayına ciddi şəkildə təsir göstərir. Əgər şüurlu həyat özünü Yer kürəsində məhv etmə potensialına sahibdirsə, heç təəccüblü deyil ki, digər yerlərdə şüurlu həyat mövcud deyil” - deyə alimlər qeyd ediblər.
Bu məsələdə bir sıra fərziyyələr də irəli sürülüb. Belə ki, bir ehtimala əsasən digər planetlərdə həyat hələ formalaşmayıb. Bununla yanaşı alimlərin fikirlərinə əsasən yadplanetli sivilizasiya Süd Yolu qalaktikasının mərkəzindən 13.000 işıq ili məsafəsində yerləşir.
Qeyd edək ki, Yer kürəsi qalaktikamızın mərkəzindən 25.000 işıq ili məsafəsində yerləşir.