Qara dəliklər böyük kütləli ulduzların supernova partlayışından sonra öz daxilinə çökməsiylə meydana çıxır.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, daha sonra birləşərək daha böyük kütləli qara dəliklər yarada bilirlər. Albert Eynşteynin Nisbilik Nəzəriyyəsinə görə cisimlərin kütləsi fəza-zaman müstəvisini bükür. Bir cismin kütləsi nə qədər böyükdürsə yaratdığı bükülmə effekti də o qədər çox olur.
Beləliklə, böyük kütləyə malik cisimlər kosmosda bir növ vadi yaradırlar və başqa obyektlər bura yaxınlaşanda vadinin içərisinə düşürlər. Qara dəliklərə yaxınlaşan hər şeyin, kainatın ən böyük sürətinə malik işığın belə buradan qaça bilməməsinin səbəbi budur. Qara dəliyin yaratdığı vadi yaxınlaşdıqca daha çox dikləşir, heç nəyin qaça bilmədiyi bu nöqtəyə isə hadisə üfiqi adı verilir.
Fəza-zaman müstəvisinin bükülməsi uzaqdan baxan birinə görə qara dəliyə yaxın cismin və ya şəxsin yavaşlamış görünməsinə səbəb olur. Qara dəliyin yanındakı şəxs və ya cisim üçün isə bu belə deyil. Kristofer Nolanın Ulduzlararası filmini izləyənlər yaxşı xatırlayar: Qara dəliyin yanında keçən bir il Yerdə 80 ilə bərabər olur. Zaman genişlənməsi adı verilən bu durum nadir hallarda planetimizdə belə hiss olunur. Cazibə qüvvəsindəki dəyişikliyə görə dəniz səviyyəsində vaxt Everest Dağının zirvəsinə görə 1 il ərzində saniyənin milyardda biri qədər daha yavaş irəliləyir. Qısası, bir qara dəliyə yaxınlaşıb yenidən Yerə qayıdaraq zamanda səyahət etmək nəzəri olaraq mümkündür.
Məşhur populyar-elmi jurnal olan Astronomy-də dərc olunan bir yazıda təkcə gələcəyə yox, keçmişə belə getmək mümkündür.
Bir kağızın iki ucunu birləşdirərək halqa yaratdığınızı düşünün. Qara dəliyin fəza-zaman müstəvisini bükməsi oxşar effekt yaradaraq zamanı döngüyə salır. Bu döngünün və ya halqanın içərisinə girməyə nail olan şəxsin gələcəkdə başlayıb keçmişdə bitən döngüyə girəcəyi güman edilir. Lakin bu ssenaridə sadəcə qara dəliyin mövcud olduğu zamana səyahət edilə bilər. Yəni, əgər qara dəlik dinozavrların yaşadığı dövrdə hələ də formalaşmayıbsa, bu dövrə getmək mümkün deyil.
Nəzərə almaq lazımdır ki, bütün bunlar nəzəri olaraq ediləcək şeylərdir. Qara dəliyin zaman döngüsünə girmək üçün hadisə üfiqini aşmaq lazımdır və buna işıq belə nail ola bilmir. Alimlərin fikrincə, kainatın əsas qanunlarına görə işıqdan daha sürətli hərəkət etmək mümkünsüzdür.
Və eləcə də bu nöqtədə cazibə qüvvəsi sıxlaşır və spagetti deyilən bir effekt cisimləri vermeşil dənəsi kimi uzatmağa başlayır. NASA düşünür ki, qara dəliyin yaxınlığındakı maddə spagettiləşə bilər, isinə bilər, sıxıla bilər, düzləşə bilər və ya parçalana bilər. Lakin bu maddə hadisə üfiqini keçib qara dəliyin içinə düşən zaman başına nə gəlir hələ ki, bilmirik.