Ən məşhur sənət əsərlərindən olan “Mirvari sırğalı qız” tablosunu mütəxəssislər “Hirox 3D” adlı mikroskopdan istifadə edərək 10 giqapikel keyfiyyətli foto formatında rəqəmsallaşdırıblar.
Lent.az “technote”a istinadən xəbər verir ki, mütəxəssislər tablonun 4 mikron ölçüyə kimi yüksək detallı 9100 ədəd fotosunu çəkiblər.
Bu, tablonun üzərindəki hər bir rəng damcısını və çatları incələməyə imkan verir. Bu cür yüksək detallı foto tablonun bərpa olunmasında çox köməklik edəcək. Belə ki, sözügedən foto əvvəlki səhvləri nəzərə almağa və tablonun çəkiliş tərzi ilə kiçik detallarına zərər verməməyə şərait yaradacaq.
“Hirox 3D” mikroskopu avtomatik rejimdə çalışıb və əldə edilmiş bütün kadrları vahid kətan üzərində birləşdirib. Tablonun bəzi hissələri 3D rejimdə daha yüksək detalizasiya ilə rəqəmsallaşdırılıb. Həmin hissələr üçün isə hər bir piksel 1.1 mikrona bərabər olub. Nəticədə mütəxəssislər xüsusi sayt yaradıblar və istifadəçilər həmin saytda tabloya adi rejimdə və 3D rejimdə baxa bilərlər. Detallı baxış zamanı çatlar və işıq keçidlərindən əlavə rənglərin qalınlığını görmək olar. Adi baxış zamanı bu cür detalları seyr etmək qeyri mümkündür.
Qeyd edək ki, əsər çox zaman Hollandiyanın Mona Lizası adlandırılır.
Tablo təqribən 1655-ci ildə rəssam Yan Vermir tərəfindən çəkilib. Həmin vaxtdan bugünə kimi tablonun səthində çoxlu sayda çatlar yaranıb.