Quba rayonunun Qonaqkənd qəsəbəsi yaxınlığında ayı heyvan otaran Quba sakininə hücum edib.
Lent.az APA-ya istinadən xəbər verir ki, rayonun Vladimirovka kənd sakini Azər İskəndərov xırdabuynuzlu heyvanları yaylaqda otararkən yırtıcı heyvanın hücumuna məruz qalıb. Ayı onu yerə yıxaraq xəsarətlər yetirib.
Sürüdə olan itlər kişini yırtıcı heyvanın əlindən xilas ediblər. Müxtəlif bədən xəsarətləri alan Azər İskəndərov Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Son dövrlərdə Quba rayonunda təsərrüfatlara ayıların hücum halları artıb. Sakinlərin xırda və iribuynuzlu heyvanları ayılar tərəfindən parçalanıb. İnsanlara xəsarət yetirməsi isə ilk dəfədir müşahidə olunub.