Fərhad Əhmədov  məhkəmədə İFADƏ VERDİ:  DTX-nın tutduğu fransalı biznesmenin işi
16 oktyabr 2025 17:58 (UTC +04:00)

Fərhad Əhmədov məhkəmədə İFADƏ VERDİ: DTX-nın tutduğu fransalı biznesmenin işi

0

Külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunan Fransanın “SAUR” şirkətinin vitse-prezidenti Anass Derrazın barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində dəvət olunan Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov ifadə verib.

O, vəkili Şaiq Mirzəyevin iştirakı ilə verdiyi ifadəsində bildirib ki, hazırda Rusiya vətəndaşıdır, təqsirləndirilən şəxsi tanıyır.

O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiqləyərək deyib: "Keçmiş həyat yoldaşımın əsassız iddiası ilə İngiltərə məhkəməsi yaxtama həbs qoyulmasına qərar verdi. Bununla bağlı Birləşmiş Ərəb Əmirliklərinə məlumat verildi və yaxta beynəlxalq sularda olarkən saxlanıldı.

Anass Derraza bu məsələni danışarkən o, da bu məsələdə Aleksandr Benalla ilə əlaqə yaratmışdı. Onun köməyi ilə beynəlxalq imkanlarından istifadə etməklə yaxtamın üzərinə qoyulan həbs götürülməli idi. Bununla bağlı söhbətlər əsasında işin görülməsi üçün 6 milyon 140 min dollar lazım olduğunu dedilər. Üçtərəfli müqavilə bağladıq və bu işin görülməsi üçün ilkin olaraq 600 min dollar köçürülməli idi. Həmin puldan 400 min Aleksandr Benallanın, 200 min Derrazın hesabına öz şəxsi bank hesabımdan köçürmə etdim. Amma onlar öz öhdəliklərini icra edə bilmədilər".

F.Əhmədov əlavə edib ki, daha sonra DTX-də Anass Derrazın ifadəsi alınıb: "Mən də izahat verdim. Burada dələduzluq, aldatma var. Başqa cür deyim ki, rüşvət də ola bilər. Derraz həmişə söhbətdən qaçırdı. Deyirdi ki, pulu qaytaracam. Mənim Göyçayda nar plantasiyalarım var, camaat orada 6-7 saata 20 manat pul alaraq çalışır. Bunlar isə 600 min dollar alıb heç nə etməyiblər. Bu pulu niyə qaytarmırsız?".

Sualları cavablandıran Fərhad Əhmədov bildirib: "Mən yalnız Derraz ilə söhbət etmişəm. Mənim Aleksandr Benalla ilə əlaqəm olmayıb, onunla görüşməmişəm. Həmin dövrdə Anass Derrazı hüquqşünas kimi tanımışam, onun mühəndis olduğunu bilməmişəm".

Daha sonra Fərhad Əhmədovun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub.

Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib. O, əlavə edib ki, ona qarşı dəymiş ziyan ödənilməyib. Fərhad Əhmədov əlavə edib ki, bununla bağlı başqa heç yerdə hər hansı bir iddia qaldırmayıb.

Proses noyabrın 6-da davam edəcək.

Qeyd edək ki, ittihama görə, DTX tərəfindən istintaqı aparılan cinayət işi üzrə Fransa prezidentinin mühafizə xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz 2018-ci ildə Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.

Həmin iş üzrə əvvəllər xarici və yerli mətbuatda dərc edilmiş məqalələrdə qeyd edilir ki, adıçəkilən şəxslər Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli “Luna” yaxtasının beynəlxalq həbsdən azad ediləcəyini, özünün sanksiyalardan qorunacağını vəd ediblər.

Məlumatlara əsasən, F.Əhmədov milyonlarla dollarlıq rüşvətin bir hissəsini Anass Derrazın “AL HILAL BANK”-dakı hesabına və Aleksandr Benallanın “BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”-dakı hesabına köçürüb.

Məlum olmayan formada istintaqın əlinə keçən A.Derraz Azərbaycanda məsuliyyətə cəlb olunaraq ölkədən çıxışına qadağa qoyulub, A.Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlı İNTERPOL-a müraciət olunub.

Anass Derraza AR Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan olunub.

Onun barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 524

Oxşar yazılar