İstanbul Baş Prokurorluğu “Can Holding” işi üzrə istintaq aparıb, 35 nəfər, o cümlədən holdinqin idarə heyətinin sədri Kenan Tekdağ barəsində həbs qərarı verilib.
Lent.az Türkiyə mediasına istinalda xəbər verir ki, istintaq üzrə saxlanılan şəxslərə mütəşəkkil cinayət təşkilatı qurmaq, böyük miqyaslı dələduzluq, vergi qanunvericiliyinə zidd hərəkətlər, yanacaq qaçaqmalçılığı və cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması kimi ittihamlar irəli sürülüb.
Baş Prokurorluğun açıqlamasında bildirilir ki, “Can Holding”ə daxil olan enerji, texnologiya və istehlak malları sahəsində fəaliyyət göstərən şirkətlər saxta fakturalar tərtib etməklə vergi qaçaqçılığı edib və bu yolla qeyri-qanuni qazanc əldə ediblər. Cinayət sxeminin əsasən “qeyri-rəsmi faktura zənciri” üzərindən həyata keçirildiyi, yanacaq qaçaqmalçılığı ilə birbaşa əlaqəsinin olmadığı qeyd olunub.
Araşdırma zamanı müəyyən edilib ki, bu maliyyə əməliyyatları daha əvvəl fərqli kommersiya adları altında davam etdirilib və şirkətlərin idarə heyətlərində eyni şəxslər təmsil olunub.
İstintaqın ikinci mərhələsində “Binsat Holding”in rəhbərləri Arafat Bingöl və Cengiz Bingöl, Bilgi Universitetinin sabiq rektoru Remzi Sanver, eləcə də “Can Holding”in sahiblərindən Şakir Can və Murat Canın həyat yoldaşları Betül Can və Zühal Can daxil olmaqla ümumilikdə 26 şübhəli saxlanılıb.
Əməliyyat zamanı şübhəlilərin əmlaklarına həbs qoyulub, çox sayda elektron daşıyıcı, sənəd və qiymətli əşyalar ələ keçirilib.
Hazırda 3 şübhəlinin ölkə xaricində olduğu, daha 6 nəfərin isə axtarışının davam etdiyi bildirilib.