Tesla şirkətinin səhmlərinin qiymətlərinin yüksəlməsi səbəbilə Elon Maskın sərvəti 185 milyard dolları keçib.
Lent.az “technote”a istinadən xəbər verir ki, Mask dünyanın ən varlı şəxsləri siyahısında uzun illər liderliyini qorumuş Jeff Bezosu (sərvəti 184 milyard dollar) geridə qoyub.
2020-ci ilin əvvəlində Maskın sərvəti 27 milyard dollar dəyərində qiymətləndirilirdi.
Lakin son 12 ay ərzində onun sərvəti Bill Geytsin sahib olduğu sərvəti (132 milyard dollar) keçib.
Tesla şirkətinin səhmlərinin qiymətləri 2020-ci ilin əvvəli ilə müqayisədə 8.5 dəfə artıb. Şirkətin bazar dəyəri isə 737 milyard dollar dəyərindədir.
Qeyd edək ki, bir neçə müddət bundan öncə Tesla keçən ilin illik plan hesabatını təqdim etmişdi. Beləliklə şirkət 2020-ci il ərzində yarım milyon elektromobil istehsal edib.
Şirkət maliyyə nəticələrini daha sonra təqdim edəcəyini bildirib.
Mask isə bütün bu olanlara “Twitter” hesabında belə reaksiya verib: “Çox qəribədir. İşə davam”.